"Azərbaycan ordusu güclənir" - Rusiya nəşrinin təhlili
Bizi izləyin

Nida.az

"Azərbaycan ordusu güclənir" - Rusiya nəşrinin təhlili

"Azərbaycan ordusu güclənir" - Rusiya nəşrinin təhlili

Malayziyada Azərbaycan istehsalı olan silahların da nümayiş edildiyi beynəlxalq sərgi dünən öz işinə başlayıb. 55 ölkənin 830 şirkətinin iştirak etdiyi sərgidə ölkəmiz zəngin stendlə təmsil olunur. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 132 adda silah-sursat nümayiş etdirəcək.

Müdafiə Sənayesi naziri Yavər Camalov ANS-in Malayziyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında əsas məqsədin Azərbaycanda istehsal olunan məhsulları dünya bazarına çıxarmaq, aparıcı ölkələrlə əməkdaşlıq etmək olduğunu bildirib. Nazir həmçinin müasir texnologiya və avadanlıqları Azərbaycana gətirməklə, yeni müdafiə təyinatlı məhsullar istehsal etmək istədiklərini deyib.

Ermənistan gücümüzü gördü

Qeyd edək ki, Ermənistan bu sərgidə müşahidəçi kimi çıxış edir. Bu fakt isə Azərbaycanın gücünün açıq ifadəsidir.

Azərbaycan müdafiə sənayesinin beynəlxalq sərgilərdə uğurla təmsil olunmasının nəticəsidir ki, ölkəmiz ilk dəfə olaraq, bu ilin sentyabrında bu tipli sərgiyə ev sahibliyi edəcək.

Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan son illər xaricdən silah alınmasına böyük vəsaitlər xərcləməklə yanaşı, özünün müdafiə sənayesini də inkişaf etdirir. Azərbaycanın ordu quruculuğunda gedən müsbət inkişaf xarici mətbuatın da diqqətindən qaçmır.

Dünya Silah Ticarəti Analiz Mərkəzinin (SAMTO) məlumatlarına görə, ötən il Azərbaycan silahlanmaya 1 milyard 257 milyon dollar xərcləyib və bu silahlanma üzrə dünyada 15-ci yerdir.

Publika.Az –ın verdiyi xəbərə görə, “Nezavisimaya qazeta” Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumunu və Azərbaycanın hərbi imkanlarını qiymətləndirib. Qəzet Azərbaycanın hərbi büdcəsinin artması və milli müdafiə sənayesinin inkişafına diqqət ayırıb.

Yazıda Ermənistanın Dağlıq Qarabağ probeminin həllində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ümid etdiyi bildirilir. Həmin yazını oxuculara təqdim edirik.

“Bizim aydın gələcəyimiz var”

Bakı son dörd il ərzində silaha 3 milyard 375 milyon dollar xərcləyib. Bu göstəricilər həm də mübariz ritorika ilə müşayiət olunur. Azərbaycan aktiv hərbi təlimlərlə niyyətini açıq şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi ilə bağlı keçirilən paraddakı çıxışında Azərbaycan siyasətinin tezisləri toplanmışdı.

Birincisi, Bakı ildən-ilə artan hərbi büdcə ilə fəxr edir. Rəsmi məlumatlara görə, əgər 2003-cü ildə hərbi büdcə 163 milyon dollar idisə, keçən il bu rəqəm 3,7 milyard dollar təşkil edib. Azərbaycan prezidenti qeyd edib: “Bu da öz-özlüyündə göstərir ki, ordunun gücləndirilməsi prioritet məsələdir. Bundan sonrakı illərdə də hərbi xərclər ümumi büdcədə əsas yeri tutacaq”. O, istehza ilə Ermənistanın dövlət büdcəsinin təxminən 2 milyard dollar təşkil etdiyini deyib: “Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini iki dəfə üstələyir. Ölkəmiz hər gün güclənir, Ermənistan isə daha da zəifləyir. Bizim iqtisadi gücümüz onlarla müqayisəedilməz ölçüdə artır. Biz bütün sahələrdə düşməni qabaqlayırıq, bəzi sahələrdə bu fərq on dəfə çoxdur və daha da artacaq. Çünki bizim aydın gələcəyimiz, perspektivlərimiz var”.

İkincisi, hərbi büdcənin əsas hissəsi hərbi istehsala və xaricdən yeni hərbi texnikanın alınmasına yönəldilib. Prezident İlham Əliyev deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına qədər bu davam edəcək”.

Onun sözlərinə görə, Azərbaycan XXI əsrin müharibələrində aparıcı rolu texnologiya və biliyin oynadığını nəzərə alır. Azərbaycan son illərdə təxminən yüz ədəd döyüş və nəqliyyat vertolyotu, onlarla döyüş təyyarəsi, hava hücumundan müdafiə sistemləri, zirehli texnika, ən müasir artilleriya sistemlərini əldə edib. Azərbaycan Ali Baş Komandanı hərbi paradda qeyd edib ki, burada Azərbaycan ordusunun malik olduğu silahların kiçik bir hissəsi nümayiş etdirilir.

İlham Əliyev generalitet və ordu qarşısında çox aydın məsələlər qoyur: “Azərbaycan müharibə şəraitində yaşayır. Müharibənin yalnız birinci mərhələsi başa çatıb. Azərbaycan ordusu istənilən vaxt işğal edilmiş torpaqları azad etməyə hazır olmalıdır”.

Ali Baş Komandan əmindir ki, Azərbaycan ordusu onun qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. İlham Əliyev ordunun döyüş ruhunu qaldırmaq üçün şəxsən tez-tez hərbçilərlə ünsiyyət saxlayır.

Daxili hərbi istehsal artır

Bakı yalnız xaricdən ən yeni silahlar almır, həm də daxili istehsala xüsusi diqqət yetirir. Rəsmi informasiyaya görə, ölkədə onlarla hərbi zavod işləyir və 750 adda hərbi təyinatlı məhsul, atıcı silahlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, pilotsuz uçuş aparatları və zirehli texnika istehsal edilir. “Yerli istehsalı artırmaqla bağlı böyük planlarımız var. Biz artıq çox güclü hərbi sənayeyə malik ölkəyik. Azərbaycanın hərbi məhsulları dünya sərgilərində nümayiş etdirilir. Bizim ixracat imkanlarımız böyüyür”, - deyə İlham Əliyev bildirib.

Hərbi zavodların qurulması üçün Almaniya, ABŞ, İsveçrə, Avstriya, İtaliya, Ukrayna, Türkiyə, Çin, Rusiya, Belorus və Cənubi Koreyadan texnoloji avadanlıqlar alınıb. Müdafiə sənayesinin sürətli inkişafı hökumətin yalnız iqtisadi və investisiya proqramlarında deyil, həm də ölkənin milli təhlükəsizlik konsepsiyasında ən əhəmiyyətli prioritetlərdəndir.

Dağlıq Qarabağ münaqişəsinin ən sürətli şəkildə həlli yeganə məqsəd deyil. Bakı burada üçtərəfli məqsəd güdür. Birincisi, ən yaxşı dünya şirkətlərinin köməyi ilə müasir maddi baza formalaşdırılır, xarici təchizatçılardan asılılıq azaldılır. İkincisi, yeni iş yerləri yaradılır və bu da milli iqtisadiyyatın inkişafına pozitiv təsir göstərir. Nəhayət, ölkənin hərbi-ixracat potensialı güclənir, Azərbaycan istehsal etdiyi silahları dünya bazarına çıxarır. Bakı hesab edir ki, bütün bunlar ölkəyə Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təminatında daha aktiv rol rol oynamağa imkan verir.

Azərbaycan 2006-cı ildə 43 adda hərbi təyinatlı məhsul istehsal etdiyi halda, 2010-cu ildə bu göstərici 413 olub. Müdafiə Sənayesi Nazirliyi ordunu döyüş sursatları ilə tamamilə təmin etməyə başlayıb. Müdafiə sənayesi 2011-ci ildən tanklar və artilleriya topları üçün döyüş sursatlarının istehsalına başlayıb. 2012-ci ildə “AK-74”ün müasirləşdirilmiş versiyasının istehsalına başlanıb. Ümumiyyətlə, vertolyotlar və tanklar üçün nəzərdə tutulmuş böyuk kalibrli döyüş sursatları da daxil olmaqla, 700 adda məhsul istehsal edilir.

Azərbaycanın hərbi istehsalı böyük beynəlxalq sərgilərdə də görünməyə başlayıb. Əgər IDEF-in 2009-cu il İstanbul sərgisində Azərbaycan 27 adda hərbi məhsulla çıxış etmişdisə, 2012-ci ilin noyabrında İndoneziyada keçirilən sərgidə 125, Türkiyədə keçən ilin mayında keçirilən sərgidə artıq 130 adda hərbi məhsul nümayiş olundu. Azərbaycan tarixdə ilk dəfə- 2014-cü ilin sentyabrında ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisini keçirməyi planlaşdırır.

Prezident İlham Əliyev əminliyini ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. O, yalnız Dağlıq Qarabağ və onun ətrafındakı rayonların deyil, həm də indiki Ermənistan ərazisinin Azərbaycanın tarixi torpaqları olduğunu deyir: "Azərbaycan dövləti və xalqı öz torpaqlarında heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm