“Qarabağ həll edilməsə, yeni hadisələr olacaq”- Dünyanın ikili üzü ortaya çıxdı
Bizi izləyin

Nida.az

“Qarabağ həll edilməsə, yeni hadisələr olacaq”- Dünyanın ikili üzü ortaya çıxdı

“Qarabağ həll edilməsə, yeni hadisələr olacaq”- Dünyanın ikili üzü ortaya çıxdı

20 ildən artıq müddəti geridə qoyduq, amma Dağlıq Qarabağ münaqişəsinin həllində hələ bir irəliləyiş yoxdur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib, dünya sanki bel bir qətnamə yoxdur deyə davranır.

Amma Ukraynaya girdiyinə görə, Rusiya siyasətçilərinə qarşı sanksiyaların qəbulu qısa zamanda tətbiq edildi. Yadınızdadırsa, Liviya ilə bağlı qətnamə də qəbul olunduğu vaxtdan 2 saat sonra reallaşdırılmışdı. O zaman, dünyanın bu yanaşması nədir? İkilistandart. Biz bu sözü deməkdən yorulduq, dünya etməkdən yorulmadı.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələlərə diqqət çəkərək dünyanın hələ də ikilistandart yanaşması sərgilədiyini bəyan etdi. Faktiki olaraq Ermənistana danışıqlar prosesini uzadır, regiondakı sülhə maneələr yaradır, buna rəğmən təzyiqlərə məruz qalmır.

“Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı, Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri pozulur, icra edilmir. Heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin.

Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün?

Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir”-deyə dövlət başçısı Azərbaycanın haqq səsini çatdırdı.

Ermənistan Qərbin düşmən hesab etdiyi Rusiya və İranın “qucağından” düşmür, amma...


Ortada bir ədalətsizlik var və bunu hər kəs bilə-bilə göz yumur. Sadə bir müqayisə: Gözümüzün qarşısında Rusiya siyasətçilərinə, məmurlarına sanksiyalar tətbiq edilir, amma dünyanın ərazi bütövlüyü prinsipini pozan, yəni beynəlxalq aləmin prinsiplərini vecsiz hesab edən Ermənistan siyasətçiləri, rəhbərləri, eləcə də qondarma “DQR” rəhbərləri rahat formada dünyanı dolaşa bilir. Yaxud Türkiyə İranla bir qədər yaxınlaşan kimi başına min oyun gətirilir, amma Ermənistan Qərbin düşmən hesab etdiyi Rusiya və İranın “qucağından” düşmür.


“Qarabağ üzərində beynəlxalq hüquq təmin olunmasa, yeni hadisələr olacaq”


Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Publika.Az-a açıqlamasında bildirib ki, söhbət hüququn aliliyindən gedir: “Hansı ki, bu gün əsas amil gücdür və ali olan heç bir hüquq qalmayıb. Krımdan sonra bir sıra məmurlara sanksiyalar tətbiq olundu, vizaları ləğv olundu, mülkiyyəti donduruldu. Biz bunu anladıq. Amma təbii bir sual yaranır: Azərbaycan ərazisini işğal etmiş, hərbi cinayətlər törədən şəxslər buna niyə məruz qalmır? Heç də aydın olmayan hansısa sənədlərlə dünyada səyahətlər edir, dəstək axtarırlar. Burda faktiki olaraq beynəlxalq hüquq kobud formada pozulur, amma dünya susur. Azərbaycan əməkdaşlıq etdiyi bütün ölkələrə səslənir. əgər dünyada hüququn aliliyi olmayacaqsa, bu hallar dəfələrlə təkrar olunacaq. Necə ki, Qarabağla bağlı beynəlxalq ictimaiyyət təməl prinsiplərinə əməl etmədi və ardınca Abxaziya, Osetiya, Krım hadisələri baş verdi. Əgər Qarabağ üzərində beynəlxalq hüquq təmin olunmasa, yeni hadisələr olacaq”.


“Qarabağda əldə edilən pullar Avropa yuyulur və kimlərsə əlavə gəlir əldə edir”


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə bildirib ki, Ukrayna hadisələri Cənubi Qafqaz arealında baş vermiş münaqişələrin üzərinə işıq salır. Onun sözlərinə görə, indiyə qədər diplomatik, siyasi və digər məsələlərlə bunun üstünü ört-basdır etmək istənilib, ermənilərin təcavüzünü öz müqəddəratını təyin etmə olaraq təqdim edilib: “Cənab Prezidentin bununla bağlı fikirlərinin əsas leytomativini o təşkil edir ki, bu gün müxtəlif beynəlxalq hədələr, üçüncü dünya müharibəsi mesajları səsləndirən dairələr baxışlarının “bizə dəyməyən min yaşayar” prinsipi üzərində qurub. Bu gün Rusiya beynəlxalq güc əldə etmək istiqamətində savaşır, post-sovet, hətta Baltikyanı ölkələrdə təsirini artırmaqla keçmiş SSRO formatının qaytarması təhlükəsi var. Deməli buna müqavimət göstərmək lazımdır. Deməli bu beynəlxalq hüququn tapdalanması olaraq təqdim edilməlidir. Ermənistansa beynəlxalq prinsipləri tapdalayır, amma bu önəmli deyil, əskinə bundan faydalanıb Azərbaycanın resurslarına göz dikmək lazımdır. Ona görə də bizim haqqımız var ki, Ukrayna diplomatik çapa sərf etmədiyi halda qəbul edilən qətnamələri biz də istəyək. Qarabağ məsələsi nə vaxta qədər siyasi qazanc əldə etmək üçün istifadə ediləcək? Sözügedən sanksiyaların Ermənistanda xunta rejimi quranların heç olmasa 20-nə tətbiq edilməlidir ki, onlar münaqişənin həllinə həvəs göstərsinlər. Amma bu yoxdur və bu gün Qarabağda əldə edilən pullar Avropa yuyulur və bundan kimlərsə əlavə gəlir əldə edir”.
Qərbin səmimiliyinə inanmadığını deyən komitə üzvü qeyd edib ki, buna baxmayaraq Azərbaycan dövlət başçısı bunu kəskin formada gündəmə gətirir.

“Bu gün Qarabağa yardım adı ilə keçirilən telemarafonlardan əldə edilən pullar həqiqətən Azərbaycanın əleyhinə çevrilir. Qarabağ erməniləri də bunu bilməlidir ki, onların üzərindən toplanan pullar hansısa cani erməninin biznes maraqlarına sərf edilir. Azərbaycan bunun qarşısı almaq üçün səylərini davam etdirəcək. Bununla yanaşı, Qərbə “bir az səmimi olun” demək istəyirəm”-deyə Z. Oruc bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm