Əsrimizin Hitleri, tarixin ilk nüvə müharibəsi... GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Əsrimizin Hitleri, tarixin ilk nüvə müharibəsi... GÜNÜN SİYASİ XÜLASƏSİ

O, özünü nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə edib.

İsrailin keçmiş prezidenti Şimon Peres son mənzilə yola salındı. Dəfn mərasimində Fələstin və İsrail arasında yeni sülh danışıqlarının işartıları göründü. Rusiya və ABŞ arasında qarşılıqlı ittihamlar bir-birini əvəz edir. Dünya ilk dəfə iki dövlətin nüvə müharibəsinə şahidlik edə bilər.

Şimon Peres dəfn edildi

İsrailin siyasi həyatının son 50 ilində önəmli yer tutan, Yaxın Şərqin siyasi gələcəyinin müəyyənləşdirilməsi baxımından bir çox kritik qərarların altında imzası olan keçmiş prezidenti Şimon Peres bu gün son mənzilə yola salındı.

Mərasimdə 70-dən çox ölkənin nümayəndə heyətləri iştirak edib. ABŞ prezidenti Barak Obama, dövlət katibi Con Kerri, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Fransa prezidenti Fransua Olland, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson, Britaniyanın sabiq baş nazirləri Devid Kameron və Toni Bleyer, Almaniya kansleri Angela Merkel və digər dünya liderləri yəhudi dövlətinin rəhbərləri və sionist hərəkarının liderlərinin dəfn olunduğu Qersl dağında idilər.

93 yaşında ölən Şimon Peresi son mənzilə salanlar arasında olan Fələstin liderləri Mahmud xüsusi diqqət mərkəzində idi. İlk növbədə ona görə ki, Fələstin torpaqlarının xeyli hissəsi hələ də İsrailin işğalı altındadır və İsrail Fələstinin etirazlarına baxmayaraq, bu torpaqlarda məskunlaşma siyasətini davam etdirir. Digər tərəfdən, Mahmud Abbasın dəfn mərasimində iştirakına Fələstin xalqı və ölkədəki bir sıra siyasi qruplar qarşı çıxdığı üçün onun Yerusəlimə gedib-getməyəcəyi maraqla gözlənilirdi. Etirazlara baxmayaraq, Fələstin lideri Yerusəlimə getdi və İsrailin baş naziri Benyamin Netanyahunun əlini sıxaraq onunla qısa söhbət etdi.

Bu, dəfn mərasimində iştirak edən, müxtəlif dövrlərdə İsraili Fəlsətin torpaqlarını azad etməyə çağıran ABŞ prezidentinin diqqətindən yayınmadı. Barak Obama mərasimdə etdiyi çıxışında Mahmud Abbasa təşəkkür etdi və bildirdi ki, onun burada olması sülh danışıqları üçün ümid yaradır.

Təzminat xəbəri: təsadüf, yoxsa...?

Şimon Peresin dəfn mərasimində Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu da iştirak edirdi. Onun hələ İsraildə olduğu saatlarda Ankaraya xoş xəbər verildi: İsrail "Mavi Mərmərə" gəmisinə hücuma görə ödəməli olduğu 20 milyon dollarlıq təzminatı Türkiyə Ədliyyə Nazirliyinin hesabına yatırıb.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmasını özündə əks etdirən beynəlxalq razılaşmaya görə, İsrail 2010-cu ildə "Mavi Mərmərə" gəmisinə hücumda öldürülənlərin ailələrinə 20 milyon dollar təzminat ödəməli idi. Təzminatın məhz Peresin dəfn günündə və Feridun Sinirlioğlunun İsraildə olduğu vaxt Türkiyə Ədliyyə Nazirliyinin hesabına yatırılması təsadüf ola bilməzdi. Əlavə edək ki, "Mavi Mərmərə" hücumun olduğu vaxt məhz Şimon Peres prezident idi.

İki ölkə nüvə müharibəsinin astanasında

Dünyanın başının Yaxın Şərqdəki münaqişələrə qarışdığı bir vaxtda planetin digər bir yerində daha dəhşətli qarşıdurma başlaya bilər. Söhbət iki nüvə dövləti arasındakı müharibədən gedir.

Sentyabrın 29-da Pakistan-Hindistan sərhədində qan tökülüb. İslamabad Hindistan əsgərlərini Pakistan istiqamətində atəş açmaqda ittiham edib. Atəş nəticəsində mübahisəli Kəşmir regionunda iki Pakistan əsgəri həlak olub. Pakistanlılar Hindistana artilleriya atəşi ilə cavab veriblər.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanı nüvə silahı ilə məhv etməklə hədələyib. "Əgər Hindistan müharibəni bizim boynumuza qoymağa cürət edərsə, biz onu məhv edəcəyik. Pakistan ordusu Hindistan tərəfindən ediləcək istənilən hücuma cavab verməyə tamamilə hazırdır", - Pakistanın müdafiə naziri bildirib.

Hindistan İslamabaddan verilən bu bəyanatdan sonra sərhəd zolağının 10 kilometr dərinliyində olan bütün əhalinin təxliyəsinə başlayıb.

Suriya münaqişəsi üzərində ABŞ və Rusiyanın bir-birinin ünvanına səsləndirdiyi ittihamların ardı-arası kəsilmir. Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BBC World telekanalına müsahibəsində deyib ki, Rusiyada mümkün terror aktları haqqında ABŞ-ın bəyanatları qəbuledilməz təhdiddir.

Söhbət ABŞ Dövlət Departamentinin sözşüsü Con Kirbinin iki gün əvvəl Moskvanın ünvanına səsləndirdiyi təhdiddən gedir. O, Rusiya şəhərlərinin ekstremistlərin hücumuna məruz qala biləcəyini bildirib. Onun sözlərinə görə, Suriyada Rusiya hərbi qulluqçuları və təyyarələri ilə savaş Suriya sərhədini aşaraq Rusiya şəhərlərinə keçə bilər. "Və Rusiya hərbçilərini cəsəd torbalarında evə göndərməyə davam edəcək və Moskva resurslarını, hətta yenidən təyyarələrini itirməyə davam edəcək", - Kirbi əlavə edib.

Rusiya və ABŞ arasında yaşanan gərginliyə Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin öz yanaşması var. Jirinovskinin sözlərinə görə, Suriyada vəziyyətin kəskinləşməsi Birləşmiş Ştatlara Hillari Klintonun prezident seçilməsi üçün lazımdır.

"Namizədlərdən birini irəli çəkmək üçün ölkə daxilində vəziyyəti kəskinləşdirə bilmirlər. Buna görə xaricidəki hadisələrdən, indiki halda isə Suriyadan istifadə edirlər. ABŞ Hələb şəhərini müxalifət üçün saxlamağı, daha sonra Dəməşqə hücuma başlamağı istəyir", - Jirinovski bildirib.

Partiya lideri Amerika hakimiyyətinin bu cür siyasətini seçki texnologiyalarının yeni görüntüsü hesab edir. Jirinovski iddia edir ki, demokrat namizədin xeyrinə "kiçik qələbə" üçün dünyada vəziyyətin kəskinləşməsi lazımdır. Onun sözlərinə görə, ABŞ tərəfindən təxribatlar 2017-ci ilin yazına qədər bitməyəcək.

ABŞ-la münasibətləri "soyuq müharibə" həddində olan tək ölkə Rusiya deyil.

Səudiyyə Ərəbistanı 11 sentyabr hücumları ilə əlaqədar xarici ölkələrə məhkəmə iddiası qaldırılmasına imkan verən qanuna görə ABŞ-ı "faciəli nəticələr"lə təhdid edib.

9/11 (2001-ci il 11 sentyabr) qanunu üzrə Konqresin qərarı prezident Obama üçün daxili siyasi məğlubiyyət hesab edilir.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Konqresi "faciəli və təhlükəli nəticələr"in qarşısının alınması üçün bütün lazımı ölçüləri qəbul etməyə çağırıb. "Faciəli və təhlükəli nəticələr" deyəndə nələrin nəzərdə tutulduğuna gəlincə, qurum bunu dəqiqləşdirməyib. Sözügedən qanun layihəsi ilk dəfə gündəmə gələndə Səudiyyə Ərəbistanı ABŞ-ı bu ölkədəki 750 milyard dollarlıq istiqrazlarını açıq satışa çıxaracağı ilə təhdid edib.

Sözügedən qanun çərşənbə günü Konqresin hər iki palatası – Senat və Nümayəndələr Palatası tərəfindən qəbul edilib. ABŞ prezidenti Barak Obama qanun layihəsinə veto qoymağa çalışsa da, Senat və Nümayəndələr Palatasında böyük əksəriyyətin onu dəstəkləməsi Ağ Ev liderini 8 illik hakimiyyəti dövründə ilk dəfə veto haqqından məhrum edib.

Qanun 11 sentyabr terror aktlarının qurbanlarına istənilən başqa ölkəyə qarşı ittihamları qaldırmağa icazə verir. Səudiyyənin narahatlığı isə onunla bağlıdır ki, terror aktında istifadə olunan təyyarələrin oğurluğunda iştirak etmiş 19 terrorçudan 15-i Səudiyyə Ərəbistanının vətəndaşı idi.

Barak Obama eyni zamanda, bildirib ki,qanun ABŞ-ın milli maraqlarına zərər verə bilər. Obama qanunun təsdiqlənəcəyi təqdirdə digər suveren dövlətlərin də ABŞ-a qarşı eyni şəkildə davranacağını və bunun ölkənin beynəlxalq əlaqələrinə ciddi zərərlər verəcəyini qeyd edib.

Özünü Hitlerlə müqayisə etdi: "Üç milyon nəfəri öldürsəm..."

XXI əsrin Hitleri yetişir. Söhbət Filippin prezidenti Rodriqo Dutertedən gedir. O, özünü nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə edib.

Prezident qeyd edib ki, Hitler də öz ölkəsində narkomanları və narkotik alverçilərini həvəslə qırardı. Vyetnam səfərindən sonra Davao şəhərinə gələn Dutertenin sözlərinə görə, tənqidçilər onu "Hitlerin əmioğlusu" kimi təsvir edirlər. Hitlerin milyonlarla yəhudini öldürdüyünü xatırladan Duterte Filippində üç milyon narkomanın olduğunu söyləyib.

"Mən onları öldürsəm, xoşbəxt olardım. Əgər Almaniyada Hitler var idisə, Filippində…" – o, pauza verib və özünü göstərib.

Onun dedikləri ABŞ-dakı yəhudi təşkilatları şoka salıb. Onlar bildiriblər ki, Filippin lideri ilə bağlı sərt mövqe tutması üçün Vaşinqtona təzyiq göstərmək niyyətindədirlər. Qeyd edək ki, prezident narkomafiyaya bağlı olan şəxsləri qətlə yetirməyə görə cəza verilməyəcəyini bəyan edib. Rəsmi rəqəmlərə görə, təkcə son iki ayda bu səbəblə 2500 nəfər qətlə yetirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm