• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kremlin Ukraynada “Azərbaycan ssenarisi”: zəmanət kartı axtarılır

  • Nida.az
  • 16 Aprel 2014 13:47
  • 1 032 Baxış
Kremlin Ukraynada “Azərbaycan ssenarisi”: zəmanət kartı axtarılır

Rusiyanın Ukrayna üzərində oynadığı ssenari bizə 20 il öncəni xatırladır. Elə bu üzdən də “Krım Dağlıq Qarabağın taleyini yaşayır” deyə bilərik.

Keçmiş Yanukoviç iqtidarı Avropa İttifaqından imtina etdi, buna etiraz edən avrotərəfdarlar küçələrə çıxdı, uzun bir mübarizədən sonra Yanukoviç taxtdan salındı. Ardınca Rusiya Krıma girdi və bu bölgəni işğal etdi. Mənzərə belə görünürdü ki, Kreml Azərbaycana, Moldovaya və Gürcüstana etdiyini Ukraynaya da edib-çəkiləcək. Yəni ərazilərin bir hissəsini işğal edərək ölkəni özündən həmişə nədəsə asılı vəziyyətdə saxlayacaq. Lakin Moskva durmaq fikrində deyildi və hazırda Ukraynanın Şərqində Donetsk, Xarkov və Luqans vilayətlərində ruspərəsətlər hökumət binalarının ələ keçirərək Kiyevə tabe olmaqdan imtina edir, Rusiyaya birləşmək istədiklərini bəyan edirlər. Kiyev Krımın taleyinə ağladığı vaxt, üç vilayətində eyni hadisələrin baş verməsi Krımı müəyyən mənada arxa plana keçirdi.

20 il öncə, eyni ssenari Cənubi Qafqazda Azərbaycan üzərində oynanılmışdı. Dağlıq Qarabağda çox az sayda yaşayan ermənilər ayağa qalxaraq Ermənistana birləşmək istədiklərini tələb etdi, ardınca erməni hərbi birləşmələri- daha dəqiq desək, ruslar- bu əraziyə girdi, əhalini qırdı, işğalı reallaşdırdı. Amma hücumlar dayanmadı, Dağlıq Qarabağ işğal edilsə də ətrafdakı 7 rayon da hücuma məruz qaldı və işğal altına salındı.

7 rayonun işğalı əslində Dağlıq Qarabağın işğalına zəmanət idi. Belə ki, Azərbaycan torpaqlarını geri istədikdə qarşı tərəf 7 rayonun əvəzinə Dağlıq Qarabağ tələbini ortaya qoyur. 20 ildən artıq davam edən “sülh danışıqları”nda bunun üzərində nala-mıxa vurulur. Rəsmi Bakı torpaqlarının geri istəyir, həmsədrlər bunun mərhələli həll yolunu təklif edir və azadetmə əvvəlcə 7 rayondan başlayır, proses Dağlıq Qarabağa çatanda dalana dirənir. Bu baxımdan “7 rayon Dağlıq Qarabağın işğalına yandırılacaq yaşıl işıqdır” deyə bilərik.

20 il öncə baş verən bu ssenari bu gün Ukrayna üzərində aparılır. Rusiyanın Ukraynanın Şərq bölgəsinə göz dikməsinin əsas səbəbi də Krımın işğalına zəmanət verən kartları əldə etməkdir.

Politoloq Qabil Hüseynli də Publika.Az-a açıqlamasında Ukraynada baş verənlərin vaxtilə Azərbaycan üzərində sınaqdan keçirildiyini deyib. Onun sözlərinəm görə, bu Rusiyanın eyni dəsti-xəttidir: “Lakin burda bir qədər də irəli gedilir və Ukraynanın federallaşması istənilir. Federallaşma isə Ukraynanın Rusiya tərəfindən daha rahat həzm-rabedən keçirilməsi deməkdir. Hesab edirəm ki, Moskva çox riskli oynayır və bu təkcə Rusiya üçün deyil, dünya üçün xeyli çətinlik yaradacaq”.

REAL hərəkatının üzvü Natiq Cəfərli də bildirib ki, Kreml Ukraynada, eyni ilə Azərbaycanda olduğu kimi, “7 rayon” əməliyyatına başlayıb: “Vəziyyəti elə həddə gətirmək istəyir ki, sonda Ukrayna, dünya Putinə, “Anladıq, Krım sənin, şərqi və cənubi Ukraynadan əlini çək”, desin. Amma Putin anlamır ki, indi 90-cı illər deyil, Ukrayna da Azərbaycan deyil. Kreml öz aqressiv siyasəti ilə özünütəsdiq mərəzinə yoluxub. Çox ağır, çox məşəqqətli, ətrafa tez bulaşan mərəzdir”.
N. Cəfərli hesab edir ki, bizi çox gərgin aylar gözləyir, dövlətimiz, dövlətçiliyimiz üçün ciddi imtahanlar verməli olacağıq.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR