Elçibəyin qardaşı danışdı: “Çox şeylər var ki, demək olmur”
Bizi izləyin

Nida.az

Elçibəyin qardaşı danışdı: “Çox şeylər var ki, demək olmur”

Onların ya başı qaçıb, ya dəli olublar. Ağıllarına gələni yazırlar. Bilmirəm bunlar havadadırlar, təzyiq altındadırlar?! Bunların işindən baş açmaq olmur. Yazılanların hamısını oxuyuram. Heç Bəyə uyğun olmayan şeylər yazırlar

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Publika.Az–a müsahibəsində son günlərdə AXCP-Müsavat qarşıdurmasında Elçibəyin adının hallanması, vaxtilə Ə. Elçibəyin yaratdığı gizli təşkilat, qardaşının son günlərində Kələkidəki vəziyyət və digər məsələlərlə bağlı danışıb.

-Son günlər AXCP-Müsavat qarşıdurmasında Elçibəyin adı da hallanır. Ümumiyyətlə qardaşınızın adının belə məsələlərdə hallanmasına münasibətiniz necədir?

-Onların ya başı qaçıb, ya dəli olublar. Ağıllarına gələni yazırlar. Bilmirəm bunlar havadadırlar, təzyiq altındadırlar?! Bunların işindən baş açmaq olmur. Yazılanların hamısını oxuyuram. Heç Bəyə uyğun olmayan şeylər yazırlar.

-Elçibəyin ailəsi olaraq bununla bağlı nəsə tədbir görmək fikrindəsiniz?

-
Qoy danışsınlar, görək hara kimi gedəcəklər. Heç dayanmasınlar, nə deyirlər desinlər. Görək nə demək istəyirlər. Ondan sonra cavablarını verəcəyik.

-Bu günlərdə Rauf Arifoğlu Əbülfəz Elçibəyin gizli təşkilatının olduğunu açıqladı. Belə bir təşkilat var idimi?

-Düz deyir, belə təşkilat olub. Amma bilmirəm Rauf Arifoğlu orda olub, ya yox. Bu uzun məsələdir. O zaman bunların heç biri bəyi tanımırdı. Həmin təşkilatda əvvəl 3 nəfər idilər. Rəhmətlik Xudu müəllim, Elçibəy, bir də biri var idi. Sovet İttifaqı qəhrəmanı Bünyadov.

-Ziya Bünyadovu deyirsiniz?

-Bəli, o idi. İndi danışanlar o vaxtlar çayxanalarda oturardılar, heç biri də bu işlərdən xəbərləri yox idi. Sonradan həmin üç nəfər “Yeddilər”, daha sonra “Doqquzlar” oldu. Daha sonra sayları artdı. Rauf o zaman yox idi, bəlkə də sonradan orda olub.

-Təşkilat hansı işləri görürdü, gizliliyini necə qoruyurdu?

-Orda üzvlərin əksəriyyəti bir-birini tanımırdı. İndikilərin də çoxu bəyi tanımırdılar. Mən ancaq üç nəfəri tanıyırdım. Əvvəl 3 nəfər idilər-Bəy, Ziya Bünyadov, Xudu müəllim. Ağsaqqalları Ziya idi. Sonra hər biri əlavə 3 nəfəri təşkilata cəlb etdi. Cəlb edilənlər ancaq onları gətirənləri tanıyırdı, digərlərini yox. Daha sonra cəlb ediləblərin hər birini əlavə 3 nəfəri təşkilata qatırdı. Beləliklə, şəbəkə kimi genişlənmişdi, amma gizliliyinin qoruyurdu. Uzun müddət, hardasa bir ilə qədər gizli qaldı. Ordan da yavaş-yavaş hərəkata çevrildi.

-Xalq cəbhəsi hərəkatının özəyi ordan başlayıb?

-Bəli, əvvəl ordan başladı. Bir yerdə toplandılar, təşkilatlandılar. Allah rəhmət etsin, Bəxtiyar da orda idi. Amma o bəyin də orda olduğunu bilmirdi. Bəy həbs olunanda xəbər tutmuşdu. Ziya Bünyadov da bəyin, o birilərin müəllimi və başçıları idi.

-Əsasını Z. Bünyadov qoymuşdu?

-Bəli, əsasını o qoymuşdu, Bəy də əvvəldən işin içində idi. Ondan sonra Elçibəy bu işləri davam etdirdi, hərəkat formalaşdı. Bəyə Türkiyədən mükafat olaraq bayraq göndərmişdilər. O məclisdə mən də iştirak edirdim. Yadımdadır ki, Bəy “artıq əhdimə çatdım” dedi. Fəzail Ağamalı və başqaları orda idi. Amma orda Rauf yox idi, ola bilsin ki, sonradan qoşulub.

-Elçibəy Kələkidə olanda onu kimlər ziyarət edirdi?

-Mən o vaxtlar onu yanında olardım. Gecələrdi də orda qalardım. Bircə işə gedərkən yanında olmazdım. Mənim olduğum müddətdə bunlardan heç kim gəlmirdi ora. Bircə Fazildən başqa (Fazil Mustafa-red).

-Amma deyəsən çox şeylər var ki, cəmiyyətdən gizlədilir. Rauf Arifoğlu həm də Elçibəyin preizdent olduğu vaxt gizli təşkilat yaratmasından söz açır.

-Mən bunları bilmirəm. Bu yaşımda kiməsə söz deyə bilmərəm. Onu bilirəm ki, bəy özü müalicə olunmaq istəmədi. Bir həkim var idi, adını çəkməyəcəm. Dedi ki, hər şeyi hazırlamışam, gəl səni Almaniyaya aparım. Bəy razı olmadı. Edə bilərdi, amma özü istəmədi. Allah rəhmət etsin. Amma çox şeylər var ki, demək olmur.

-Elçibəyin arxivi hardadır indi?

-Hamısı öz evindədir. O vaxt bizim evdə idi. İmkanımız olmadı, evimizi satdıq. Sonra nəyi var idisə öz evlərinə apardım. İndi hamısı öz evindədir.

-Bəyin ailəsi necədir, gələn-gedən olurmu? Son olaraq nə demək istəyirsiniz?

-Mənim bunlara son sözüm odur ki, ağıllarını başlarına yığsınlar. Nə üçün belə vəziyyətə düşüblər, bu ona deyir, o biri buna deyir. Başqa şeylərdən danışsınlar, ya da ümumiyyətlə sussunlar, danışmasınlar. Mən xahiş edirəm ki, bir də Elçibəyin adını hallandırmasınlar. Elçibəyə layiq adam olmadılar. Belə də yazarsan. Başqa heç nə demirəm. Bəy neçə ildir rəhmətə gedib. Bunun ailəsi var. Bir dəfə bayramda, ad günündə qapısını döyüblər?! Gedib döysünlər qapısını, oğlunun, qızının, həyat yoldaşının halını soruşsunlar, “bala nətərsiniz” desinlər. Ölümsünüz, qalmışınız. Maraqlansınlar. Bunların heç birini görməmişəm.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm