Rauf Mirqədirovla bağlı partiyasından rəsmi açıqlama
Bizi izləyin

Nida.az

Rauf Mirqədirovla bağlı partiyasından rəsmi açıqlama

Rauf Mirqədirovla bağlı partiyasından rəsmi açıqlama

“Partiyanın Mərkəzi Şurasının üzvü olan Rauf Mirqədirov hələ də partiya üzvlüyündə qalır. O, AMİP sıralarında olub və indi də partiyamızın üzvüdür”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Orucov Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Rauf Mirqədirovla bağlı partiyada hər-hansı müzakirə aparılmayıb.

“Dostluq münasibətində olan şəxs kimi onun barəsində AMİP üzvləri ilə öz aramızda söhbət etmişik. Amma rəsmi surətdə bununla bağlı müzakirə aparmamışıq. İşin mahiyyətinin nədən ibarət olduğunu bilmirik. İstintaq yekunlaşandan sonra AMİP-də müzakirələr aparıla və münasibətimizi bildirə bilərik”-deyə o bildirib.

Ə. Orucov qeyd edib ki, R. Mirqədirov AMİP üzvü olsa da, uzun müddətdir Türkiyədə yaşadığı üçün partiya ilə əlaqəsi olmayıb: “Rauf bəyin dövlətə xəyanətdə əli olduğuna inanmıram. O, əqidəli, dövlətini, millətini sevən insan olub. Ola bilsin anlaşılmazlıq baş verib. Nəsə başqa bilmədiyimiz şeylər də ola bilər. Hər-halda istintaqın yekunlaşmasını gözləyirik”.

AMİP lideri Etibar Məmmədov bu barədə açıqlamasında məsələnin qaranlıq olduğunu deyib. O, R. Mirqədirovun dövlətə xəyanət edəcəyinə inanmadığını bildirib: “Özüm də prosesləri yaxından izləyirəm. Mənim üçün həqiqətən maraqlıdır ki, Rauf Mirqədirovun həbsinə səbəb nədir. Çox güman ki, hər şey yaxın vaxtlarda aydınlaşacaq. Amma mən inanmıram ki, o elə bir cinayət eləmiş olsun, dövlətə xəyanətə yol versin”.

Qeyd edək ki, Rauf Mirqədirov əvvəllər “Millət”, “Demokratik Azərbaycan”, “Bu gün” qəzetlərində çalışıb, digər media qurumları ilə əməkdaşlıq edib.

“Ayna-Zerkalo” qəzetinin Türkiyədən deportasiya edilmiş əməkdaşı R. Mirqədirov Bakıda Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm