İranda 6 siyasi məhbus aclığa başlayıb
Bizi izləyin

Nida.az

İranda 6 siyasi məhbus aclığa başlayıb

İranda 6 siyasi məhbus aclığa başlayıb

İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında saxlanan 6 tanınmış siyasi məhbus Tehranın Evin zindanında siyasi məhbuslara qarşı zorakılığa etiraz olaraq aclıq aksiyasına başlayıb.

“Media forum” saytının məlumatına görə, məhbuslar Cəfər İqdami, Rza İntisari, Məsud Bastanı, Səid Rəzəvi Fəqih, Mehdi Mahmudiyan və Səid Mədəni aprelin 23-də birgə bəyanat yayaraq Evin zindanında döyülüb təhqir edilən məhbuslara dəstək vermək üçün aclığa başladıqlarını bildiriblər.

Bəyanatda deyilir: “Evin zindanının 350-ci korpusunda baş verən qeyri-insani və acınacaqlı hadisədən, məhbusların vəhşicəsinə döyülərək təkadamlıq kameralara salınmasından bir həftə keçir. Ancaq İran Məhkəmə Sistemi, təhlükəsizlik rəsmiləri baş verənlərə görə nəinki məsuliyyəti öz üzərinə götürür, hətta hökumət mediasına çıxıb məsələ ilə əlaqədar ağ yalan danışır, hadisələri təkzib edirlər.

Biz ölkənin Məhkəmə Sisteminin və təhlükəsizlik qurumlarının qanunsuzluğuna etiraz olaraq Evin zindanında saxlanan məhbuslarla həmrəylik nümayiş etdirir və onlara dəstək olmaq üçün aclıq aksiyasına başlayırıq”.

Aprelin 17-də Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar qəfil hücuma məruz qalıb. Hücum siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, birgə inqilabçı himn və mahnılar oxumasından sonra baş verib.

Zindan məmurlarının, ETTELAAT əməkdaşlarının və 100-ə yaxın dəyənəkli əsgərin hücumuna məruz qalan məhbuslar ağır bədən xəsarəti alıblar. 5 nəfər şəhər xəstəxanasına aparılıb, onlarla məhbus isə təkadamlıq kameraya köçürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm