Nurəddin Məmmədli də TT oldu, Faik Tunay da...
Bizi izləyin

Nida.az

Nurəddin Məmmədli də TT oldu, Faik Tunay da...

Dünən işə çatar-çatmaz Facebook sosial şəbəkəsindəki hesabıma gənc dostlarımın gülüş işarəsi ilə göndərdikləri ismarıcı açmalı oldum. AXCP sədrinin müavini Nurəddin Məmmədli ciddi-ciddi yazıbmış ki, bəs sən demə, əgər Ukraynanın siyasi xadimləri Əli Kərimlinin sözünə vaxtında baxsaymışlar, indi ölkə parçalanmaq durumunda qalmazmış.

Virtual aləmin cələkəsən çocuqları Məmmədlinin bu sözünü göydə tutub haştaq açıblar, AXCP rəhbərlərini məsxərəyə qoyurlar.

Təbii ki, Nurəddin Məmmədlinin AXCP sədrinin dünyanın ən ağıllı, ən uzaqgörən, ən qətiyyətli siyasətçisi saymağa və bu düşüncəsini bölüşməyə haqqı var.

Nurəddin Məmmədlinin bu dəyərləndirməsi ilə cavanların ən yaxşı halda “mırt tutacağı”nı öncədən görməmək üçün ancaq və ancaq Nuraddin Məmmədlinin özü olmaq lazımdır.

Zira, el-aləmi qoyaq bir qırağa, heç AXCP-nin dərdini çəkməyək, hesab edək ki, Elçibəy kimi xarizmatik və idealist bir liderin ölümündən sonra dəli-dolular, ipə-sapa yatmayanlar partiyadan getməliydi, bəlkə də, elə getmələri yaxşı idi.

Adamdan soruşmazlarmı ki, madam bu qədər barışdırıcı, birləşdirici, tədbirli, çevik, qətiyyətli idin, “Yurd”unda niyə daş üstdə daş qalmayıb? Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Asim Mollazadə hazırda parlamentdə mikrafondan ən çox istifadə edən deputatlardır.

Qulamhüseyn Əlibəyli, Əliməmməd Nuriyev, Əli Mustafayev, Fuad Mustafayev bir zamanlar Azərbaycanda meritokratik gələcək üçün ən samballı fiqurlar sayılırdı, indi onları mollakratik düşüncəlilər əvəzləyib. Hafiz Həsənli, Mirəli Hüseynov, Abil Bayramlı, Ərəstun Orucov sayaq QHT sektorunda çoxsaylı layihə rəhbərləri məhz Əli Kərimlinin arxasındaydılar.

Gündüz Tahirli, Bahəddin Həziyev, İsrail Musayev, İbrahim Məmmədov, Nəsib İsmayılov, mərhum Mahir Səmədov bilərəkdən adını sadalamadığım onlarla tanınmış imza dəstəkləyirdi Əli Kərimlini. Qorxmaz İbrahimov, Qəzənfər Əhmədli, Nəsimi Məmmədli kimi xalq hərəkatının fədailəri vardı orada. Siyahını uzatmaq, isimlərə nə qədər desəniz artırmaq olar.

Amma bu gün Əli Kərimli bir xeyir-şər məclisinə gedəndə yanında kimlərin qaldığı da görünür... “Satqın”, “xəyanətkar”, “ipiqırıq” yarlıqları yapışmır artıq, sadəcə, Əli Kərimli o qədər adamı yanında saxlamağı bacarmadı...

Sonu?

Haştaq!

***

1981-ci ildə anadan olub. İstanbul millət vəkilidir.

CXP-ni ictimai rəy qarşısında müdafiə edən əsas sözçülərdən biridir. Bir zamanlar ANAP-da təmsil olunurdu. ANAP-ın Gənclər Təşkilatının lideri olmuşdu. “Mən CXP millət vəkiliyəm, amma CXP-li deyiləm” deyir. Sağdan sola transfer edib, bu üzdən.

Amma kimsənin umurunda deyil onun keçmişi. Kimsə “ay satqın” deyib qaralamır onu. Çünki siyasət dinamikliyi sevir.

ANAP-da qalsaydı, indi millət vəkili deyildi. İndi millət vəkili olmasaydı, CXP-nin də sağ düşərgənin səslərinə iddia etməsi çətin olardı. Demək ki, siyasət həm də doğru adamdan doğru məqamda faydalanmağı tələb edir. Onunla dünən danışdım, qəzetimiz üçün müsahibə götürdüm.

Son dərəcə iti məntiqi var, az zamanda maskimum mesaj verməyi, Anadolu türkləri demiş, ikna etməyi ustalıqla bacarır. İngilis, italyan,ispan, xorvat dillərində yüksək səviyyədə danışır. Trabzonsporun Yönətim Qurulunun üzvüdür.

Bu günlərdə CNNtürk-də qatıldığı “Tərəfsiz Bölgə” proqramında AKP-li deputat Mehmet Mətinərlə debatdan sonra vurduğu məntiqi zərbələrlə Türkiyənin sosial şəbəkələrində TT (trend topic) olmuşdu.

CXP-nin gələcək seçimlərdə bəlli bir seçici seqmentini aşa bilməsi onun kimi sağlam düşünən insanlarla bağlı. Faik Tunayı Siz də tanıyın, izləyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm