“Bizi Rusiya təhlükəsi gözlədiyinə dair rəsmi fikir demək olmaz”
Bizi izləyin

Nida.az

“Bizi Rusiya təhlükəsi gözlədiyinə dair rəsmi fikir demək olmaz”

“Bizi Rusiya təhlükəsi gözlədiyinə dair rəsmi fikir demək olmaz”

“Bizi Rusiya təhlükəsi gözlədiyinə dair rəsmi fikir demək olmaz”

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova son prosesləri Publika.Az -a müsahibəsində şərh edir.

- ABŞ səfiri Riçard Morninqstar Ukrayna hadisələrinə diqqət çəkərək Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyini qeyd edib. Sizcə, səfir bununla nə demək istəyir?

- Beynəlxalq güclər dünyada baş verən Dağlıq Qarabağ kimi həlli uzanmış, bölgəyə və dünyaya ciddi zərər verən münaqişələrin həllinin vacibliyini vurğulamağa şərait yaradırsa, buna qiymət vermək lazımdır. Nəzərə almalıyıq ki, bu fikirlər təkcə Amerika səfirinin, yaxud ABŞ nümayəndələrinin deyil, bütün ölkələrin, o cümlədən beynəlxalq təşkilatların rəsmilərinin dilindən tez-tez səslənməyə başlayır. Bu da onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin təkcə Azərbaycana və regiona deyil, dünyaya böyük zərər gətirdiyini anlayırlar. Həmçinin, bu, Azərbaycanın dünya ictimaiyyətinin bu kimi münaqişələrin həllinə çalışmalıdır deməsi ilə nə qədər haqlı olduğunu ortaya çıxardır. Əlbəttə, hazırdakı durum bütün dünya ölkələrinin, eləcə də böyük güclərin diqqətini beynəlxalq hüququn pozulduğu məsələsinə yönəldir. Çünki Dağlıq münaqişəsi Qarabağ beynəlxalq hüququn pozulmasının nəticəsidir. Təəssüf ki, bu illər ərzində Azərbaycan tərəfi bunu hər addımda, hər fürsətdə vurğulamasına və dünyanın diqqətini buna yönəltməsinə baxmayaraq, saymazyana münasibət var idi. Amma indi dünya ölkələrinin rəsmiləri, beynəlxalq güclər bunu söyləməyə başlayırlar. Hər-halda hesab edirəm ki, bu fikri genişləndirməyə və diqqəti bu məsələyə yönəltməyə, beynəlxalq hüquq prinsiplərinə bütün dünya ölkələrinin, kiçikliyindən, böyüklüyündən, güclü, gücsüz olmasından asılı olmayaraq, əməl etməli olduğunu diqqətə çatdırmağa imkan verir.

- Amma ortada ikili standartlar hələ də var. Dövlət başçısı da müşavirəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəsmilərinin Qərb ölkələrinə səfərlər etdiklərini, bank hesablarının olduğunu vurğuladı.

-Dövlət başçısı yenə haqlıdır. Bu Azərbaycanın təcavüz məruz qaldığından bəri apardığı siyasətin, tutduğu mövqenin növbəti dəfə ortaya qoyulmasıdır. Çünki separatçı cəhdlər heç bir ölkəyə xeyir gətirmədiyi kimi, ölkələr arasındakı münasibətlərə də sarsıdıcı zərbə vurur. Beynəlxalq hüquqdakı mövcud sistemi, məntiqi dağıdır. Ona görə də bu cür separatçı rejimlərin bir-birinə baxaraq qol-qanad açmağına imkan verilməməlidir. Cənab Prezident beynəlxalq ictimaiyyət qarşısında irəli sürdüyü tələbində haqlıdır ki, bu cür separatçı rejimlərə, onların “rəhbərlərinə” qarşı sanksiyalar tətbiq edilməli, Avropa ölkələrinə buraxılmamalı, beynəlxalq tədbirlərdə iştirakına məhdudiyyətlər qoyulmalıdır. Onların bank hesabları da dondurulmalıdır. Ölkələrin ərazi bütövlüyünü pozmağa cəhd edən, insanları evlərindən didərgin salan, beynəlxalq hüququn prinsiplərini tapdalayan, dünyaya meydan oxuyan rejimlərin sonu çatmalıdır. Bu kimi insanlar beynəlxalq ictimaiyyətin təpkisinə məruz qalmalıdır ki, öz hərəkətlərinin özlərinə ziyan vurduğunu və beynəlxalq aləmdə mövcud duruma ziyan vurduqlarının fərqinə varsınlar. Digərləri də buna baxıb nəticə çıxartsın. Yoxsa eyni hərəkətə görə birinin başını sığallayıb, digərinə təzyiqlər göstərmək ikili standartların mövcud olduğunu bir daha ortaya qoyur. Bu kimi yanaşmalarla heç zaman ölkələr arasında və dünyada sağlam münasibətləri və qarşılıqlı inamı qoruyub saxlamaq mümkün deyil. Təsadüfi deyil ki, hər bir ölkə, xalq yaxın və ya uzaq qonşusundan özünə təhlükə görməyə başlayır. Bu baxımdan vahid mövqe sərgilənməlidir, əks təqdirdə özümüzün qurduğumuz dünya öz əllərimizlə dağılacaqdır.

- Bu arada son günlər əsas mövzu Azərbaycana qarşı Rusiya təhlükəsinin olmasıdır. Siz necə hesab edirsiniz, Şimaldan belə bir təhlükə varmı, yaxud gözlənilə bilərmi?

- Mətbuatda müxtəlif fikirlər ola bilər. Onların bir çoxu dünyada baş verənlərə baxıb çıxarılan şəxsi nəticələrdir. Mən bütün bu fikirlərin hamısına şərh vermək fikrində deyiləm. Amma onu deyə bilərəm ki, Azərbaycan və Rusiyanın münasibətləri hər zaman qarşılıqlı hörmətə, tərəfdaşlığa, partnyorluğa əsaslanıb. Biz öz tərəfimizdən bu əməkdaşlığı davam etdirməkdə maraqlıyıq. Bu günə qədər də Rusiya tərəfdən buna uyğun mövqe sərgiləndiyini görmüşük. Sadəcə bir şeyi nəzərə almaq lazımdır ki, Rusiya deyərkən təkcə Rusiya rəsmiləri nəzərdə tutulmur. Bəzi dairələr də olur ki, istər Rusiyada, istər ABŞ-da, istərsə Qərbi Avropa ölkələrində, öz maraqları üstün tutaraq rəsmi dövlət siyasətinə uyğun olmayan fikirlər səsləndirirlər. Necə ki, Rusiyada bunun şahidi oluruq. Fərqli siyasətçilər, Duma üzvləri Azərbaycan da daxil olmaqla, digər ölkələrə yönəlik sərt siyasətin aparılmasının vacibliyini vurğulayırlar. Amma bu dövlət rəsmilərinin dilindən səsləndirilmədiyi üçün Azərbaycanı Rusiya təhlükəsi gözlədiyinə dair rəsmi fikir demək olmaz. Burada ehtimallar və müxtəlif dairələrin mövqelərinə uyğun səslənən fikirlər var. Əlbəttə biz çox istərdik ki, iki ölkə arasındakı münasibətlər dostluğa, qarşılıqlı münasibətlərə söykənsin, əməkdaşlığımız bundan sonra da davam etsin. Mən bunun davam edəcəyinə inanıram.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm