XİN: "Azərbaycan 2013-cü ildə BMT Baş Assambleyasının işində fəal iştirak edib"
Bizi izləyin

Nida.az

XİN: "Azərbaycan 2013-cü ildə BMT Baş Assambleyasının işində fəal iştirak edib"

zərbaycan Respublikası Xarici İşlər Nazirliyi 2013-cü ilin yekunlarına dair hesabatı təqdim edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 2013-cü ilin yekunlarına dair hesabatı təqdim edib.

Publika.az xəbər verir ki, hesabatda deyilir:

Ötən illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunları, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər kabinetinin fərman və sərəncamları, Azərbaycan Respublikasının milli təhlükəsizlik və “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası, milli maraqlar və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında xarici işlər nazirliyi tərəfindən Azərbaycanın xarici siyasət fəaliyyəti həyata keçirilmişdir.

Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərini suverenliyimizin, ərazi bütövlüyümüzün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi və qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, diplomatik vasitələrlə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, müasir dövrün çağırışlarının çevik və effektiv şəkildə cavablandırılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması və beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin dünya miqyasında tanıdılması, xaricdə yaşayan həmvətənlərlə əlaqələr, beynəlxalq səviyyədə Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, regional inkişafa və tərəqqiyə, mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə töhfə verilməsi və beynəlxalq humanitar layihələrin dəstəklənməsi təşkil etmişdir.

Daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, davamlılıq, tarazlılıq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında yürüdülmüş və Azərbaycanın suveren, güclü, qətiyyətli, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin il ərzində xarici nümayəndə heyətləri ilə keçirdiyi çoxsaylı görüşləri, mötəbər beynəlxalq tədbirlərdə çıxışları, xarici siyasət fəaliyyətinin əsas istiqamətləri üzrə verdiyi təlimatları və qarşıya qoyduğu vəzifə və tapşırıqları, Litva, Ukrayna, Avstriya, Türkiyə, Belarus, Belçika, Monteneqro, Xorvatiya, İsveçrə və digər ölkələrə dövlət, rəsmi və işgüzar səfərləri, Türkiyə, Rusiya, Gürcüstan, Latviya, Belarus, Sloveniya, Serbiya, Makedoniya, Rumıniya, İtaliya, Yunanıstan, Albaniya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Makedoniya və Litvanın dövlət və hökumət başçılarını, ATƏT, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katiblərini, BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti, Avropa Şurasının Parlament Assambleyasının Prezidenti, NATO-nun baş katibinin müavinləri və digər yüksək səviyyəli rəsmi şəxsləri Azərbaycanda qəbul etməsi ikitərəfli və çoxtərəfli əsasda xarici siyasət fəaliyyətinin strateji xətt üzrə uğurlu inkişafını təmin etmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səfərləri, habelə xarici ölkələrin dövlət və hökumət başçılarının Azərbaycan Respublikasına rəsmi səfərləri, müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyaları 10-dan artıq iclası, eləcə də digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 30-dan artıq dövlətlə 90-dan artıq ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada qüvvəyə minməsi təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası və Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin Şurasının dördüncü iclası keçirilmiş və bu yüksək səviyyəli tədbirlərin yekun sənədləri imzalanmışdır.

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında (TŞ) özünün prioritet məqsədi kimi qarşıya qoyaraq, ölkəmiz il ərzində BMT TŞ-nin qeyri-daimi üzvü kimi aktiv fəaliyyətini davam etdirmiş, beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə öz töhfələrini vermiş və BMT TŞ-nin gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynamış və daim öz qətiyyətli mövqeyini ortaya qoymuşdur.

Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT TŞ-da başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 28 oktyabrda “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilmişdir.

Azərbaycanın sədrliyi dövründə 3-9 oktyabr tarixlərində Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələr keçirilmək üçün BMT TŞ-ı Afrikaya səfər etmişdir.

Ümumiyyətlə, Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilmiş, qətnamələr və bəyanatlar qəbul olunmuşdur.

Azərbaycan Respublikasının xarici siyasətinin gündəmində duran ən ümdə vəzifə Ermənistanın Azərbaycana qarşı təcavüzünün və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının və qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının təmin edilməsi olmuşdur. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakını davam etdirmişdir.

Ermənistan tərəfindən qeyri-konstruktiv və işğalçı siyasətin davam etdirilməsi münaqişənin sülh yolu ilə həllinə imkan verməmişdir. Ermənistan yalnız danışıqlar prosesi zamanı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi ilə deyil, eləcə də qoşunların təmas xəttində törətdiyi təxribatları, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi və orada Azərbaycan xalqına aid maddi-mədəni və tarixi irsin viran edilməsi əməlləri ilə məqsədyönlü şəkildə vəziyyəti daha da gərginləşdirməyə və danışıqlar prosesinə xələl gətirməyə çalışmışdır.

19 noyabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşmüşdür.

İl ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə görüşlər keçirilmişdir.

Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakı ilə yanaşı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və münaqişənin bu prinsiplər əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini daha da artırmaq məqsədilə səylərini davam etmişdir.

Münaqişənin həllinin əsasını təşkil edən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri BMT Təhlükəsizlik Şurasının və BMT Baş məclisinin qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası, Avropa Parlamenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz təsbitini tapmışdır.

Bu xüsusda aparılmış ardıcıl səylərin nəticəsidir ki, 6-7 fevral 2013-cü il tarixində Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında qəbul edilmiş yekun Qahirə bəyannaməsində dövlət və hökumət başçıları tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası və Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunmuşdur.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilmiş Dövlət Başçıları Şurası tərəfindən qəbul edilmiş Qəbələ bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacib olduğu qeyd edilmişdir.

23 oktyabr 2013-cü il tarixində Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qəbul edilmiş qətnamədə Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barəsində mövqeyi xatırladılmış və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulamışdır.

9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT-in Xarici işlər nazirləri şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və ”Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni izlərin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir.

Hesabat ilində Ermənistanın Azərbaycana qarşı təcavüzünün doğurduğu acı fəsadların, Azərbaycan xalqına qarşı törətdiyi qanlı etnik təmizləmə və soyqırım siyasətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində də uğurlu addımlar atılmışdır. Fevral ayında Qahirə şəhərində keçirilmiş İƏT zirvə toplantısında qəbul edilmiş yekun Qahirə bəyannaməsində İƏT üzv ölkələrinin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və bu soyqırım əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilmişdir. Dekabrda Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT-in Xarici işlər nazirləri şurası tərəfindən qəbul edilmiş qətnamədə isə “Xocalıya Ədalət” kampaniyasına dəstək ifadə edən xüsusi bənd öz əksini tapmışdır. Xocalı soyqırımı Çexiya, Bosniya və Herseqovina, Peru parlamentlərinin, ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virciniya, Konnektikut və Florida ştatlarının qanunverici orqanlarının qəbul etdiyi sənədlərdə də pislənmişdir.

İl ərzində Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə aparılan qanunsuz fəaliyyət nəzarətdə saxlanılmış, işğal edilmiş ərazilərimizdə yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğinin və işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyətinin qarşısının alınması, ölkəmizin müvafiq qurumlarının icazəsi olmadan işğal edilmiş ərazilərimizə xarici ölkə vətəndaşlarının səfərlərinin qarşısının alınması istiqamətində iş davam etdirilmişdir.

9 oktyabr tarixində keçirilmiş prezident seçkiləri hesabat ilində Azərbaycanın siyasi həyatında ən mühüm hadisə olmuşdur. Prezident seçkiləri 52000 yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə keçirilmiş və Azərbaycan xalqı seçkilərdə sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə etmişdir. Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlar, habelə 100 ölkənin seçki müşahidə missiyası tərəfindən azad, demokratik və ədalətli kimi qiymətləndirilmişdir.

Seçki məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində 38 seçki məntəqəsi yaradılmış və 12.000 seçici qeydiyyata alınmışdır.

2013-cü il Azərbaycanın enerji siyasətinin daha da intensivləşməsi ilə səciyyələnmişdir. Bu fəallıq ilk növbədə Azərbaycan qazının Avropaya nəql edilməsi üçün Şah Dəniz konsorsiumu tərəfindən ixrac marşrutunun seçilməsi və ona dair investisiya qərarının verilməsi ilə əlaqədar olmuşdur. 17 dekabr tarixində Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur. Bu zaman Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında əməkdaşlıq, “Cənub” qaz dəhlizi layihəsi və Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumu və “Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi imzalanmışdır.

İl ərzində Türkiyə, Gürcüstan, Norveç, Slovakiya, Rumıniya, Yunanıstan, Bosniya və Herseqovina, Belarus, Banqladeş, Kolumbiya, Ukrayna, Misir, Fələstin, Küveyt, Litva və Qambiyanın xarici işlər nazirləri Azərbaycana rəsmi və işgüzar səfərlər etmiş, müxtəlif dövlətlərlə xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr aparılmış, siyasi-iqtisadi, humanitar, hərbi-siyasi, təhlükəsizlik, müdafiə, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə müvafiq işlər görülmüş, təhlükəsizlik dialoqları təşkil edilmiş və bir sıra ölkələrlə keçirilmiş yüksək və işçi səviyyəli görüşlər aidiyyəti üzrə əlaqələndirilmişdir.

28 fevral - 1 mart tarixlərində Qəbələ radiolokasiya stansiyasının (RLS Dəryal) bağlanılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi və daşınar və daşınmaz əmlakının inventarlaşdırılması və təhvil-təslim edilməsinin həyata keçirilməsi üzrə Azərbaycan-Rusiya birgə komissiyasının iclası keçirilmiş və Rusiya və Azərbaycan arasında təhvil-təslim aktları imzalanmışdır.

14-15 may tarixlərində Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ilk iclası keçirilmişdir. İclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ilk iclasının Protokolu və Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında Əsasnamə imzalanmışdır.

16-17 dekabr tarixlərində Bakıda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Sərhəd məsələləri üzrə Müştərək Komissiyanın ilk iclası keçirilmişdir.

Qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, dost və tərəfdaş ölkələrə sərmayələrin yatırılmasının təşviqi, ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdən biri olmuşdur. Ölkə iqtisadiyyatının cəlbediciliyinin xaricdə təmsil olunması məqsədilə 20-yə yaxın biznes forum keçirilmişdir.

İkitərəfli əsasda həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığı daha da dərinləşmiş, Avropa İttifaqı, ərəb-İslam dünyası, Şimali Amerika, Uzaq Şərq, Cənub və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri inkişaf etmiş, Latın Amerikası, Afrika, Avstraliya və Okeaniyada tərəfdaşlarının sayı artmışdır.

Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi BMT TŞ-ı ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, YUNESKO və İSESKO və digər bu kimi universal və regional beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını davam etdirmişdir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və əməkdaşlığın səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır. Azərbaycan Amerika Dövlətləri Təşkilatı, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və müşahidəçi statusuna malik olduğu digər beynəlxalq təşkilatlarla da faydalı əməkdaşlığını davam etdirmişdir.

Azərbaycan 2013-cü ildə BMT Baş Assambleyasının (BA) da işində fəal iştirak etmişdir. Xarici işlər naziri Elmar Məmmədyarov BMT BA-nın 68-ci sessiyasının ümumi müzakirələrində iştirak etmiş və çıxış etmişdir.

2013-cü il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik Azərbaycan tərəfindən uğurla həyata keçirilmişdir. 16 avqust tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü zirvə toplantısı Qəbələdə keçirilmiş və zirvə toplantısı nəticəsində Qəbələ bəyannaməsi qəbul edilmişdir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirmişdir.

11 iyun tarixində Bakıda İƏT Xarici İşlər Nazirlərinin Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə donor konfransının və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisat konfransı keçirilmişdir. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə, Azərbaycan daxil olmaqla, bir sıra ölkələr tərəfindən maliyyə yardımı ayrılmışdır. Azərbaycan Respublikası 5 milyon ABŞ dolları həcmində yardım ayırmışdır.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində 2014-cü ilin may-noyabr aylarında edəcəyi sədrliyə hazırlıq prosesinə xüsusi diqqət ayrılmışdır. Bu xüsusda, Azərbaycan noyabr ayından etibarən Nazirlər Komitəsi troykasının üzvü kimi fəaliyyət göstərmiş və Nümayəndələr Komitəsinin insan hüquqları görüşlərinə sədrlik etmişdir.

Azərbaycan Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlıq proqramında yaxından iştirak edərək, Aİ Şərq Tərəfdaşlığının 29 noyabr tarixində Vilnüsdə keçirilmiş zirvə toplantısında təmsil olunmuşdur. Zirvə toplantısı çərçivəsində Azərbaycan ilə Aİ arasında viza proseduralarının sadələşdirilməsi haqqında saziş imzalanmışdır. Readmissiya haqqında sazişin isə 2014-cü ilin əvvəllərində imzalanması nəzərdə tutulur. Aİ ilə Azərbaycan arasında Yerdəyişmə üzrə Tərəfdaşlığa dair Birgə Bəyannamə və konkret əməkdaşlıq sahələrinin əks olunduğu Əlavə isə dekabrın 5-də Brüsseldə imzalanmışdır.

NATO ilə əməkdaşlıq Sülh naminə tərəfdaşlıq proqramı, Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və təhlil prosesi çərçivəsində uğurla davam etdirilmişdir. Azərbaycan Respublikası 22-23 may tarixlərində Meydana gələn təhlükəsizlik çağırışları üzrə NATO-nun tərəfdaşlıq konfransına ev sahibliyi etmişdir. İl ərzində Azərbaycan Respublikası NATO-nun rəhbərliyi altında Əfqanıstanda aparılan ISAF əməliyyatına töhfəsini davam etdirmiş və əlverişli hava və quru tranziti imkanları yaratmışdır. Azərbaycan eləcə də Əfqanıstana müxtəlif təlim proqramları, humanitar layihələr, mina təmizləmə, təhsil və kadr hazırlığı vasitəsilə yardımlar etmişdir.

Azərbaycan YUNESKO-nun bir-neçə mühüm tədbirinə ev sahibliyi etmişdir. 2-8 dekabr tarixində Bakıda YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyası keçirilmiş və nəticədə, Azərbaycanın Komitəyə təqdim etdiyi “Çovqan - Azərbaycan Respublikasında ənənəvi Qarabağ atüstü oyunu” nominasiyası YUNESKO-nun Təcili Qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısına daxil edilmişdir.

İyul ayında “Azərbaycan Hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır.

Azərbaycan YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinin 8-ci sessiyası çərçivəsində komitə bürosunun vitse-prezidenti qismində üzv seçilmiş və sessiyada Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilmişdir.

ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarı ilə 2014-cü ilin yanvarın 1-dən etibarən ATƏT-in Bakı ofisinin mandatı dəyişdirilmiş, ofis ATƏT-in Bakıda layihə əlaqələndiricisi mandatı almışdır.

Azərbaycan beynəlxalq təşkilatların seçkili orqanlarına öz namizədliyini fəal şəkildə irəli sürməkdə davam etmişdir. Ölkəmiz Avropa qrupundan Ümumdünya Turizm Təşkilatının İcra Şurasının 2013-17-ci illər üzrə üzvlüyünə seçilmişdir.

Xəzər dənizi məsələləri ilə bağlı keçirilmiş çoxsaylı görüşlər və tədbirlərdə iştirak edilmiş, ölkəmizin müxtəlif məsələlər üzrə əsaslandırılmış mövqeyi təqdim olunmuşdur. 11-12 sentyabr tarixlərində Bakıda “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın razılaşdırılması üzrə xüsusi işçi qrupunun növbəti iclası keçirilmiş və konvensiya layihəsi üzərində müzakirələr aparılmışdır.

Hesabat ilində müasir dövrün çağırışlarının cavablandırılması və hədə və təhdidlərinin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsində fəal rol oynayan Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq, terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, tərksilah və silahlara nəzarət rejimlərinin gücləndirilməsi, ətraf mühit və ekologiya, iqlim dəyişikliyi və yoxsulluq problemlərinin həlli və davamlı inkişafın təmin olunması təşəbbüslərinə öz töhfəsini vermiş və bu mövzular üzrə aparılan müzakirələrdə fəal iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafının nəzərdə tutulduğu “Bakı Prosesi”-nin davamı çərçivəsində 29 may-1 iyun tarixlərində Bakıda BMT-nin Sivilizasiyalar alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəyi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında II Ümumdünya mədəniyyətlərarası dialoq forumu keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 31 oktyabr-1 noyabr 2013-cü il tarixində III Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir.

Azərbaycan Respublikası beynəlxalq aləmdə terrorçuluğa qarşı mübarizə sahəsində siyasi həmrəylik və praktiki əməkdaşlığın gücləndirilməsi məqsədi ilə 18-19 mart tarixlərində “Terrorizmin Qarşısının Alınması üçün Əməkdaşlığın Gücləndirilməsinə dair Beynəlxalq Konfrans”a ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etmiş və geniş nitqlə çıxış etmişdir.

Kütləvi qırğın silahlarının və aidiyyəti texnologiyaların, yüngül və atıcı silahların yayılması ilə mübarizə istiqamətində çoxtərəfli və ikitərəfli əməkdaşlıq çərçivəsində fəaliyyətlər, xüsusilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Kimyəvi Silahların qadağan edilməsi Təşkilatı, BMT-nin aidiyyəti qurumları, nüvə terrorçuluğu ilə mübarizə üzrə qlobal təşəbbüs və digər bu kimi təsisatlarla əməkdaşlıq davam etdirilmişdir.

Davamlı inkişafa töhfə vermək məqsədi daşıyan və Azərbaycanın təşəbbüskarı olduğu “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin tərkib hissəsi kimi 4 sentyabr 2013-cü il tarixində BMT Baş Məclisinin 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən Avrasiya rabitə alyansının təsis edilməsi üzrə təklifin dəstəklənməsi barəsində qətnamə qəbul edilmişdir.

Xarici işlər nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) beynəlxalq humanitar və yardım layihələrinə və davamlı inkişafa xidmət edən layihələrinin sayını artırmışdır. Xarici tələbələr üçün təqaüd proqramı çərçivəsində Fələstin, Sent Vinsent və Qrendadan olan tələbələr Azərbaycanın ali təhsil müəssisələrində təhsil almışlar. Anqola, Əlcəzair, Çad, Kamerun, Fil dişi sahili, Liviya, Mavritaniya, Misir, Nigeriya, Sudan, Kolumbiya, Vyetnam, Oman, Küveyt və sair dövlətlərin mütəxəssisləri üçün neft-qaz istehsalı üzrə ixtisasartırma kursları təşkil edilmişdir. Əfqanıstanda elektron hökumətin yaradılması layihəsinə töhfə verilmiş, Fələstinə, Bosniya və Herseqovinaya, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Etimad fonduna, Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı fonduna, BMT-nin Vyana ofisinin dəstəklənməsi layihəsinə maliyyə və texniki yardımlar edilmişdir. Panama, Qvineya Bissau və Filippində baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün humanitar və maliyyə yardımları edilmiş, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna, BMT-nin İnsan alveri qurbanlarına Könüllü Yardım Fonduna və Beynəlxalq Qırmızı Xaç Komitəsinə könüllü ianələr verilmişdir.

“Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində 2013-cü ildə Mali, Liviya, Niger, Çad, Benin, Burkina Faso, Kamerun, Cibuti və Qvineyada uğurlu layihələr həyata keçirilmiş və on minlərlə insan ödənişsiz əsasda göz müayinəsi edilmiş, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 3000-dən çox şəxsin görmə qabiliyyəti bərpa edilmişdir.

İl ərzində Azərbaycan Diplomatik Akademiyası (ADA) həyata keçirdiyi tədris və təlim proqramlarını daha da genişləndirmiş və tədricən universitetə çevrilmə prosesini davam etdirmişdir. ADA-nın dünyanın aparıcı ali təhsil və tədqiqat müəssisələri ilə əlaqələri, təcrübə və tələbə mübadilə proqramları artmışdır. Nüfuzlu ali təhsil müəssisəsi kimi Azərbaycan vətəndaşları ilə bərabər, xarici tələbələr tərəfindən də ADA-ya maraq artmışdır. ADA-da tələbələrin ümumi sayı 700-ə çatmışdır. Hal-hazırda ADA-nın tədris proqramlarına 20-dən artıq ölkədən 40-dan çox beynəlxalq tələbə təhsil alır.

İl ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil etmişdir.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə səfərlərinin asanlaşdırılması və konsulluq sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində aparılmış iş nəticəsində il ərzində bir sıra ölkələrlə diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi, Avropa İttifaqı ilə isə viza sadələşdirilməsi haqqında sazişlər imzalanmışdır.

2013-cü ildən Azərbaycan Respublikasının Avstraliya İttifaqında Səfirliyi, Vyetnam Sosialist Respublikasında Səfirliyi, Çexiya Respublikasının Karlovı Varı şəhərində Fəxri Konsulluğu, Rumıniyanın Konstansa şəhərində Fəxri Konsulluğu fəaliyyət göstərməyə başlamışdır.

2013-cü ildən Azərbaycan Respublikasında Sudan Respublikasının Səfirliyi, Monteneqronun Fəxri Konsulluğu, Gürcüstanın Gəncə şəhərində Baş Konsulluğu fəaliyyət göstərməyə başlamışdır.

2014-cü il ərzində də ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan Respublikasının uğurlu xarici siyasəti davam etdiriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm