Yerevanda Qarabağ planları, Putindən son gediş, daha qanlı... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Yerevanda Qarabağ planları, Putindən son gediş, daha qanlı... – GÜNÜN SİYASİ XÜLASƏSİ

"Bu atom bombası deyil ki, bütün bölgəni məhv etsin, yaxud belə bir qorxu yaratsın".

Suriyada vəziyyət hər keçən gün pisləşir. Rusiyadan böyük dəstək alan Dəməşq rejimi Hələbdə həlledici döyüşə hazırlaşır. Qərb isə Suriya hökumətini və Rusiyanı "barbarlığı" dayandırmağa çağırıb. ABŞ prezidentliyinə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton ilk teledebata çıxıblar. Türkiyədə daha bir çevriliş cəhdinin ediləcəyi barədə xəbərdarlıqlar edilir. Erməni ekspertləri Yerevanda keçirilən hərbi paradda "İsgəndər" raket-kompleksinin nümayişinin şou olduğunu bildirirlər.

"Qadınları donuz və it adlandırırdı" - İlk debatda ŞOK İTTİHAMLAR

Xəbər verildiyi ki, dünən ABŞ prezidentliyinə namizədlər – respublikaçı Donald Tramp və demokrat Hillari Klinton arasında ilk teledebat baş tutub.

Qısa proqram çıxışlarından sonra namizədlər iqtisadiyyat mövzusuna keçiblər.

"Biz hər kəsin işləyəcəyi iqtisadiyyatı qurmalıyıq", - Klinton deyib. Qadın prezidentliyə namizəd amerikalılara artan gəlirlərlə yaxşı iş yerləri, maaşların artımı və işləyən qadınlar üçün bərabər ödəniş zəmanəti söz verib.

Klinton həmçinin bildirib ki, seçiləcəyi halda xəstəliyə görə məzuniyyət və uşağa qulluq da daxil olmaqla ailələrə ayrılan sosial xərcləri yüksəltmək niyyətindədir.

Tramp dərhal öz kartını çıxarıb. O, ölkədən qaçan Amerika şirkətlərini qaytaracağına söz verib. "Mənim planıma əsasən, vergiləri ciddi azaldacağam – böyük və kiçik biznes şirkətləri üçün 35 faizdən 15 faizə qədər. Bu, iş yerlərinin artmasına imkan verəcək. Bunu ABŞ Reyqanın (1980-ci illərdə ABŞ prezidenti) vaxtlarından görməyib", - o, söz verib (http://publika.az/news/dunya/151744.html).

İran: İsrail 2 min kilometrdən məhv ediləcək

İran hökuməti 2 min kilometr məsafədən uzaq hədəfi vuran raketlərin istehsalını dayandırıb.

Bu barədə İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Hava və Peyk Qüvvələri komandanı, general-mayor Əmir Əli Hacızadə bildirib.

General deyib ki, hazırda İranın həmin mənzilli raketləri kifayət qədər çoxdur:

"Bizim əsas hədəfimiz İsraildir. Bu baxımdan da 2 min kilometrdən uzaq məsafəni vuran raket silahlarına ehtiyacımız yoxdur. Bu gün ehtiyacımız İsrailin işğal etdiyi torpaqlara qədər olan məsafədir ki, buna cavab verən lazımı silahlarımız var. Hazırda İranın İsraili vuracaq istənilən qədər müasir raket silahları mövcuddur. İsraili vuracaq raketlərə çoxdan sahibik. İstədiyimiz zaman İsraili bu məsafədən məhv edə bilərik".

Son və ən qorxunc döyüşlər başlayır: Putin "CƏHƏNNƏM ALOVU"nu işə saldı

Rusiyanın ötən şənbə Suriyanın Hələb şəhərinin ətrafında "Solntsepyok" TOS-M1 ağır reaktiv odsaçan sistemlərindən istifadə etməsi ağır ittihamlarla üzləşdi.

Qərb KİV-inin yazdığına görə, dünya liderləri və BMT-nin baş katibi "barbarlığı" ittiham etdilər.

"Bəşər Əsədin tərəfdarları olan Rusiya və İran hökumət gücləri və müxalifət qüvvələri arasında bölünən Hələbi almağa kömək edirlər. Bu, rejimin strateji və əhəmiyyətli siyasi qələbəsi olardı. Əgər hücum əvvəlki kimi dağıdıcı şəkildə davam edərsə, bu, müharibənin ən qorxunc döyüşlərindən biri olacaq. Son hücum göstərir ki, Moskva sülh müqaviləsinin canlanmasında maraqlı deyil", - "The Financial Times"in məqaləsində deyilir (http://publika.az/news/dunya/170015.html).

"Daha qanlı" ssenarisi təsdiqləndi – BÖYÜK HÜCUM

Təqaüddə olan polkovnik Həsən Atilla Uğurdan sonra daha bir mütəxəssis Türkiyədə ikinci bir hərbi çevriliş barədə xəbərdarlıq edib.

Təhlükəsizlik mütəxəssisi, keçmiş "bordo bereli" Mete Yarar xuntaçıların hər cəbhədə yenidən toplandıqlarını deyib. O, xüsusilə xaricdəki qruplar vasitəsilə ilk hücumların başladığını bildirib.

"Hər cəbhədən hücuma məruz qalmağa başlayacağıq. Bunun ilk siqnalları da gəlməyə başlayıb. Xüsusilə, xaricdəki qruplar vasitəsilə ilk hücumlar başlayıb. Onların ilk prioritetləri iqtisadi hədəflərdir, ardınca isə terror aktları həyata keçiriləcək. Türkiyəni küncə sıxışdıra biləcək xarici mənbəli siyasi qərarlar qəbul edəcəklər", - Mete Yarar bildirib.

Onun sözlərinə görə, mübarizə meydanı tək Türkiyə ilə məhdud qalmayacaq, əsl mübarizə ölkə xaricində olacaq. Təhlükəsizlik mütəxəssisi xaricdəki mübarizənin daha çətin olacağını vurğulayıb.

Xatırladaq ki, Həsən Atilla Uğur "Yeni Şafak" nəşrinə müsahibəsində Türkiyəni ikinci bir çevriliş cəhdinə hazır olmağa çağırıb.

Polkovnik 15 iyul tarixində yaşanan çevriliş cəhdindən sonra təhdidin hələ aradan qaldırılmadığını deyib (http://publika.az/news/dunya/151767.html).

"Rusiyanın böyük ordusu..." – Putin FAKT QARŞISINDA

"Donbasın işğal edilmiş rayonlarında Rusiyanın 700-dən çox tankı, 1250 artilleriya sistemi, 1000-dən çox zirehli maşını və 300 reaktiv atəş sistemi var".

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Amerikanın CNN telekanalına deyib.

Prezidentin sözlərinə görə, Rusiyanın böyük ordusu əraziləri işğal edir və Ukraynaya hücum edir: "Rusiya ordusu 72 kilometr Ukraynanın içinə girdi. Rus hərbçiləri hücum əməliyyatları həyata keçirərək Ukrayna əsgərləri və dinc əhalini öldürürdülər. Bu məlumatlar məhkəmədə Rusiya hərbçilərinin ifadələri ilə də təsdiq edilib".

Moskvanın ittihamları rədd etməsinə gəlincə, Poroşenko vurğulayıb ki, 2014-cü ilin avqustunda Ukrayna hərbçiləri Rusiyanın 22 desantçısını saxlamışdılar.

"Biz onları bütün dünyaya göstərdik. Onların valideynləri övladlarının əfv edilməsini məndən xahiş edirdilər. Daha sonra biz Rusiya nişanları olan tankları göstərdik. Rusiya rəhbərliyi onların itdiyini bildirdi", - Pyotr Poroşenko vurğulayıb.

Putindən Sarkisyana gizli ƏMR

Ermənistanda hökumət dəyişikliyi dalğası Xarici İşlər və Müdafiə Nazirliklərinə də çatıb.

Ermənistanda hər iki nazirliyin rəhbərliyi "Rusiya agenti" hesab olunur. Xarici işlər naziri Eduard Nalbandyanın vəzifəsindən azad olunacağı və Fransa səfir göndəriləcəyi haqda məlumatlar yayılmışdı. Onun yerinə isə prezident aparatının rəhbəri Viqen Sarkisyan gələcəkdi.

Lakin "Aykakan Jamanak" qəzeti yazır ki, E. Nalbandyan Rusiyanın gizli şəkildə etdiyi köməklə öz postunu saxlamağı bacardı.

"Viqen Sarkisyan isə Müdafiə Nazirliyində Seyran Ohanyanı əvəz edəcək. Əgər Seyran Ohanyan Rusiyanın təsiri ilə öz postunu qoruyacaqsa, o zaman XİN-də olduğu kimi Müdafiə Nazirliyində də dəyişiklik baş tutmaya bilər", - deyə qəzet bildirib.

Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sarkisyan hökumətdə yeni kadr dəyişikliyi edib.

O, iqtisadiyyat, mədəniyyət, səhiyyə, ekologiya nazirlərinin təyinatı ilə bağlı fərman imzalayıb. Suren Karayan iqtisadiyyat, Armen Amiryan mədəniyyət naziri təyin olunub. Armen Amiryan bundan öncə İctimai teleradio şirkətində yayım şurasının üzvü olub. Başqa bir fərmanla Sarkisyan onu şura üzvlüyündən azad edib. Səhiyyə naziri postu Levon Altunyana həvalə edilib. İqtisadiyyat naziri Arsvik Minasyan isə ekologiya nazirliyinin rəhbərliyinə gətirilib. Digər fərmanla Qraçya Rostomyan gənclər və idman naziri təyin edilib.

Plan 1: "Məğlubedilməzlik" – Plan 2: ərazilərin qaytarılmasına hazırlıq

"Ermənistanda "İsgəndər-M" raket-kompleksinin nümayişi şou idi".

Bunu erməni politoloq Ayk Martirosyan deyib.

Onun sözlərinə görə, "İsgəndər-M"-in nümayişi heç nəyi dəyişdirmir: "Ermənistan bir gecədə İsveçrə, yaxud Avstriya olmadı. Digər tərəfdən, bu raket-kompleksinin həqiqətən Ermənistana məxsus olduğu, yoxsa Rusiyanın bazasına aid olduğu müzakirə mövzusudur. Bütün hallarda "İsgəndər-M" xüsusi hal deyil. Bu atom bombası deyil ki, bütün bölgəni məhv etsin, yaxud belə bir qorxu yaratsın. Deyək ki, "İsgəndər-M" Ermənistanda var, lakin bu nə qədər güclü olsa da, erməni ordusunun Azərbaycana qarşı nəsə edəcəyini düşünmək çətindir".

İran: "ABŞ-ın hərbi sirləri əlimizdədir"

İran bu ilin yanvarında əsir alınan hərbçilər vasitəsilə ABŞ-a məxsus minlərlə dəyərli hərbi sirri ələ keçirdiyini açıqlayıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Koprusunun generalı Əli Razimci məlumat verib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri minlərlə səhifəlik hərbi sənədləri İran tərəfinə verib.

Xatırladaq ki, bu ilin yanvarında Küveytdən Bəhreynə gedən 10 ABŞ hərbçisi Bəsrə körfəzində İran tərəfindən saxlanılmışdı. ABŞ İrandan rəsmən üzr istədikdən sonra hərbçilər sərbəst buraxılıb. Hadisə ilə bağlı ABŞ-da aparılan istintaq zamanı əsgərlərin bəzi məxfi məlumatları İrana verdiyi açıqlanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm