Sanksiyalar Ermənistana niyə tətbiq olunmur?- Şərh
Bizi izləyin

Nida.az

Sanksiyalar Ermənistana niyə tətbiq olunmur?- Şərh

Sanksiyalar Ermənistana niyə tətbiq olunmur?- Şərh

Azərbaycan Prezidenti İlham Əliyevin Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxış zamanı bütün Avropa qarşısında belə bir sual qoydu: Niyə Ermənistana sanksiyalar qoyulmur?

Dövlət başçısı bildirib ki, niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir?: “Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.


Ermənistan üçün sillə effekti yaradan Prezidentin bu çıxışı Qərbi da çıxılmaz vəziyyətə saldı.
Publika.Az “Niyə Ermənistana sanksiyalar qoyulmur?” sualında çıxış edərək məsələsini araşdırmağa çalışıb.


“Eyni hərəkətə görə birinin başını sığallayıb, digərinə təzyiqlər göstərmək ikili standartları bir daha ortaya qoyur”

Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, dövlət başçısının bu mövqeyi Azərbaycanın təcavüz məruz qaldığından bəri apardığı siyasətin, tutduğu mövqenin növbəti dəfə ortaya qoyulmasıdır. Onun sözlərinə görə, separatçı cəhdlər heç bir ölkəyə xeyir gətirmədiyi kimi, ölkələr arasındakı münasibətlərə də sarsıdıcı zərbə vurur: “Beynəlxalq hüquqdakı mövcud sistemi, məntiqi dağıdır. Ona görə də bu cür separatçı rejimlərin bir-birinə baxaraq qol-qanad açmağına imkan verilməməlidir. Cənab Prezident beynəlxalq ictimaiyyət qarşısında irəli sürdüyü tələbində haqlıdır ki, bu cür separatçı rejimlərə, onların “rəhbərlərinə” qarşı sanksiyalar tətbiq edilməli, Avropa ölkələrinə buraxılmamalı, beynəlxalq tədbirlərdə iştirakına məhdudiyyətlər qoyulmalıdır. Onların bank hesabları da dondurulmalıdır. Ölkələrin ərazi bütövlüyünü pozmağa cəhd edən, insanları evlərindən didərgin salan, beynəlxalq hüququn prinsiplərini tapdalayan, dünyaya meydan oxuyan rejimlərin sonu çatmalıdır. Bu kimi insanlar beynəlxalq ictimaiyyətin təpkisinə məruz qalmalıdır ki, öz hərəkətlərinin özlərinə ziyan vurduğunu və beynəlxalq aləmdə mövcud duruma ziyan vurduqlarının fərqinə varsınlar. Digərləri də buna baxıb nəticə çıxartsın. Yoxsa eyni hərəkətə görə birinin başını sığallayıb, digərinə təzyiqlər göstərmək ikili standartların mövcud olduğunu bir daha ortaya qoyur. Bu kimi yanaşmalarla heç zaman ölkələr arasında və dünyada sağlam münasibətləri və qarşılıqlı inamı qoruyub saxlamaq mümkün deyil. Təsadüfi deyil ki, hər bir ölkə, xalq yaxın və ya uzaq qonşusundan özünə təhlükə görməyə başlayır. Bu baxımdan vahid mövqe sərgilənməlidir, əks təqdirdə özümüzün qurduğumuz dünya öz əllərimizlə dağılacaqdır”.

“Beynəlxalq hüquq kobud formada pozulur, amma dünya susur”

Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə hesab edir ki, ortada hüququn aliliyi prinsipi var. Onun fikrincə, bu gün əsas amil gücdür və ali olan heç bir hüquq qalmayıb: “Krımdan sonra bir sıra məmurlara sanksiyalar tətbiq olundu, vizaları ləğv olundu, mülkiyyəti donduruldu. Biz bunu anladıq. Amma təbii bir sual yaranır: Azərbaycan ərazisini işğal etmiş, hərbi cinayətlər törədən şəxslər buna niyə məruz qalmır? Heç də aydın olmayan hansısa sənədlərlə dünyada səyahətlər edir, dəstək axtarırlar. Burda faktiki olaraq beynəlxalq hüquq kobud formada pozulur, amma dünya susur”.
A. Mollazadə qeyd edib ki, əgər dünyada hüququn aliliyi olmayacaqsa, bu hallar dəfələrlə təkrar olunacaq.
“Necə ki, Qarabağla bağlı beynəlxalq ictimaiyyət təməl prinsiplərinə əməl etmədi və ardınca Abxaziya, Osetiya, Krım hadisələri baş verdi. Əgər Qarabağ üzərində beynəlxalq hüquq təmin olunmasa, yeni hadisələr olacaq”-deyə o bildirib.

“Qərbə “bir az səmimi olun” demək istəyirəm”

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə bildirib ki, indiyə qədər diplomatik, siyasi və digər məsələlərlə bunun üstünü ört-basdır etmək istənilib, ermənilərin təcavüzünü öz müqəddəratını təyin etmə olaraq təqdim edilib: “Dövlət başçısının bununla bağlı fikirlərinin əsas leytomativini o təşkil edir ki, bu gün müxtəlif beynəlxalq hədələr, üçüncü dünya müharibəsi mesajları səsləndirən dairələr baxışlarının “bizə dəyməyən ilan min yaşayar” prinsipi üzərində qurub. Bu gün Rusiya beynəlxalq güc əldə etmək istiqamətində savaşır, post-sovet, hətta Baltikyanı ölkələrdə təsirini artırmaqla keçmiş SSRİ formatının qaytarması təhlükəsi var. Deməli buna müqavimət göstərmək lazımdır. Deməli bu beynəlxalq hüququn tapdalanması olaraq təqdim edilməlidir. Ermənistansa beynəlxalq prinsipləri tapdalayır, amma bu önəmli deyil, əskinə bundan faydalanıb Azərbaycanın resurslarına göz dikmək lazımdır”. Millət vəkili sərt formada “Qarabağ məsələsi nə vaxta qədər siyasi qazanc əldə etmək üçün istifadə ediləcək?” deyə bildirib.

“Sözügedən sanksiyaların Ermənistanda xunta rejimi quranların heç olmasa 20-nə tətbiq edilməlidir ki, onlar münaqişənin həllinə həvəs göstərsinlər. Amma bu yoxdur və bu gün Qarabağda əldə edilən pullar Avropa yuyulur və bundan kimlərsə əlavə gəlir əldə edir”-deyə millət vəkili qeyd edib.
Qərbin səmimiliyinə inanmadığını deyən komitə üzvü bildirib ki, buna baxmayaraq Azərbaycan dövlət başçısı bunu kəskin formada gündəmə gətirir: “Bu gün Qarabağa yardım adı ilə keçirilən telemarafonlardan əldə edilən pullar həqiqətən Azərbaycanın əleyhinə çevrilir. Qarabağ erməniləri də bunu bilməlidir ki, onların üzərindən toplanan pullar hansısa cani erməninin biznes maraqlarına sərf edilir. Azərbaycan bunun qarşısı almaq üçün səylərini davam etdirəcək. Bununla yanaşı, Qərbə “bir az səmimi olun” demək istəyirəm”.
Z. Oruc diqqətə çatdırıb ki, münaqişə dövründə bir dəfə də olsun ABŞ Prezidenti Barak Obama Qarabağa görə Putinə zəng etməyib. Onun fikrincə, Qərbin siyasətində ikili yanaşma burda da özünü göstərir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm