Yevda Abramov Libermanın Azərbaycana səfərindən DANIŞDI
Bizi izləyin

Nida.az

Yevda Abramov Libermanın Azərbaycana səfərindən DANIŞDI

Yevda Abramov Libermanın Azərbaycana səfərindən DANIŞDI

Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov İsrailin Xarici İşlər naziri Aviqdor Libermanın aprelin 30-da Azərbaycana edəcəyi səfərini şərh edib.

Y.Abramov publika.az-a açıqlamasında deyib ki, İsrailin hökumət nümayəndələri Azərbaycana hər zaman əhəmiyyətli məsələ üçün səfər edirlər: “Bu səfəri Cənab Prezidentin İrana səfərinə atılmış cavab addımı kimi qiymətləndirmək doğru deyil. Vallah, Libermanın Azərbaycana səfəri hələ bu ilin əvvəlindən planlaşdırılırdı. Bu mətbuata məlum olmasa da, ancaq mən bu səfər barədə yeni il vaxtı bilirdim. Heç o vaxtı İran səfəri planda yox idi. Bu səfərin İranla heç bir əlaqəsi yoxdur. Bilirsiniz ki, İsrail ilə Azərbaycan arasında çox isti münasibətlər mövcuddur. İsrail ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni və dostluq əlaqələri mövcuddur. Ona görə də bu səfər planlaşdırılıb. İnşallah, Liberman Azərbaycana gəlib Bakıda önəmli görüşlər keçirəcək”.

Xatırladaq ki, İsrailin Xarici İşlər Naziri Aviqdor Liberman aprelin 30-da Bakıya səfər edəcək. Bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, A.Libermanın rəhbərlik edəcəyi nümayəndə heyətinin Bakıya planlaşdırılan səfəri hazırlıq mərhələsindədir. Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın ali rəhbərliyi ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar və müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərinin, habelə Azərbaycanla İsrail arasında gediş-gəlişin asanlaşdırılması kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Danışıqlarda həmçinin beynəlxalq siyasətlə bağlı problemlərə toxunulacağı bildirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm