Parlament müxalifətinə ağır ittiham və CAVAB
Bizi izləyin

Nida.az

Parlament müxalifətinə ağır ittiham və CAVAB

Parlament müxalifətinə ağır ittiham və CAVAB

"Müxalifət yalnız parlamentdəki partiyalardan ibarət deyil".

Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev aprelin 16-da Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqə və dialoq komissiyasının ilk iclasında yalnız parlamentdə təmsil olunan partiya nümayəndələrinin iştirakına münasibət olaraq bildirib.

Onun sözlərinə görə, Yeni Azərbaycan partiyasının son təşəbbüsü realığı əks etdirmir: "Əvvəla onu deyim ki, müxalifət partiyaları yalnız parlamentdə olan partiyalardan ibarət deyil. Parlamentin formalaşması zamanı "narahat" partiyalar Milli Məclisdən kənarda saxlanıldı. Bu yolla hakimiyyət özünün münasib bildiyi sistemi formalaşdırır. Yaradılmış bu süni sistem ölkədaxili və beynəlxalq ictimaiyyətə legitim sistem kimi təqdim edilir. Bu yolla yaradılmış virtual məkan isə siyasi reallığı əks etdirmir. Son prezident seçkilərilə bağlı yalnız Ədalət Partiyası obyektiv reaksiya verdi. İndi də YAP yaratdığı süni mühütdə dialoq görüntüsü yaratmağa çalışır. Mənə elə gəlir ki, ölkədə siyasi dialoqa zərurət çoxdan yaranıb. Lakin dialoqun statusunu partiyalar arası deyil, iqtidar-müxalifət səviyyəsində aparmaq daha düzgün olardı. O ki, qaldı YAP-ın keçirdiyi son tədbirə, onun detallarından məlumatlı deyiləm. Bütün hallarda o formatda keçirilən tədbir siyasi problemlərin çözülməsinə xidmət edə bilməz. Ölkənin siyasi sisteminin inkişaf etdirilməsi, ətrafımızda baş verənlərdən sonra daha da aktuallaşıb.

Unutmaq lazım deyil ki, Ukrayna dövlətçiliyinin qarantı qismində məhz siyasi sistemin elementi olan siyasi partiyalar çıxış etdilər. Azərbaycanın da belə sınağa çəkilmə ehtimalı kifayət qədər yüksəkdir. Belə sınaq qarşısında daxili siyasi sabitliyin əldə olunması üçün əsl iqtidar-müxalifət dialoqu günün tələbidir". Parlamentdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) katibi Elçin Mirzəbəyli VİP sədrinin fikirlərini bölüşmür. O, Ə.Əliyevin fikirlərinə münasibət olaraq Teleqraf.com-a bildirib ki, VİP sədri ölkədəki siyasi reallığı düzgün qiymətləndirə bilmir: "Mən parlamentdə təmsil olunan digər partiyaların adından danışa bilmərəm. Amma BAXCP-nin real siyasi güc, kifayət qədər potensiala malik, təşkilatlanmış güc mərkəzi olması faktdır. Əli Əliyevin rəhbəri olduğu partiyada isə sadaladığım faktorlar yoxdur. Digər tərəfdən, düşünürəm ki, onun YAP-ın məlum tədbirinə münasibəti qısqanclıqdan irəli gəlir və tələsik verilmiş açıqlamadır. Yaxşı olardı ki, o, komissiyanın ilk iclasının qərarını oxusun. Orada parlamentdə təmsil olunan və olunmayan partiyalarla əməkdaşlıq məsələsi öz əksini tapıb. İlk iclas sadəcə məsləhətləşmə xarakteri daşıyırdı və orada gələcək fəaliyyətin konturları müzakirə olundu".

Ayxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm