• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan və Rusiya DİN-lərinin birgə iclası keçirilib

  • Nida.az
  • 17 Aprel 2014 19:05
  • 481 Baxış
Azərbaycan və Rusiya DİN-lərinin birgə iclası keçirilib

Bu gün Quba şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Azərbaycan DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tərəflər Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə,sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə, İşçi Qrupunun fəaliyyətinə, onun 2014-cü ilin növbəti rübləri üçün iş planının təsdiq edilməsinə dair məsələləri müzakirə ediblər.

Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, respublika daxili işlər nazirinin müavini, polisgeneral-leytenantı Vilayət Eyvazov bildirib ki, ölkələrimiz arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın təməlini Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin yürütdükləri mehriban qonşuluq və dostluq siyasəti təşkil edir.

Qeyd olunub ki, hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğundur. İş birliyinin istintaq-əməliyyat tədbirlərinin razılaşdırılaraq həyata keçirirlməsi, informasiya mübadiləsi, krminalistik uçot-qeydiyyatın müvafiq növlərinin məlumat banklarından birgə istifadə olunması, sorğuların, istintaq tapşırıqlarlarının icrası və başqa formalarından geniş istifadə olunur. İki ölkənin daxili işlər orqanlarının əməkdaşları tərəfindən "Sərhəd-Sipər" şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində hər il xeyli cinayətkar qrup ifşa olunur, ağır cinayətlər açılır, məhkəmə və istintaq orqanlarından yayınan şəxslərin yerləri müəyyənləşdirilərək tutulurlar.

Görüşdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın təhdid və çağırışlarına qarşı sərhədyanı ərazilərdə də adekvat cavab verilməsinə daim hazır olmağın vacibliyi vurğulanıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəis müavini - Şimali Qafqaz regionunda Rusiya DİN-in orqan və hissələrinin müvəqqəti operativ qruplaşmasının rəhbəri, polis general-mayoru İqor Romaşkin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini qeyd edib. Ekstremizm, terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya ilə mübarizə sahələrində birgə səylərin daha da fəallaşdırılmasına dair konkret təkliflər səsləndirilib.

Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-mayoru Abduraşid Maqomedov, nazir müavini Vasili Salyutin, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyatı baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər də iştirak ediblər.

Səmimi və işgüzar şəraitdə keçən iclasın yekunlarına dair müvafiq protokol imzalanıb. Həmin sənəddə əməkdaşlığın səmərəliyinin artırılmasına və sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Rusiya Federasiyası DİN-in nümayəndə heyətinin üzvləri onlara göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarlarına minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR