• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Azərbaycanın siyasi partiya sistemində mühüm bir mərhələ başlayır”

  • Nida.az
  • 17 Aprel 2014 16:36
  • 894 Baxış
“Azərbaycanın siyasi partiya sistemində mühüm bir mərhələ başlayır”

BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəylinin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

- Hakim partiya növbəti dəfə dialoq təşəbbüsü ilə çıxış etdi. Bunun əvvəlki təşəbbüslərdən fərqi nədir?

- Yeni Azərbaycan Partiyasının bu dəfəki dialoq və əməkdaşlıq təşəbbüsü daha öncəkilərdən fundamentallığına görə kifayət qədər fərqlənir. Əvvəla, onu qeyd edim ki, hakim partiyada Partiyalararası əlaqələr və dialoq komissiyası yaradılıb. Bu isə ilk növbədə prosesin davamlı və ardıcıl olacağının göstəricisidir. Digər tərəfdən, yaradılan komissiya 11 maddədən ibarət təkliflər planı ilə çıxış edib ki, bu müddəaların hər biri bütövlükdə çoxpartiyalı sistemin inkişafına xidmət göstərir.

- Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında bildirib ki, bu gündən YAP partiyalararası əlaqələr üzrə gələcək siyasətinin müəyyən olunması, bu sahədə görüləcək işlərin ümumi konseptual yanaşmasını və digər əsasların müzakirə olunmasını başlayır. Sizcə, bünövrəsi qoyulan bu müzakirələr əvvəlkilər kimi sıradan bir müzakirə və yaxud dialoq xatirinə dialoq olmayacaq ki?

- Təklif olunan müddəalardan da açıq şəkildə görünür ki, ortalıqda konseptual yanaşma var. Təkliflər planında bütövlükdə siyasi partiya sisteminin tədqiq edilməsi, mövcud problemlərin araşdırılaraq ortaya çıxarılması, təhlil olunması nəzərdə tutulub. Bu isə Azərbaycanın siyasi partiya sistemində mühüm bir mərhələnin başlandığından xəbər verir. Əslində, təklif olunan müddəaları təhlil edən istənilən şəxs bu qənaətə gələ bilər.

- Həmin təkliflərin birində deyilir – “partiyalararası əməkdaşlıqla bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təkliflərinin öyrənilməsi". BAXCP dəfələrlə təkliflərlə və qanun layihələrini hazırlayaraq siyasi partiyaların müzakirəsinə və Milli Məclisə verilməsi ilə çıxış edib. Məsələn, ölkədə siyasi islahatların aparılması, çoxpartiyalılığın inkişafı və güzləndirilməsi üçün proporsional seçki sisteminin tətbiqi və s. Halbuki, həmin təkliflər bütün siyasi təşkilatlar tərəfindən, eyni zamanda, YAP tərəfindən də dəstəklənirdi. Necə fikirləşirsiniz, bu cür təkliflər komissiyanın növbəti toplantılarının birində müzakirəyə çıxarıla bilərmi?

- Şübhəsiz. Əgər komissiya yaradılıbsa və prosesin davamlı olacağı barədə ciddi mesajlar verilibsə siyasi sistemin inkişafına səbəb olacaq bütün təşəbbüslərin müzakirəsi, zənnimcə, mümkündür. Düşünürəm ki, komissiyanın yaradılması və irəli sürülən təkliflər geniş təhlillərin nəticəsində ortaya çıxan nəticədir. Bu baxımdan, siyasi partiya sisteminin təkmilləşdirilməsi üçün ortalıqda siyasi iradənin və konseptual yanaşmanın olduğu qənaətindəyəm. BAXCP cəmiyyətdə baş verən bütün hadisələrə daim həssas yanaşıb və bundan sonra da yanaşacaq. Bu günədək Azərbaycan cəmiyyətinə verdiyimiz mesajlar, hazırladığımız qanun layihələri və təkliflər Azərbaycanda sivil və etimadlı siyasi münasibətlər siteminin formalaşmasına, cəmiyyəti irəli aparacaq, idarəçiliyi daha çevik və dinamik edəcək hüquqi-siyasi islahatların stimullaşdırılmasına xidmət edib.

- Partiyanı toplantıda siz təmsil etmisiniz. BAXCP adından hansı təklifləri səsləndirdiniz?

- Toplantıda həm Yeni Azərbaycan Partiyasının, həm də digər siyasi partiyaların təmsilçiləri tərəfindən maraqlı ideyalar səsləndirildi. BAXCP sədrinin müavini kimi siyasi partiyaların kadr potensialının möhkəmləndirilməsi, onların bir institut kimi formalaşması üçün önəmli hesab etdiyimiz bir məsələyə diqqət çəkdim. Qeyd etdim ki, bir sıra beynəlxalq təşkilatlar, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların yaratdığı fondlar vaxtilə Azərbaycanın siyasi partiyaları üçün siyasi həyatın müxtəlif sahələrini əhatə edən təlimlər keçirirdilər. Bu təlimlər həm Azərbaycanda, həm də Azərbaycandan kənarda təşkil olunurdu. Bu gün də eyni iş müxtəlif adlar altında təşkil olunur. Həmin təlimlərdə şübhəsiz ki, təlimləri təşkil edən dövlətlərin maraqları əsas götürülür. Onların hədəfləri və ideyaları təbliğ olunur. Qeyd etdim ki, bu məsələdə də məsuliyyəti Azərbaycan dövləti öz üzərinə götürməli, siyasi partiyalar üçün kadrların hazırlanmasında məhz Azərbaycanın siyasi institutları iştirak etməlidirlər.

- Ukraynada baş verən hadisələrdən sonra hakim partiyanın bu cür təşəbbüslə çıxış etməsi və bunun davamlı olmasını istəməsi, sizcə ölkəmizə hər hansı bir təcavüzün və təzyiqin qarşısının alınmasında digər partiyaların da söz haqqının olmasına, gücünə önəm verilməsi anlamı deyilmi?

- Hakim partiyanın dialoq və əməkdaşlıq üçün xüsusi komissiya yaratmasını və təkliflərlə çıxış etməsini Ukraynada baş verən hadisələrlə birbaşa əlaqələndirmək istəməzdim. Təkliflərdən də görünür ki, bunlar 1 ayın, yaxud 1 ilin ərzində formalaşan rəyi deyil, daha uzunmüddətli müzakirələrin nəticəsində ortaya çıxan qənaəti ifadə edir. Həssas bir dönəmdə və həssas bir regionda yaşayırıq. Bəzən ətrafımızda baş verən hadisələr ölkənin potensialını daha çox xaricdən gələn təhlükələrin qarşısının alınmasına sərf olunur. Amma həm xarici, həm də daxili təhlükəsizlik faktoru bir-biri ilə daim əlaqədə olan amillərdir. Siyasi partiya sistemi zəiflədikdə və boşluqlar yarandıqda onun yerini dünyəvi dövlətçilik prinsiplərimizə, konstitusion dövlət quruluşumuza zidd olan digər ideologiyalar, cərəyanlar tutmağa çalışır. Bu baxımdan da siyasi sistemdə hər hansı bir boşluğun yaranmasına qətiyyən yol vermək olmaz. Yeni Azərbaycan Partiyasının təkliflərində ölkədəki, regiondakı və dünyadakı proseslərin dəyərləndirilməsi və Azərbaycanda çoxpartiyalı sistemin inkişafı ilə bağlı növbəti mərhələnin başlanması açıq-aşkar görünür. Parlament partiyalarının komissiyanın işində iştirakı və onlara öz təklifləri ilə çıxış etmək imkanının yaradılması, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun səslənən bütün təkliflərin nəzərə alınacağını vurğulaması digər partiyalara söz haqqının tanınmasından xeyli üstün bir yanaşmadır.

- Son günlər dövlət daxilinə ayrı-ayrı təriqətlərin nüfuz etməsi və onların sistemli iş qurmaq planlarının olduğu aşkarlandı. Bu barədə isə BAXCP dəfələrlə öz mövqeyini bu və digər şəkildə ortaya qoyub.

- Ayrı-ayrı güclərin himayə etdiyi radikal dini və siyasi cərəyanlar, onların təbliğ etdiyi ideyalar mikrob kimidir. Onlar sağlam bədəndə inkişaf etmirlər, yaxud sağlam bədənə daxil olaraq onu zəiflətməyə, gücdən salmağa çalışırlar. Dövlət də, onun siyasi sistemi də vahid orqanizm kimidir. Siyasi partiyalar isə bu orqanizmin ideyaverici, stimullaşdırıcı hissəsidir, beyninin bir parçasıdır. Bu baxımdan orqanizmin bütün hissələri eyni səviyyədə inkişaf etdirilməlidir. Belə olmayanda yad ünsürlər, mikroblar bu orqanizmə yol tapır, ən yaxşı halda onun fəaliyyətinə təsir göstərir, ən pis halda isə məhv edir. Lakin bu məsələdə məsuliyyətin də yalnız dövlətin üzərinə qoyulmasının tərəfdarı deyiləm. Siyasi partiyalar da Azərbaycan dövlətinin maraqlarına zidd olan fəaliyyətlərə qarşı öz birmənalı mövqelərini ortaya qoymalı, dövlətin və millətin maraqları ilə bağlı bütün məsələlərdə güzəştsiz bir mövqe nümayiş etdirməlidirlər. Təəssüf ki, bəzən bunun əksi ilə də qarşılaşırıq. Bu məsələdə BAXCP-nin nümayiş etdirdiyi mövqe və əzm bir çox siyasi partiyalara da örnək olmalıdır.

- Yeri gəlmişkən, belə bir fikir bildirilir ki, Ukraynadan sonra növbədə Azərbaycandır. Yəni Putin Rusiyasının planında Azərbaycanı da öz caynağına keçirmək dayanır. Sizcə, bu, baş verə bilərmi və yaxud belə bir cəhd olarsa, hansı addımlar atılmalıdır?

- Rusiyanın Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyi və bunun üçün müxtəlif manipulyativ addımlara yol verməsi kimsəyə sirr deyil. Azərbaycan ərazilərinin işğal altında saxlanılması da məhz bu niyyətə xidmət edir. Rusiya işğalçı Ermənistanın hərbi-siyasi müttəfiqidir, təcavüzkarı dəstəkləyən dövlətdir və işğal prosesində tərəflərdən biridir. Bu baxımdan, Rusiyanın Azərbaycanla bağlı perspektivdə hansısa addımları atacağını demək doğru olmazdı. Rusiya bu addımları atıb, atır və atacaq da. Biz öz gücümüzə güvənməli, daxili resurslarımızı milli maraqlarımızın möhkəmləndirilməsi üçün səmərəli sərf etməli, dövlətimizin maraqları ilə bağlı bütün məsələlərdə vahid mövqe nümayiş etdirməliyik. Şəxsən mən, Rusiyanın imperiya iddialarının həyata keçəcəyini gözləmirəm. Kreml tərəfindən atılan addımları özünümüdafiə instiktinin aşırı qabarması kimi qiymətləndirirəm. Postsovet məkanının bütövlükdə imperiya iddialarından kənarda qalması prosesi vaxt aparacaq, ağrılı olacaq. Amma olacaq.

- Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç jurnalistlərə açıqlamasında bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsi ilə bağlı görüş keçirdiyini və onlara bu fikirləri söylədiyini bildirib –“ATƏT-in, digər beynəlxalq təşkilatların münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim ki, bizim məqsədimiz insanların firavan yaşaması, ölkələrin ərazi bütövlüyünün pozulmamasıdır”. O, eyni zamanda deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tezliklə nəticə əldə etməliyik.

Bu cür fikirləri çox eşitmişik. Və hər dəfə də həmin fikirlər elə fikir olaraq qalıb, nəticə isə dəyişməyib. Ukraynanın başına gətirilənlərdən sonra ATƏT PA-nın, eləcə də beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik ola bilərmi? Təbii ki, Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir.

- ATƏT məhz Rusiyanın yürütdüyü siyasət və Qərbin simasız oyunları nəticəsində dişsiz bir quruma çevrilib. Yarandığı gündən bu zamana kimi heç bir münaqişənin həllinə nail olmayıb. Doğrudur, Qərb dövlətlərinin rəsmiləri və aparıcı beynəlxalq qurumların təmsilçiləri Krım hadisəsindən sonra ərazi bütövlüyü prinsipinin əsas olduğunu vurğulayırlar. Çünki proseslər artıq onların meydançasının yaxınlığında cərəyan edir. Xalqların öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri arasında var-gəl eləmək üçün yer qalmayıb. Bu baxımdan, Qərbin ərazi bütövlüyü prinsipi üzərində dayanmaq və öz maraqlarından çıxış edərək manipulyasiyalara son qoymaq niyyətində olduğu nəzərə çarpmaqdadır. Divar qurtarıb və yeni bir divarın hörülməsinə ehtiyac var.

- “Turan ordusu”nun yaradılması ilə bağlı nə deyə bilərsiniz? Məlumatlara görə, aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Axmedovun Azərbaycana səfərində bu məsələ də müzakirə olunacaq.

- BAXCP Türk dövlətlərinin bütün istiqamətlərdə əməkdaşlığının genişləndirilməsinin tərəfdarıdır. Lakin biz reallıqları dəyərləndirməyi, fərziyyələrə, mif və nağıllara inanmamağı bacarırıq. “Turan ordusu” maraqlı səslənir... Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstanla düşmən cəbhədə dayanan NATO ölkəsi Türkiyənin yeni bir hərbi blokda təmsil olunması imkansızdır. Lakin nə zamansa türk dövlətlərinin hərbi əməkdaşlığının real müstəviyə qədəm qoyması üçün əlverişli şərait yarana bilər və bu prosesə də indidən hazır olmaq lazımdı. İş görmək lazımdı, iş... Şüarçılıq dönəmi 90-cı illərdə qaldı. Gerçək vətənpərvərlik, millətsevərlik ümummilli hədəflərə çatmaq üçün daşı daş üstə qoymaq deməkdi, şüarçılıq deyil. Əksinə, böyük ideyaların şüara çevrilməsi bir çox hallarda onları insanların gözündən salır və məsxərə obyektinə çevirir. Biz ümummilli hədəflərimizin müqəddəsliyini qoruyub saxlamalı, onların şüara və dələduzların istifadə predmetinə verilməsinə yol verməməliyik.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR