Daha iki nəfər siyasi intihar etdi
Bizi izləyin

Nida.az

Daha iki nəfər siyasi intihar etdi

Azərbaycan dövlətinin ötən il qazandığı uğurlar birmənalı şəkildə Prezident cənab İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirilə bilər.

“İlin adamı”nın böyük uğurları: Parçalanan müxalifətin uğursuzluğu

“İlin adamı”

Azərbaycan dövlətinin ötən il qazandığı uğurlar birmənalı şəkildə Prezident cənab İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirilə bilər. Bu səbəbdən Cənab İlham Əliyevin gördüyü işlər, atdığı qətiyyətli addımlar təkcə Azərbaycan xalqı deyil, dünya və Azərbaycan mediası tərəfindən də yüksək dəyərləndirildi. Prezident ötən il dərc edilən bir çox nüfuzlu beynəlxalq jurnallar tərəfindən “İlin adamı” elan edildi.

Ənənəvi olaraq hər il keçirilən ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun təsisi etdiyi “İlin adamı” (2013) mükafatı “...ölkə vətəndaşlarının etimadını qazanaraq yenidən prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərəcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq Şahdəniz-2, TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artırılması, Avropa Birliyinə üzv ölkələrlə sadələşdirilmiş viza rejiminə keçidə nail olunması, Azərbaycanın regionda yürütdüyü ardıcıl və prinsipial siyasətə görə” Prezident İlham Əliyevə təqdim edilib.

Bu təqdimat mərasimi yenidən Azərbaycan dövlətinin prinspial mesajı ilə yadda qaldı. Prezident cənab İlham Əliyev mükafatda nəzərdə tutulan pulun Silahlı Qüvvələr Fonduna köçürüləcəyini bəyan etdi. Atılan bu addım torpaqlarımızın 20%-ni işğal etmiş və hər an Azərbaycanın ordusunun güclənməsindən narahat olan Ermənistana ünvanlanan mesaj oldu.

Bu həftə Azərbaycanın xarici siyasətinin ikitərəfli əməkdaşlığa əsaslandığını və bu əməkdaşlıqda bərabərhüquqlu təmsilçiliyin əsas meyar olduğunu təsdiqləyən növbəti hadisə baş verdi. Prezident cənab İlham Əliyev Belçikaya səfər etdi. Səfər proqramında nəzərdə tutlan bütün görüşlərdə Azərbaycan uğurla təmsil olundu, Azərbaycanın Dünya birliyinə və Avropaya inteqrasiya prosesində tutduğu mövqe, ölkədə insan hüquqları ilə bağlı vəziyyət, dövlətin Beynəlxalq Konvensiya və Təşkilatlar qarşsında götürdüyü öhtəliklərə qeyd-şərtsiz əməl olunduğu bir daha dünyaya bəyan edildi.

Dövlət Qazisinin yanındadır

Bir müddət öncə Prezident cənab İlham Əliyevin həssas münasibəti və xüsusi tapşırığı ilə öz həyatına qəsd edən Qarabağ Qazisinin ailəsinin bütün problemləri ən yüksək səviyyədə həll edildi. Məlum hadisədən sonra Qarabağ Qaziləri təşkilatlanmış formada və müxtəlif təkliflərlə Hökumətə müraciət etdilər. Bu müraciətə diqqətlə yanaşan icra hakimiyyəti orqanı Qazilərin haqq və hüquqlarının müdafiəsi məqsədi ilə onların qəbulunu keçirdi. Baş Nazirin müavini Əli Əhmədovun Qazilərlə görüşü onların qarşılaşdıqları problemlərin kompleks həlli üçün dövlətin ilkin müsbət reaksiyası oldu.

Bu “sevda” bitməz

Milli Şuranın son günlərdə başına gələnləri heç bir təşkilata arzulamaq olmaz, bu sadəcə bir böhran deyil,, bu qarşısıalınmaz məhvolma prosesidir. Bu prosesi başladanlar indi ona kənardan marıtlamaqla məşğuldurlar.

Gedən prosesdən belə bir nəticə çıxarmaq olar ki, əslində ən böyük dayaq və Şuranı “milli” edən Müsavat partiyası və onun başbilənləri imiş. Bu qrup Şuranı tərk etdikdən sonra bir vaxt itirilən “son ümid” – Rüstəm bəy yenidən öz virtual şahlıq taxtına geri döndü. Rüstəm bəy kənar qüvvənin təyinatı hesab edilir və bu şəkildə xarakterizə edilirsə, o zaman indi Cəmil Həsənlinin bu simvolik “91-ləri” (Milli Şuranın hazırda 91 üzvü olduğu bildirilir) kənar qüvvənin yönləndirdiyi Rüstəm bəyin nəzarəti altındadır.

Milli Şuranın əslində elə bu məhvolma prosesinin başlanmasına səbəb kimi göstərilən Rüstəm İbrahimbəyova bitməz olan sevgi, bu işi görünür ən yaxın zamanda birdəfəlik bitirəcəkdir.

Yenidən virtual sədliyə qayıdan fəxri Rüstəm bəy il açıqlamasını da verdi, bu açıqlama isə gələn həftə başlayacaq yeni qarşıdurmanın səbəbi olacaq. Rüstəm bəy Müsavat partiyasının hakimiyyətə yaxınlaşdığını bildirməklə, müxalifəti dibi görünməz bir uçurumla parçaladı.

Adına hörmət “EL”ə

Çox güman öz adına böyük hörmətdən irəli gələrək “EL” hərəkatının üzvləri növbə ilə bu antimilli birliyi tərk etməkdə qərarlıdır. Amma bunların birdəfəlik yığışıb getmək niyyətləri yoxdur, Ellilər asta-asta, ayda bir yol, həftədə bir yol Milli Şuranı tərk edir, bununla həm Milli Şuranın, həm də EL-in aktuallığını, gündəmdə olmasını öz aləmlərində təmin edirlər. Bu həftə daha iki nəfər bu yolla siyasi intihar etdi.

Böyüklük etmək – arzular, xəyallar

Müsavat Partiyasının Milli Şuranı tərk etməsi və bu tərkolunmaya, xüsusən Müsavat Partiyasının son bir neçə gündə sərgilədiyi mövqeyə hətta partiyanın orqanı səviyyəsində dəstək nümyiş etdirən Yeni Müsavat qəzeti Cəmil Həsənli tərəfindən “dağıdıcı” deyə xarakterizə edildi. Bu qəzet rəhbərliyinin Cəmil Həsənlidən gözlədikləri “böyüklük” xəyalını alt-üst elədi. Məntiqi olaraq bu sözlərlə Cəmil Həsənli həm də işlərə rəvac verən Müsavat partiyasına “dağıdıcı” damğasını vurdu. Bu məsələ tərəflər arasında yeni söz savaşına səbb olsa da, bu savaş Əli Kərimli və Yeni Müsavat qəzetinin savaşına çata bilmədi.

“Uduzub yorulan, udub doymayan”

Müxalifəti təmsil edən iki ən radikal qəzet (“Azadlıq” və “Yeni Müsavat”) bu günlər kimə müxalifətdə olduqlarını unudublar. Çünki bunlar bir-birilərinə o qədər iyrənc bir formada savaş açıblar ki çətin bu oyundan əl çəksinlər. İndi bu qəzetlər ölkədə baş verən siyasi prosesləri işıqlandırmaq, dövlətin həyata keçirdiyi siyasəti təhlil və ya tənqid etmək əvəzinə, bir-biriləri üçün özlərinin bildikləri, lakin oxucudan gizlin saxladıqları kartları açmaqdadırlar.

Bir tərəf digərini satılmaqda, hakimiyyətlə əlbir olmaqda, digəri isə mərhum Prezident Əbülfəz Elçibəyin ruhuna xəyanətdə, saxtakarlıqda ittiham edir. Yeni Müsavat qəzeti 2000-lərdə çap edilən Azadlıq qəzetinin üzünü öz səhifələrinə köçürür, Azadlıq qəzeti isə bunların hamısının yalan, şər, böhtan olduğunu deməkdə israrlıdır.

Və Amerikadan səda gəldi...

Rəsul Quliyev sükutu pozdu, nə pozdu. “Əbülfəz Elçibəy Vaşinqtonda 2 saatlıq görüşümüzdə mənə hər şeyi anlatdı” - deyib haray salan Mr. Quliyev AXCP və Müsavat partiyası başqanlarını təcili istefaya səslədi. İsa Qəmbərsiz, sadəcə bir partiya kimi ölkə müxalifətində baş verən bu olaylarda Müsavat Partiyasının tərəfində durdu. Rəsul bəy ən nəhayətdə Milli Şurada baş verən son olayları, yaradılan Koordinasiya Şurasını isə beləcə bəy tərifi etdi: “Bir-iki cümlə ilə keçmişi, bir cümlə ilə bu günü yazılan ambisioz adamın qumdan ev tikməsi və buna “Koordinasiya Şurası” adını qoyması və bunu Azərbaycanda yeni mərhələ adlandırmasını heç komik tragediya fantaziyasının hüdudları olmayan Cəlil Məmmədquluzadə də ağlına gətirə bilməzdi.”

Ucadan bağırmaq

Müxalifətimizin əsas sütünları kimi özlərini öyən iki partiya bu günlər elə möhkəm bağırtı salıblar ki, digərlərinin səsi belə eşidilmir. Bunu fırtına öncəsi sakitlik də adlandırmaq olar. Görünür bu savaşda hər iki tərəfin məğlub olacağını duyanlar var və onlar bu iki qoçun başının xaşını yeməyə ümid edilər. Nə edirlər? – ÜMİD edirlər.

Bəy ruhu

Bir zamanlar sevincləri və dərdləri bir olan tərəflər (AXCP və Müsavat partiyası) arasında baş verən bu qarşıdurmada yenə də əsas nöqtə mərhum Əbülfəz Elçibəy oldu. Sağlığında ona ölüm arzulayanlar və ölüm gətirənlər bu gün bir-birini o şəxsin ruhuna xəyanətdə ittiham edilər. Halbuki unutmaq olmaz Bəy sağlığında İsa Qəmbərə də, Əli Kərimliyə də yol-riz göstərdi, Prezident seçkilərində namizədlik məsələsində İsa Qəmbərə də, Əli Kərimliyə də ağız açdı, amma və lakin hər kəs hər şeyi bilir.

Mərhum Əbülfəz bəyin oğlu isə bir cümlə dedi: “Atamın ruhunu sakit buraxın!” Sakit buraxın, toxunmayın Bəy ruhuna, ay müştəbehlər.

Həftənin sitatı: Sevgim – millətə! Vurğunluğum – azadlığa və ədalətə! İtaətim – müəllimlərimə! Borcum – dostlarıma və məsləkdaşlarıma! Nifrətim – yalançılara və simasızlara! Əbülfəz Elçibəy

Sərraf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm