Mirzə Sakitdən Milli Şura haqda qəribə bənzətmə
Bizi izləyin

Nida.az

Mirzə Sakitdən Milli Şura haqda qəribə bənzətmə

Kənd yerində dəcəl uşaqlar bir-biri ilə dalaşmağa başlayanda yalançı bir “dava” edirlər, həmin dava qansız- qadasız ötüşür. Ancaq arada bir tozanaq qalxır ki, göz- gözü görmür. Azərbaycan müxalifətinin son günlərdəki davası da buna bənzəyir

“AXCP-də sırf diktatura hökm sürür”.Gunxəbər.com hazırda ölkə xaricində yaşayan, öz satirik şeirləri ilə Azərbaycan iqtidarını tənqid edən şair Mirzə Sakit ilə əlaqə saxlayaraq, ona Azərbaycandakı siyasi proseslər barədə suallar verib.

Həmin müsahibəni ixtisarla təqdim edirik:

- Hazırda hansı ölkədəsiniz və nə işlə məşğul olursunuz?

- Hazırda Belçikadayam. Ancaq hələ ki, heç yerdə işləmirəm. Niderland dili kursuna gedirəm. Hələ ki işləməyə icazəm yoxdur.

- Yəqin ki, Azərbaycanda baş verən ictimai-siyasi prosesləri izləyirsiniz. Belçikadan şair gözü ilə baxanda Azərbaycanı necə görürsünüz?

- Bütün prosesləri anındaca izləyirəm. Belçikadan baxanda Azərbaycan ümumiyyətlə, görünmür. Ona görə ki, Azərbaycanda baş verən gərəksiz və səmərəsiz dava- dalaş nəticəsində tozanaq qalxıb. Həmin tozanaqdan da Azərbaycanı görmək mümkün olmur. Kənd yerində dəcəl uşaqlar bir-biri ilə dalaşmağa başlayanda yalançı bir “dava” edirlər, həmin dava qansız- qadasız ötüşür. Ancaq arada bir tozanaq qalxır ki, göz- gözü görmür. Azərbaycan müxalifətinin son günlərdəki davası da buna bənzəyir.

- Sizcə, iki aparıcı partiya nəyin davasını döyür və nəyin uğrunda mübarizə aparırlar? Artıq son olaylardan sonra cəmiyyətin olan-qalan inamı da itib…

- Hər iki partiya əslində, heç nəyin davasını döyürlər. O heç nəyin də adı Milli Şuradır… Adama deyərlər ki, Milli Şuradan öncəki yazıq, o şikəst İctimai Palatanı sağaltmamış Milli Şuranı niyə doğdun? Bəs, bilmirdin ki, doğduğun o Milli Şura da şikəst olacaq?

- Belə çıxır ki, siz Milli Şuranın fəaliyyətini və ümumilikdə, Milli Şuranı heç nə hesab edirsiz?

- “Heç nə” sözünün tərkibində bir “nə” sözü var. Ona görə də, Milli Şuranı bu “heç nə” sözünə aid etmək ədalətsizlikdir. Milli Şuranı ümumiyyətlə, insanların arasında sağlam rəqabət yox, düşmənçilik salan şeytana bənzətmək daha doğru olardı. Ancaq tək Milli Şura yox, illər uzunu müxalifətin yaratdığı qurumların, birliklərin hamısı şeytan xislətli olub. Heç vaxt xalqın bir yerə, bir araya toplaşmasını təşkil edən bir qurum yarada bilməyiblər.

- Belə başa düşdük ki, siz Milli Şuranın fəaliyyətini və ümumiyyətlə, bu qurumu qəbul etmirsiz. Bəs, o zaman təklifiniz nədir?

- Təklifim ondan ibarətdir ki, hər iki partiyanın rəhbərliyi bütün umu-küsüləri kənara atıb, bir-birinə kişi kimi əl versinlər və Xalq Hərəkatı adlı təşkilat yaratsınlar. Amma o təşkilatı yaratmazdan öncə öz daxillərindəki dəli-şoqərib fanatlığın, şəxsiyyətə pərəstişliyin aradan qaldırılmasına çalışmalıdırlar. Öz içində demokratik dəyəri olmayan bir partiya xalqı necə azadlığa çıxara bilər, axı..?

Misal üçün deyim ki, AXCP-də sırf diktatura hökm sürür. Əlbəttə, onlar bu sözü qəbul etməyib, ironiya ilə gülə də bilərlər, ancaq həmin partiya üzvlərinin bir neçəsi ilə yarım saatlıq söhbət etsən, görəcəksən ki, bu adamların hər birinin içində beş dənə Siyavuş Novruzov əyləşib.

- Amma bir zamanlar siz də “öz içində demokratik dəyəri olmayan” AXCP-nin hakimiyyətə gəlməsi uğrunda savaşırdız…

- Bəli, mən o partiyada olmuşam. Ancaq o partiyadan da məhz elə dediyim bu rejimə, sərt üsul-idarəyə görə də istefa vermişəm. Hər gün qəzetlərdə hər iki partiyanın rəhbəri haqda LİDER sözü yazılır. Adama deyərlər ki, mənə dəxli yoxdur, sən bu xalqı ayağa qaldıra bilmirsənsə, onda zəhmət çək, səmimi şəkildə bu LİDER sözündən imtina et! De ki, cənablar, mən bacara bilmədim və bu gündən mənə LİDER deməyin.

- Avropalıların Azərbaycan haqda düşüncələri necədir? Oralardan baxanda biz necə görünürük, rüşvətxor kimi, yoxsa…

- Avropa Parlamentinin məsul nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz olub. Keçən il Avropa Parlamentinin çox yüksək səlahiyyətli şəxsi ilə görüşümüzdə o, açıq-aydın şəkildə dedi ki, Azərbaycan müxalifəti də çox zəifdir. Belə müxalifətlə kim əməkdaşlıq edər?

- Azərbaycana gəlmək planınız varmı?

- Əlbəttə... Mən hər gün Azərbaycana gəlmək istəyirəm. Lakin indi istəsəm də gələ bilmərəm. Çünki mənə burda hələ vətəndaşlıq verilməyib. Vətəndaşlıq alan kimi də dərhal Azərbaycana gələcəyəm.

- Və son olaraq, Azərbaycan xalqına nə arzu edərdiniz?

- Azərbaycan xalqına öz hüquqlarını dərk etmək və öz haqlarını tələb etmək cəsarəti arzulayıram. Əgər, hər bir vətəndaş öz haqqını qorumağı bacarsa, o zaman heç müxalifətə də ehtiyac olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm