Hacıbala Abutalıbov: "Sevgimi onda tapdım və..." – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Hacıbala Abutalıbov: "Sevgimi onda tapdım və..." – MÜSAHİBƏ

Mən sevgi dənizinə nəinki gəncliyimdə, hələ I sinifdə oxuyanda, səhv etmirəmsə, Sona adlı bir qıza vurulanda baş vumuşam.

Tanınmışların vaxtilə qəzetlərə verdiyi maraqlı müsahibələr var. "Həmin şəxslərin illər öncə dediyi fikirlərlə bugünkü fikirləri arasında fərq nə qədərdir, ümumiyyətlə, mövqelərində bir dəyişiklik varmı" kimi suallara həmin müsahibələri oxuduqda cavab tapmaq olur. Admiral.az internet resurslarında olmayan həmin müsahibələri araşdırıb təqdim edir. İlk materialımız Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Suraxanı rayon İcra Hakimiyyətinin başçısı işlədiyi vaxt "Dövran" qəzetinə (N170 (217) 17 dekabr, 1998) verdiyi müsahibədir.

Yaşlı bir qadınla kabinetdən çıxıb onu pilləkənlərə qədər yola saldı. Qapının ağızında dayanan ustalarla söhbət elədikdən sonra I müavinini onlara qoşub harasa yolladı. Qəbuluna gələnlərin hamısını içəri çağırıb şikayətləri, problemləri ilə yaxından tanış olur, gülərüzlə yola salırdı. Sonuncu söhbət lap maraqlı oldu. Bir qadın evlərinin yanında olan elektrik dirəyinin aşacağından qorxduğunu Hacıbala müəllimə bildirən kimi icra başçısı harasa telefon açdı: -Təcili get, həmin o ünvana. Əgər sən məsələni həll edə bilməsən, elektrik dirəyinin əvəzinə səni qoyacağam.

- Hacıbala müəllim, siz YAP-ın Siyasi Şurasının üzvüsünüz, "91-lər"dənsiniz. Beləliklə, Heydər Əliyev sizin gözünüzlə.

- Mən Leninqradda oxumuşam. İnanın ki, biz azərbaycanlıları Heydər Əliyevə görə tanıyırdılar. Biz də fəxr edirdik ki, onun kimi katibimiz var. Hər millət öz dahisi ilə fəxr edir. Həmin dahi özünə yox, özünün məxsus olduğu xalqa xidmət eləyir. Heydər Əliyev dahidir. Heydər Əliyev dünya siyasətində öz dəst-xətti olan siyasətçidir. Heydər Əliyev amerikalının, fransızın, ingilisin, rusun, ərəbin qəbul etdiyi şəxsiyyətdir. Biz isə onunla azərbaycanlı kimi fəxr edirik.

- Müəllim, professor Hacıbala Abutalıbov və icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov...

- Mən sizə deyim. Əvvəlcə aliməm, sonra məmur. Alim problemi özü qoyur və özü qoyduğu problemi həll etməyə çalışır. Bu alim üçün çox böyük səadətdir. İcra başçısı tamam başqadır. Onun qarşısına problem qoyurlar. İstəsə də, istəməsə də həll etməyə borcludur. Amma bir şey var ki, bu gün hər hansı problemləri həll etmək üçün heç bir maneə yoxdur. Heydər Əliyev kimi prezidenti olan respublikanın hər hansı kiçik rayonunda problemi həll etmək çox asandır. Sadəcə olaraq istəmək lazımdır.

- Çətin deyil ki?

- 1995-ci ildə prezidentimiz məni bu rayona icra başçısı təyin edəndə təəccübləndim. Axı, mən aliməm. Mən indiyə qədər idarəetmə sistemində iştirak etməmişəm. Evdə yoldaşım işdən çıxmaq istədiyini bildirdi. Çünki istəmədilər ki, iş yoldaşları onu qınasınlar. Övladlarım məktəbi dəyişmək istədilər ki, uşaqlar həmişə rüşvətxor icra hakimiyyətindən danışırlar və s. Bir sözlə, əvvəl çətinlik var idi.

- Siz digər başçılardan fərqlənirsiniz... Bu səmimiyyətdir, Heydər Əliyevə sədaqətdir, yoxsa siyasət?

- Hər hansı bir rayonda problem varsa, bilin ki, o problemi yaradan da başçının özüdür, onu həll etmək istəməyən də. Başçı rayonun sakinləri üçün nümunə olmalıdır, onların problemlərinə, ağrılarına şərik olmalı, sevinclərini bölüşməlidir. Yalnız bu halda Heydər Əliyevin nümayəndəsi olmağa qadir ola bilər. İnanın ki, şikayətçilərin 90 faizinin adicə mehribançılığa ehtiyacı var. Onlarla səmimi danışanda ağrıları da yaddan çıxır.

- Uşaqlığınızı necə xatırlayırsınız?

- Bilirsiniz, mən atamı erkən – yəni 11 yaşımda itirmişəm. Gizlətmirəm, çox korluq çəkmişik. Amma İçərişəhərdə keçirdiyim uşaqlığımı mən heç nəyə dəyişmərəm. Kommunist (İstiqlaliyyət) küçəsi ilə aşağı-yuxarı gedən tramvayın arxasına minməyimdən tutmuş, dərsdə iki almağım, həyətimizdə çıxartdığımız su indi də yadımdadır.

Qubada yaşadığımız vaxtlar idi. Orada çox şirin olan "cırhacı" almasını oğurlamağa gedirdik. Belə bir adət var idi ki, kim istəsə, gəlib burada bişirib apara bilər. Amma çiy alma çıxartmaq olmaz. Biz də aşağıya çiy, yuxarıya da bişmiş alma qoyub gətirirdik evə.

- Hacıbala müəllim, uşaqlığınız haqqında elə maraqla danışırsınız ki, elə bil nostalgiya duyğuları ilə yaşayırsınız.

- Əgər mən uşaqlığımla, gəncliyimlə fəxr etməsəm, bu gün yaşamağa haqqım olmaz. Hər hansı millətin tarixinin yaxşısı da, pisi də özünündü. Yəni mənim uşaqlığım və gəncliyim ağır keçsə də bu indi xoş notlarla yada salınır. Amma mən darıxmıram. Çünki belə hesab edirəm ki, uşaqlığı və gəncliyi üçün darıxan artıq bu həyatda yaşamır.

- Gəncliyinizdə sevgi dənizinə baş vurmusunuzmu?

- Mən sevgi dənizinə nəinki gəncliyimdə, hələ I sinifdə oxuyanda, səhv etmirəmsə, Sona adlı bir qıza vurulanda baş vumuşam. Amma bütün bunların ötəri olduğunu sonradan anlayırsan. Əsl sevgimi mən həyat yoldaşımda tapmışam.

- Necə tanış olmusunuz?

- Mən Ordubadda dərs deyəndə o, 8-ci sinifdə oxuyurdu. Sonra mən gəldim aspiranturaya. O isə Tibb İnstitutuna. Mən Leninqraddan qayıdanda onunla təsadüfən rastlaşdım. Çox sevindim.

- Sevindiniz? Bəlkə əvvəlcədən...

- Xeyr. Məncə, bu, Allahın qismətiydi.

- Xoşunuza gələn əsər...

- "Qılınc və qələm".

- Şair və şeir...

- Şəhriyar və onun "Azərbaycan" şeiri.

- Musiqi?

- Muğamdan başqa heç nə.

- İdman növü.

- Futbol.

- Dediniz ki, muğama xüsusi marağınız olub. Bəs özünüz musiqi ilə məşğul olmusunuzmu?

- Bir böyük arzum olub: tarda ifa eləməyi öyrənmək. Bəlkə yeganə arzumdur ki, mən ona nail ola bilmədim. Bəli, məhz tarda. İnanın, elə çətin anlarım olub ki, tar mənə mənəvi dayaq olub, içimi sakitləşdirib, bəlkə də problemlərimi həll edib. Tarda hər hansı muğama qulaq asanda hönkür-hönkür ağladığım da olub.

- Dediniz ki, ən böyük arzunuz tar çalmaq olub. Bəlkə bundan da başqa arzularınız var?

- Elmdə sirli xətlər çox, istiqamətlər isə sonsuzdur. Ən xoşbəxt günüm o zaman olub ki, qarşıma qoyduğum elmi sirri aça bilmişəm və o günü heç bir ilə, bəlkə də onillərə dəyişmərəm. Ən böyük arzum budur ki, elmdə özümü istədiyim kimi dünyaya tanıdım.

- Hacıbala Abutalıbov müəllimlik üçün darıxmır ki?

- Bilirsiniz, onsuz yaşamağı mən heç zaman təsəvvür etmirəm. Səhər saat 9-da oluram işdə, bir də axşam saat 11-də gedirəm. Elmlə dərindən məşğul ola bilməsəm də, özümü sakitləşdirmək üçün istifadə etdiyim ədəbiyyat olur. Bəli, darıxıram. Ona görə deyirəm ki, əgər belə olmasaydı, mən həftədə bir dəfə rayon məktəblərinə baş çəkməzdim. Əsasən fizika dərslərinə qulaq asıram. Bəzən dərs demişəm, müəllim də qulaq asıb.

- Boş vaxtınız olurmu? Olursa necə sərf edirsiniz?

- Həftənin yeddi gününü də işlədiyimizdən boş vaxt bir az abstrakt fikirdir. Boş vaxtımı mütləq və mütləq fizikaya həsr edirəm.

- Toylara, ad günlərinə gedirsiniz?

- Dəvətnamə çox alıram, amma getmirəm. Əgər toya şənlənməyə gəlirlərsə, mən bunu qəbul edirəm. Əgər toya başqa məqsədlər üçün gəlirlərsə, mən darıxıram. Amma sırağagün qardaşım qızının toyunda bir əmi kimi iştirak elədim.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm