Siyavuş Novruzov “Molotov kokteyli”ndən istifadə edib?
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov “Molotov kokteyli”ndən istifadə edib?

Siyavuş Novruzov “Molotov kokteyli”ndən istifadə edib?

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov ötən gün parlamentdə “Molotov kokteyli” ilə bağlı çıxışının sosial şəbəkələrdə məsxərəyə qoyulmasına münasibət bildirib.

YAP-çı deputat publika.az-a açıqlamasında haqqında yazılanlardan təəssüf hissi keçirdiyini deyib: “Özlərini vətənpərvər adlandıranlar enerjilərini Xocalı soyqırımının tanınması və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün ayrı-ayrı yerlərə məktublar göndərməyə sərf etsəydi, mən onlara “sağ ol”,-deyərdim. Ancaq haqqımda yazılanları görüb təəssüf hissi keçirdim. Düşündüm ki, görün, internetdən kimlər hansı məqsədlər üçün istifadə edir. Dövləti, xalqı təbliğ etmək əvəzinə, görün, nə ilə məşğul olurlar. Biz hələ 90-cı illərdə gedən müharibədə “Molotov kokteyli”ndən istifadə edəndə, çoxları “aşırmalı şalvarda” gəzirdi.

O vaxtı bomba tapmaq çətin idi. Ona görə də, 20 yanvar hadisələri, Qarabağ müharibəsi zamanı belə şeylər hazırlanırdı ki, onlardan tank və ya hər hansı zirehli texnika əleyhinə istifadə olunsun. Bu baxımdan da mən “Molotov kokteyli”nin nə olduğunu çox gözəl bilirəm. “Molotov kokteyli”nin nə olduğunu indi öz uşaqlarını ortaya salan siyasi partiya rəhbərləri də çox gözəl bilir. Çünki onlar öz uşaqlarını öyrədərək, əllərinə “Molotov kokteyli” verib polisin üstünə göndərirdilər. Hətta təxribat xarakterli aksiyalarda “Molotov kokteyli”ndən istifadəni planlaşdırıblar.

Kiminsə mənim çıxışımda irad tutması doğru deyil. Belə şeylər dünyanın hər bir yerində baş verir. Bu yaxınlarda Türkiyədə keçirilən seçkilərdə də hər bir siyasi partiya rəhbərinin çıxışında 5-6 dəfə bu cür hallar oldu. Sizin yadınıza gəlməz, o vaxtı SSRİ rəhbəri olmuş Leonid Brejnev Azərbaycana gələndə öz çıxışında “hörmətli əfqanıstanlılar” deyə müraciət etmişdi”.

S.Novruzov İsa Qəmbərin onun haqqında yazdığı statusa da münasibət bildirib: “İsa Qəmbərin mənimlə bağlı statusunu oxumuşam. Mən İsa Qəmbərin Milli Məclisdə sədrlik etdiyi vaxtlarda beş-altı çıxış etməsi barədə onlarla fakt sadalaya bilərəm. Ola bilsin ki, indi İsa Qəmbərin bu cür təcrübəsi çoxdur. Çünki "Sovet KQB-si bu istiqamətdə ona yaxşı təlim keçib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm