Bakı və Aşqabad razılaşır: “Köhnə Qitə” qurtulacaqmı?
Bizi izləyin

Nida.az

Bakı və Aşqabad razılaşır: “Köhnə Qitə” qurtulacaqmı?

Bakı və Aşqabad razılaşır: “Köhnə Qitə” qurtulacaqmı?

Sabah Moskvada Xəzəryanı ölkələrin- Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran- XİN rəhbərlərinin görüşü olacaq.

Publika.Az xəbər verir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə sentyabr ayında keçiriləcək sammitinə hazırlıq üçün bu sonuncu toplantıdır. Əsas məsələ Xəzərin hüquqi statusunun təyin edilməsidir.
Hazırda Xəzərin qeyri-müəyyən statusu Azərbaycan, Türkmənistan və İran arasında razılığın olmamasına görə davam edir. Bu istiqamətdə aparılan danışıqlar nəticəsində Status haqqında konvensiyanın mətninin 80 faizindən çoxu razılaşdırılıb.

Astan-Bakı Xəzər əməkdaşlığı institutunun direktoru Serqey Mixeyev bildirir ki, qeyri-müəyyən status faktiki olaraq Xəzərdəki enerji resurslarının mənimsənilməsi prosesinin dalana dirəyir: “İrəliyə getmək üçün suyun üzünün və dənizin dibinin bölünməsinə ayrılıqda baxmaq lazımdır. Ümid edirəm ki, Həştərxanda dövlət başçılarının iştirak edəcəyi sammitdə tərəflər bu problemdə razılığa gələcək. Çünki faktiki olaraq qeyri-müəyyən status enerji resurslarının mənimsənilməsində problem yaradır”.


Azərbaycan və Türkmənistan razılığa gəlir: Avropa Rusiyadan qurtula bilər


Rusiyanın məşhur “Nezavismaya qəzeta” nəşri isə iddia edir ki, Azərbaycan və Türkmənistan bu məsələdə razılığa gəlirlər. Nəşr yazır ki, mövcud vəziyyətdə Xəzərin enerji resurslarının çatdırılmasında hər şeydən əvvəl Avropa Birliyi maraqlıdır. Hansı ki, mövcud vəziyyət Trans-Xəzər boru kəmərinin tikintisinə təsir edir. Rusiya və İran məhz bu məsələni qabardaraq hüquqi statusun təyin olunmamasını səbəb gətirir və bu əsasdan çıxış edərək boru kəmərinin tikintisinə qarşı çıxır.
Lakin sürətlə irəliləyən Ukrayna böhranının fonunda Avropa Birliyi Bakı və Aşqabadla danışıqları yeniləyib. AB-nin Azərbaycandakı nümayəndəsi Malena Mard bu günlərdə bildirdi ki, rəsmi Brüssel qazın tək mənbədən-Rusiyadan çatdırılmasını istəmir. Buna görə də Brüssel Azərbaycan və Türkmənistanla danışıqlar aparmağı davam edir: “Trans-Xəzər layihəsi Brüssel üçün prioritetdir. Çünki Avropa Birliyi Rusiyanın “Cənub axını”nın üstündən xətt çəkmək istəyir”.

Ötən həftənin cümə günü SOCAR prezidenti Rövnəq Abdullayevin türkmən qazının dünya bazarına çatdırılması ilə bağlı türkmənbaşı Qurbanqulu Berdiməhəmmədovla danışıqları da diqqət çəkəndir.
Türkmən prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, tərəflər tranzit qaz kəmərləri layihələrininin birgə reallaşdırılmasının müzakirə edib. Belə ki, dünya bazarında artan ehtiyacları nəzərə alaraq enerji resurslarının sabit çatdırılması əhəmiyyətlidir.
Aşqabaddakı danışıqların nəticələrinə görə Azərbaycan Trans-Xəzərin reallaşması üçün öz ərazisini, tranzit imkanları və infrastrukturunu verməyə hazırdır.

Bu görüşdən bir həftə öncə isə Türkmənistan XİN rəhbəri Rəşid Meredov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla əməkdaşlıq məsələlərini müzakirə etdi. Baxmayaraq ki, Aşqabad və Bakı Rusiya ilə İranın etirazlarını qəbul etmir və bildirirlər ki, bu əməkdaşlıq iki Xəzəryanı ölkənin öz maraqlarına xidmət edir, lakin Türkmənistan da bu məsələ güzəştli mövqedən çıxış edir.
Necə ki, Berdiməhəmmədov bu günlərdə bildirdi ki, Türkmənistan neytral ölkə kimi Xəzər dənizi ilə bağlı məsələdə razılaşdırılmış mövqedən çıxış edəcək.


“Türkmənistanla ümumi dil tapmaq mümkün olsa, İranın müqaviləyə əməl edilməsi bir qədər çətin olacaq”


Bakı Dövlət Universitetinin professoru, Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Çingiz İsmayılov məsələ bilə bağlı bildirib ki, Xəzər dənizinin statusunun müəyyən edilməsində Azərbaycan dənizin orta xətt üzrə bölünməsinin tərəfdarıdır. Onun fikrincə, Türkmənistanla ümumi dil tapmaq mümkün olsa, o zaman İranın 1940-cı ildə SSRİ ilə bağlanmış müqaviləyə əməl edilməsi bir qədər çətin olacaq.

“Hazırda Azərbaycanla Türkmənistan arasında “Kəpəz” yatağı mübahisəlidir. Azərbaycan son 10 il ərzində bu yatağın Türkmənistanla birgə istismarını təklif edir. Amma Aşqabad hələ də nədənsə çəkinir. Bakı hesab edir ki, Azərbaycan, Qazaxıstan və Rusiyanın razılaşdığı prinsiplərlə İran və Türkmənistan da razılaşsa, bu mükəmməl həll variant olar”-deyə ekspert bildirib.

“Cənubi Qafqaz” politoloqları klubunun rəhbəri İlqar Vəlizadənin fikrincə isə əgər türkmən qazı beynəlxalq qaz kəməri sistemi ilə daşınacaqsa, bu Azərbaycana sərf edir: “Çünki burda Azərbaycan əhəmiyyətli paya sahib olacaq”.

Onun sözlərinə görə, İran Həsən Ruhani rəhbərliyə gələndən sonra bu məsələdə yumşaq mövqe sərgiləyir. Halbuki buna qədər öz dediyini yerinə yetirilməsini istəyirdi, indi isə əhatəli danışığın tərəfdarı kimi çıxış edir.

Əsas mübahisələr nədədir: 3 yanaşma


Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusunu təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxıb. Birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.

Status razılaşmaları və Aşqabadın “Abşeron yarımadası” iddiası Rusiya Xəzərdə qonşusu olduğu Qazaxıstan və Azərbaycan ilə razılaşaraq problemi həll etmək istəyir. Çünki, Rusiya problemin davam etməsinin bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olduğunu düşünür, eyni zamanda Azərbaycanın ABŞ və Avropa Birliyinə yaxınlaşmasından narahatlıq keçirir. Azərbaycan Xəzəri bir “göl” olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bölünməsinin tərəfdarıdır. Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasın lazım olduğunu bildirir.

İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-çıraq” yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlamış, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında “orta xətt” prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşmışdır. Qazaxıstan bənzər bir razılaşmanı Azərbaycan ilə də əldə edib. Yəni, Xəzərin şimalındakı bölgü istiqamətində bir konsensusun olduğu deyilə bilər. Amma Rusiya enerji şirkəti “Lukoyl”un Rusiya-Qazaxıstan sərhədini keçdiyi üçün Qazaxıstanın Rusiyaya dəfələrlə nota verdiyini də bilirik. İranın hədəfi Azərbaycandır İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması etirazla qarşılanır. İranın Xəzərdəki paylaşma mübarizəsi çərçivəsindəki hədəfinin Azərbaycana zərər vermək, bu ölkənin iqtisadi inkişafının arxasındakı ən əhəmiyyətli silah olan enerji ehtiyatlarının rolunu zəiflətmək olduğu da ortadadır. Bu baxımdan İranın Xəzərdə Azərbaycanla problem yaşayan Türkmənistana dəstək verdiyini də görürük.

İran Azərbaycanın Xəzərdəki enerji ehtiyatları çərçivəsində Türkiyə, Avropa Birliyi və ABŞ ilə əməkdaşlıq etdiyini görür və bunun Rusiyada da narahatlıq doğurduğunu bildiyi üçün Rusiya ilə də Xəzər oxunda uyğunlaşmağa çalışır. İran Azərbaycan ilə Xəzərdəki sərhədin qeyri-müəyyən olmasından faydalanaraq müəyyən vaxtlarda Azərbaycan ilə əldə etdiyi razılaşmalar çərçivəsində fəaliyyət göstərən “Exxon” və BP kimi Qərb şirkətlərin gözünü qorxutmaq üçün hərbi təlimlər keçirib. Rusiya və İran xüsusilə ABŞ-ın Xəzər ətrafında artan fəaliyyətindən narahatdır. ABŞ-ın Azərbaycan ilə inkişaf etdirdiyi müttəfiqlik əlaqələri və Əfqanıstandan çəkilmə mərhələsində Özbəkistan-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edəcəyini bildirməsi Xəzərdəki nüfuzunun azalmasından qorxan Rusiya və İranın təlaşına səbəb olub. ABŞ-ın Xəzərdə hərbi dəniz bazası yaratmaq istiqamətində işlər görməsi və Vaşinqtonun Qazaxıstan və Azərbaycana yaxınlaşa biləcəyi fikri Moskva və Tehranı yaxınlıqda olan təhlükənin qarşısını almaq üçün birləşməyə vadar edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm