Rusiya NATO-ya qarşı miqrant ordusu yaradır
Bizi izləyin

Nida.az

Rusiya NATO-ya qarşı miqrant ordusu yaradır

Rusiya NATO-ya qarşı miqrant ordusu yaradır

Bu barədə Moskvada Azərbaycan diasporunun adının açıqlanmasının istəməyən nümayəndəsi Publika.Az -a məlumat verib.

Məlumata görə, “Rusiya miqrantları ittifaqı” tərəfindən irəli sürülən “miqrantlara rus ordusunda xidmət qarşılığında vətəndaşlıq verilsin” təşəbbüsü Kremldən gəlib: “Faktiki olaraq, Rusiyada vətəndaşlıq almaq üçün kifayət qədər miqrant sıraya dayanıb. Onlar arasında azərbaycanlılar da çoxluq təşkil edir. Belə bir təklifi güman ki, əksər miqrant qəbul edəcək. Son vaxtlar NATO-nun Şərqə doğru hərəkət etməsi Moskvanı buna sövq edir. Lakin o da bəllidir ki, bu məsələ yalnız Kremlə lazım olanda tətbiq ediləcək”.

Mənbə əlavə edib ki, Rusiyada ən idarəolunmaz miqrantlar azərbaycanlılar və qazaxlardır. Onun sözlərinə görə, belə bir şərtlə həm də idarəolunmazları yola gətirmək mümkün ola bilər.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının müdafiə məsələləri komitəsi “Rusiya miqrantları ittifaqı”nın təşəbbüsü ilə belə bir qanun layihəsi hazırlayıblar. Layihəyə görə, əvvəlcə Rusiyada doğulan miqrant uşaqları, sonrakı mərhələdə isə öz ölkəsində hərbi xidmət keçməyən, yaxud bunu istəməyən miqrantlar rus ordusunda hərbi xidmət keçməklə vətəndaşlıq ala bilərlər.


Dumanın müdafiə məsələlər üzrə komitəsinin üzvü Viktor Vodolaskiy məsələni şərh edərkən deyib ki, Rusiya ordusunda xidmət keçmək miqrant uşaqları üçün kifayət qədər problemi məsələdir. Onun fikrincə, bu qanunvericilikdə həllini tapmalıdır: “Rusiya vətəndaşlığını almamış, amma bizim ölkənin ərazisində doğulmuş miqrant uşaqları orduda xidmət keçmək, hətta zabit olmaq istəyirlər. Biz bu məsələni komitənin ən yaxın iclaslarında müzakirə edəcəyik”. O, hərbi xidmət əvəzinə miqrantlara Rusiya pasportu verməyi təklif etdiklərini açıqlayıb.

Deputat Frans Klinseviç isə bildirib ki, Rusiyada artıq Tacikistanda sınaq üçün 201-ci diviziya var: “Orda müqavilə üzrə Tacikistan və Özbəkistan vətəndaşları xidmət edirlər. Bu fransızların xarici legionuna bənzər formada yaradılıb. Təcili xidmətə əcnəbilərin qəbuluna gəldikdə, biz bunu müzakirə edirik və mümkün olduğunu hesab edirik. Əgər bunun ehtiyac olduğunu sübut edilsə, qanunvericilikdə dəyişiklik edilə bilər”.

Miqrantların hərbi xidmətə qəbul edilməsi ilə bağlı hökumətə müraciət edən “Rusiya miqrantları ittifaqı”nın rəhbəri Məhəmməd Amin bildirib ki, bu yaxşı təşəbbüsdür və o, deputatların müsbət reaksiyasının yüksək qiymətləndirir.

“Rusiyada ərazisində doğulmuş uşağın valideynlərindən biri Rusiya vətəndaşıdırsa, ona vətəndaşlıq avtomatik verilir. Amma hər iki valideynin vətəndaşlığı yoxdursa, burda problemlər yaranır. Bu baxımdan, məsələ ilə bağlı əməkdaşlıq ilk yaxşı addımdır. Hakimiyyətdən bizim müraciətimizə daha yaxşı baxmağı və nəzərə almağı xahiş edirik. Çünki Rusiyada yaşayan miqrant vətəndaşlıq, mənzil hüququ və digər hüquqları tələb edirsə, Rusiya ordusunda xidmət keçməyə məcburdur”-deyə ittifaqın rəhbəri bildirib.

Qeyd edək ki, bu miqrantlar üçün stimul verici təklif olsa da, Moskvanın post-sovet ölkələri üçün yeni ssenarisi kimi də qəbul edilməlidir. Konkret Azərbaycanı götürsək, hazırda Rusiya torpaqlarında 2 milyondan çox azərbaycanlı işləyir. Onlardan 600 minə qədər rəsmi qeydiyyatdadır, amma vətəndaşlıq alanların sayı 200 minə çatmır. Yəni bu dəyişiklik qüvvəyə minsə- hansı ki, yüksək ehtimaldır- Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlıların Rusiya ordusuna axınına səbəb olacaq.

Digər tərəfdən bu, Azərbaycan Ordusunda potensial çağırışçı problemini yaradacaq. Belə ki, əvvəlki illərə nisbətən azalma tendensiyası müşahidə olunsa da, bu gün hərbi xidmət keçmək istəməyənlərin Rusiyaya üz tutduğu məlumdur.

Sabiq dövlət müşaviri Vəfa Quluzadə Publika.Az-a müsahibəsində (http://publika.az/p/16389) bildirib ki, bu həm də azalan rus əhalisinin miqrantlar hesabına artımına nail olmaqdır.

“Məsələ odur ki, Rusiyada əhali azalması var. Buna görə də Rusiya miqrantları öz içərisində əritmək üçün müxtəlif addımlar atır. Bu da belə addımlardan biridir. Əgər miqrant Rusiyada yaşayırsa, işləri yaxşıdırsa, evinə qayıtmaq fikri yoxdursa, buyursun rus ordusunda vuruşsun və vətəndaşlıq alsın. Miqrantların kütləvi şəkildə buna gedəcəyinə inanmıram. Amma inanıram ki, çox miqrantlar buna gedə bilərlər. Amma hər-halda Rusiyada tək Azərbaycanda yox, bütün keçmiş sovet ölkələrindən külli miqdarda miqrant var. Əgər həmin miqrantlar rus ordusunda xidmət edib vətəndaşlıq alsalar, Rusiya doğum problemini həll etmiş olar. Ümumiyyətlə Rusiya doğum problemini keçmiş sovet ölkələri hesabına uğurla həll edir”-deyə V. Quluzadə bildirib.

Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm