Nida.az
“Obama demokratik dünya üçün Putindən daha təhlükəlidir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP)
sədri, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü
Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə
verib.
Publika.Az həmin müsahibəni təqdim edir.
- Qüdrət bəy, ermənilərin qondarma soyqırımı ərəfəsində
Türkiyənin həm prezidenti, həm də baş naziri ermənilərə 1915-ci
ildə baş verən hadisəyə görə başsağlığı verdi. Sizcə AKP
hakimiyyətinin məqsədi nədir?
- Türkiyənin əvvəlcə baş naziri Rəcəb Tayyib Ərdoğanın, sonra
prezident Abdulla Gülün ermənilərə qondarma soyqırımına görə
başsağlığı verməsi, hətta Türkiyəni faşist Almaniyası ilə müqayisə
etməsi və Abdulla Gülün deməsi ki, “biz öz utancımızı və
cinayətlərimizi artıq etiraf edirik”, bu onu göstərir ki,
Türkiyənin indiki rəhbərliyi demokratik düşüncəli insanlar arasında
nüfuzunu itirdiyinin fərqindədir. Bu kimi, əslində öz xalqının
maraqlarına uyğun olmayan addımlar atmaqla Qərbin ermənipərəst
siyasi dairələrinin dəstəyini qazanmaq istəyirlər. Türkiyənin
indiki iqtidarının belə mövqe sərgiləməsi həm də Dağlıq Qarabağ
probleminin həllini çətinləşdirir. Ona görə ki, beynəlxalq aləm də,
biz də həmişə özümüzü Türkiyə ilə eyniləşdirmişik. Faktiki surətdə
Türkiyənin prezidenti və baş naziri beynəlxalq birlik qarşısında
erməni xalqına qarşı onların babalarının “cinayətlər”
törətdiklərini söyləməklə Türkiyəni xeyli dərəcədə çətin duruma
saldılar. İnsanlar şüuraltı fikirləşir ki, ermənilər elə bu vəhşi
millətin basqısı altında qalıb və təcavüzə uğrayıb, indi də anoloji
proseslər baş verir. Bir sözlə, onlar erməniyə rəğbət qazandırırlar
və Ermənistanın işğalçı dövlət kimi təcrid olunmasını
çətinləşdirirlər. Eyni zamanda, işğalçı ölkəyə müəyyən təzyiqlər
olunmasını mümkünsüz edirlər. Əvvəllər də söyləmişdim, indi də
söyləyirəm ki, Türkiyənin indiki rəhbərliyi qaz və neftə görə
Azərbaycan iqtidarı ilə yaxşı münasibətlər saxlayırlar. Ancaq
Azərbaycanın dünyəvi dövlət olması, məsələn, Azərbaycanda bütün
qadınların çarşaba bürünməməsi onları əsəbiləşdirir.
Onlar üzdə etiraf etməsələr də əslində Azərbaycanın sürətli
inkişafında bir növ maraqlı görsənmirlər. Buna görə də Ermənistanla
ticarət əlaqələrini genişləndirirlər, hətta sərhədləri də açmaq
istəyirlər. Bilirsiniz ki, Azərbaycanın ciddi bəyanatları olmasaydı
və deməsəydi ki, “biz bir çox müqavilələrə yenidən baxmalı
olacağıq”, Türkiyənin indiki hakimiyyəti Azərbaycanla tamamilə
başqa cür davranardı. Türklər bizim can-qan qardaşlarımızdı. Ancaq
Türkiyənin indiki rəhbərliyinin yürütdüyü siyasət Türk Birliyinə,
Türkiyənin maraqlarına xidmət etməyən, əksinə, hakimiyyətdəki
qrupun hakimiyyətdə qalmaq maraqlarına xidmət göstərən siyasətdir.
Sözsüz ki, biz də buna etiraz edirik.
- Məlum başsağlığının ardınca Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin üzərindən soyqmırımı sözü çıxarıldı və bildirildi ki, bu, yuxarıların göstərişidir.
- Sözsüz ki, bu da bir detaldır. Bu addım da Türkiyənin indiki
rəhbərliyinin mövqeyinin bir nümayişidir. Bilirsiniz, dinin
siyasiləşməsi hər zaman ölkə üçün ağır nəticələr verib. Qonşu İran
da, Türkiyə də gözümüzün qarşısındadır. Çox təəssüf, bizim
umduğumuz və böyük ümidlə baxdığımız Türkiyə guya ki, yaxın
qonşuları ilə “sıfır siyasəti” elan elədi, ancaq özünün xarici
siyasəti sıfırdır. Baxın Misirlə, İsraillə, Suriya ilə düşmən
münasibətdədir. Azərbaycanla bu cür münasibətlər davam eləsə sözsüz
ki, ciddi problemlərin yaranması qaçılmazdı. İranla münasibətlərdə
də ciddi problemlər var. Yəni “sıfır siyasəti” deyəndə, öz ölkənin
maraqlarını qorumayıb başqalarına xoş gəlmək üçün addımlar atanda
vəziyyət bu həddə gəlir. Məsələn, Ermənistan baş nazirin və
prezidentin məlum başsağlığından sonra təzminat istəyəcək. Bundan
sonra kürd separatçıları daha da aktivləşəcək. Məsələn, mənim üçün
o zaman çox da uzaqda deyil ki, Öcalan azad olunacaq, PKK
terrorçularından da üzr istəniləcək. Çünki PKK-nın bu gün
etdiklərini ermənilər 1915-ci ildə edib və daha qanlı şəkildə.
- Artıq Türkiyə mətbuatı bu barədə məlumatlar
yayıb.
- Bəli. Yəni Ərdoğan hakimiyyətdə qalmaq naminə separatçı
kürdlərin, ermənilərin, Qərbdəki ermənilərin dəstəyini almaq üçün
hər cür addımlar atır.
- Qüdrət bəy, bu ilin avqustunda Türkiyədə prezident
seçkiləri keçiriləcək. Bütün bu addımlar seçkilərdə söylədiyiniz
qüvvələrin dəstəyindən faydalanmağa hesablana
bilərmi?
- Birmənalı şəkildə belədir. Qərb artıq Ərdoğanı diktator kimi
qəbul etməyə başlayıb və mətbuat bu barədə yazır. Ərdoğan
hesablayıb ki, ermənipərəst diaspora onun lobbiçiliyini aparacaq.
Necə ki, separatçı kürdlər bələdiyyə seçkilərində Ərdoğanın
partiyasına səs verdilər. Erməni diasporası da bu siyasəti davam
etdirəcək və Qərbdə Ərdoğanın lobbiçiliyini aparacaqlar ki, birdən
türk millətçisi hakimiyyətə gələ bilər. Bu baş verməsin deyə
Ərdoğana üstünlük verəcəklər. Artıq AKP öz əməllərilə buna yol
açıb. Hətta erməniləri ümüdləndirdilər ki, gələcəkdə kompensasiya
verə, sərhədləri aça bilərik, Ermənistanın iqtisadiyyatının
gücləndirilməsini həyata keçirmək üçün çox böyük investisiyalar
yatırarıq. Bütün bunlar baş verərsə faktiki surətdə Amerika, Avropa
Birliyi, o cümlədən Rusiya Ermənistanın saxlanmasını Türkiyənin
üzərinə qoya bilər ki, erməniləri yaşatmaq sənin borcundur. AKP
hakimiyyəti də hiss elətdirdi ki, bunları eləməyə hazırdı. Ərdoğan
bunları öz hakimiyyətini sıxlamaq üçün eləyir.
- Ukraynada baş verən son proseslərlə bağlı fikrinizi
bilmək istərdik.
- Ukraynada baş verən hadisələr Rusiya xüsusi xidmət orqanları
tərəfindən çox ciddi şəkilə əvvəlcədən hazırlanıb. Əslində Rusiya
keçmiş prezident Yanukoviçi sözdə müdafiə edirdi. Hadisələrin
sonrakı gedişi də bunu təsdiqlədi. Yəni Rusiya istəsəydi
Yanukoviçin əliylə Maydanı qısa bir müddətdə dağıdardı. Yanukoviç
də öz səlahiyyətlərini başa vura bilərdi. Ancaq bu variant Rusiyanı
qane eləmirdi. Rusiya hazırlaşırdı ki, Krımı Ukraynadan qopartsın
və bu ölkənin daxilində bir xaos yaşansın. Rusiya görürdü ki,
Ukraynada xalqın birmənalı şəkildə inandığı nüfuzlu və təcrübəli
bir siyasətçi yoxdu ki, Yanukoviçdən sonra dövlətin məsuliyyətini
öz üzərinə götürə bilsin. Timaşenko bütün dünya miqyasında dələduz,
korrupsioner kimi tanınıb, Poroşenko iş adamıdır və iş adamının da
dünyagörüşü, maraqları tamam başqadır. O da nüfuzlu siyasətçi
deyil. Yəni indiyə kimi özünü təsdiq edə bilməmiş bir siyasətçidir.
Kliçko da cavandı, başından o qədər zərbə alıb ki... Həm də
Almaniyanın əlində bir oyuncaqdır. Rusiya görürdü ki, xalqı
səfərbər edib arxasınca apara biləcək nə güclü bir partiya, nə də
güclü lider yoxdur. Çexiyanın xarici işlər naziri yaxşı söyləmişdi
ki, “bir qanqster qrupunu başqa bir qanqster qrupu əvəz edir”. Belə
olan halda Rusiya Yanukoviçi dəstəkləmədi və ölkədə boşluq yarandı,
bundan istifadə edib Krımı tutdu. Hazırda Ukraynada hakimiyyətdə
olanlar bilirlər ki, Yanukoviçə Qərb təzyiq elədi və onlar da
Qərbin əliylə hakimiyyətə gəldilər. Baxmayaraq ki, Krımdakı Ukrayna
hərbçilərinin sayı rus hərbçilərinin sayından bir neçə də artıq
idi, ancaq Krımın müdafiəsi üçün indi hakimiyyətdə olanlar heç bir
addım atmadılar. Sadəcə söylədilər ki, Rusiya bizi provakasiyaya
çəkir. Bundan başqa onlar ilk gündən başladılar ki, Ukraynanın
iqtisadiyyatı dağılıb, Ukrayna bankrot vəziyyətindədir, ordusu
yoxdur və s. Bir sözlə xalqın psixoloji baxımdan döyüş əzmini
qırdılar, sındırdılar. Xalq mübarizə ruhunu itirdi və insanlar
artıq fikirləşdilər ki, sabah çörək olmayacaq, bunların maaşları
verilməyəcək. Ona görə deyirəm ki, Yanukoviçdən çox indiki
hakimiyyətə gələnlər Ukraynaya ziyan vurdular, öz qorxaqlıqlarıyla,
əməlləriylə. Həm də biz bilirik ki, Timoşenkonun Rusiya ilə çox sıx
əlaqələri olub. Hətta ola bilsin hansısa formada bir razılaşma da
ola bilər. Görüdünüz, Maydanda insanlar yığışdı ki, niyə ölkəni
müdafiə etmirsiniz, buna görə istefa verməlisiniz. Bunlar da guya
ki, Şərqə qoşun göndərdilər. Sonradan bəlli oldu ki, qoşun yox, 3-4
dənə tank göndəriblər. Onların da Luqanskda ağızlarından vurub geri
qaytardılar. Faktiki surətdə imkan verdilər ki, orada separatizm və
Şərq bölgələrinin Ukraynadan ayrılması bir qədər də sürətlənsin.
Buna görə də hadisələrin gedişatı göstərir ki, Timoşenkonun Rusiya
ilə bağlılığı var. Bu, Ukraynanın yeni hakimiyyətinin Ukrayna
xalqına xəyanətidir. İndiki hakimiyyətin Ukraynaya qarat olan ABŞ
və Britaniyadan ciddi hərbi dəstək və nüvə silahının geri
qaytarılmasını istəməmələri bunu göstərir ki, onlar həm belə
tələbdə bulunmaqdan qorxurlar, çünki həmin dövlətlərin əliylə
hakimiyyətə gəliblər, həm də burda Rusiya ilə bir anlaşma ola
bilər. Bu variant da kənara qoyulmamalıdır, hətta ikinci variantın
olmaq ehtimalı daha böyükdür.
- Bu hadisələrdə Qərbin, eləcə də Avropa Birliyini
davranışları da qəbuledilməzdir.
- Bu gün Qərbin parlaq bir lideri yoxdur ki, hazırda qılıncını
çıxarıb meydan sulayan Rusiyanın qarşısına çıxa bilsin. Bunlar
birinci gündən Rusiyanı şirnikləndirmək üçün dedilər ki, biz
Ukraynaya hərbi yardım etməyəcəyik, yalnız işğalçı dövlətə
sanksiyalar tətbiq edəcəyik. Beləliklə də rus əsgərlərinə, Putinə
imkan verdilər ki, o sərbəst şəkildə bildiyini eləsin. Ona görə
əvvəllər də söyləmişəm, indi bir daha qeyd edirəm ki, Obama
demokratik dünya üçün Putindən daha təhlükəlidir. Çünki tarix,
bəzən tale necə ki, bir insanın üzərinə missiya qoyur, eləcə də
dövlətlərin də üzərinə missiya qoyur. Bu gün demokratik dünyanın
aparıcı dövləti həm iqtisadi, həm də hərbi gücünə görə ABŞ-dır. Bu
ölkənin hərbi gücü Rusiyanın hərbi gücündən bir neçə dəfə artıqdır.
Birinci gündən Amerika ortaya qəti mövqe qoysaydı ki, biz qarant
dövlət kimi Ukraynanı bütün vasitələrlə qoruyacağıq, sizi əmin
edirəm ki, heç nə baş verməyəcəkdi. Ancaq Putin bilirdi ki,
Obamanın cəsarəti və xarakteri imkan verməyəcək ki, belə bir
bəyanatla çıxış eləsin. Ona görə ki, Suriya məsələsində Putin qəti
mövqe qoymaqla Avropa Birliyi və Obama öz bəyanatlarından imtina
etdilər. Gürcüstan məsələsində də eyni hal baş verdi. Yəni Putin
bilirdi ki, bunlar hara qədər gedə bilər. Demokratik dünyanın
aparıcı dövlətinin qorxaq, cəsarətsiz lideri faktiki surətdə lazımi
anda qətiyyətli mövqe ortaya qoymamaqla dünyada zora meydan verdi.
İndi kim güclüdü bundan sonra başlayacaq kiçik dövlətlərə və öz
kiçik qonşularına terror etməyə, qorxutmağa, hədələməyə və
ərazilərini işğal etməyə. Putin Cənubi Koreyaya səfər edərkən orada
bir bəyanat verdi və dedi ki, biz öz müttəfiqlərimizi qorumaq üçün
hərbi gücdən də istifadə edəcəyik. Şimali Koreyanı da çox ciddi
şəkildə hədələdi və tənqid etdi. Efir qarşısında ona qulaq asarkən
öz-özümə fikirləşdim ki, böyük bir dövlətin başçısı indiki məqamda
nə qədər rəzil vəziyyətdə olmalıdır ki, belə bir bəyanat verə
bilsin. Yəni bütün dünya görür ki, sənin qarant olduğun dövlətin
ərazisini başqa bir dövlət tutub və sən ona yalnız sanksiya tətbiq
edəcəyini söyləyirsən. Amma Şimali Koreya hələ heç kimin torpağını
tutmayıb, heç nüvə dövləti də deyil, hələ istəyir ki, özünün nüvə
arsenalını yaratsın, genişləndirsin, Rusiya isə nüvə dövlətidi,
deməli sən güclüdən qorxursan, zəifin üstünə isə xoxalanırsan. İndi
real vəziyyət belədir. Avropalılar isə artıq öz həyatlarını
qurublar. Bilirsiniz, insanlar bir çox hallarda onların öz
maraqlarına toxunmayana qədər real təhlükəni görmürlər, qonşudakı
yanğının onlara keçməyəcəyini düşünürlər. Buna görə də avropalılar
Rusiyadan enerji asılılığındadı və deyirlər ki, bizim evimizdə
qazımız, işığımız olsun Ukraynada nə baş verir versin. Dediyim
kimi, liderlər də müharibəyə girməkdən qorxurlar və düşünürlər ki,
bu, itkidir, təlafatdır. Ona görə də fikirləşirlər ki, Ukrayna
başqa bir xalqdır qoy işğal olunsun. Bir daha söyləyirəm belə
vəziyyət dünya üçün böyük təhlükə yaradır.
- Ukraynadakı hadisələrdən sonra ATƏT-in Minsk qrupunun
amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində yazdı ki,
“konfliktin həlli üçün variantlar axtarmaq lazımdır. Məsələn, ABŞ
problemin həllinə necə köməklik edə bilər? Biz bir yol tapmalıyıq”.
Bəs sizcə, bütün baş verənlərin Dağlıq Qarabağ probleminə təsiri
necə olacaq?
- Necə ki, Gürcüstana Rusiyanın hərbi müdaxiləsindən sonra
Azərbaycanın öz torpaqlarını hərb yoluyla azad etməsinə böyük bir
zərbə oldu, Ukraynada baş verənlər isə vəziyyəti bir qədər də
çətinləşdirdi. Bundan sonra Rusiyanın daha açıq formada Azərbaycana
hərbi təcavüz etməsi bir az da asanlaşdı. Azərbaycanın indiki
vəziyyətdə prosesləri kənardan seyr etməkdən başqa yolu yoxdur. Hər
zaman demişəm ki, müharibə aparan dövlət özünə müttəfiqlər
tapmalıdır. Biz isə getdik Qoşulmayanlar Hərakatına üzv olduq.
Faktiki surətdə özümüzü bitərəf elan elədik. Ermənistanın
hərbi-siyasi müttəfiqi Rusiyadır və hərbi bazaları var.
Azərbaycanın kimi var? Ən yaxın bizə Türkiyədir. Birinci Qarabağ
savaşında mərhum Əbülfəz Elçibəy deyirdi: “Mən Türkiyədən iki
vertalyot ala bilmədim ki, Kəlbəcərdən dinc əhalini çıxardım”.
Türkiyə müharibənin ən qızğın dövründə Avropa Birliyinin təkidilə
Ermənistana taxıl verdi. Yəni Türkiyə də müəyyən mənada müstəqil
dövlət deyil. Avropadan, Amerikadan asılı bir dövlətdir. Onlar da
Azərbaycanı zəif bir dövlət kimi görmək istəyirlər. Hadisələrin
gedişi bunu göstərir. Ona görə də Türkiyəyə də güvənməyinə dəyməz.
Artıq bir çox ekspertlər bu barədə danışmağa başlayıblar.
- Azərbaycanın çıxış yolunu nədə görürsünüz?
- Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Çünki
Dağlıq Qarabağ problemi var. Ermənistan bu gün Rusiyanın
hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da,
BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində
dünya bizim deyil, Ermənistanın yanında olacaq. Birinci Qarabağ
savaşında da gördünüz ki, erməni bizim torpaqları işğala məruz
qoydu, ancaq “907-ci düzəliş”i bir sanksiya kimi Amerika bizə
tətbiq elədi. Burada erməni diasporasının faktoru var. Ona görə də
bizim NATO-ya girməyimiz real deyil və bu istiqamətdə də ciddi
səylər göstərməyə dəyməz. Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni
Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda
təmin eləmək, neft-qaz siyasətini razılışdırılmış şəkildə həyata
keçirmək. Lazım gələrsə qazı Rusiyaya satmaq olar. Lazımdırsa
burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz
dövlət müstəqilliyindən imtina etməmək şərtilə bir çox suveren
hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər. Bu mənim şəxsi
yanaşmamdı. Sözsüz ki, bütün bunlar ikitərəfli sazişlər əsasında
olmalıdır. Həmin sazişdə də Rusiya öhdəlik götürməlidir və
Ermənistandan tələb etməlidir ki, Azərbaycandan işğalçı ordusunu
çəksin və əraziləri boşaltsın, Dağlıq Qarabağ problemi də
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər bu da
mümkün deyilsə, Rusiya bu şərtləri də qəbul eləmirsə, onda
Azərbaycanın gözləməkdən və hərbi potensialını gücləndirmək,
artırmaqdan başqa çarəsi yoxdur. Bu zaman Azərbaycan çalışmalıdır
ki, Rusiyanı qıcınqlandıran siyasət yürütməsin və oturub daha
əlverişli beynəlxalq şəraitin yaranmasını gözləsin. Bu da nə qədər
çəkəcək bəlli deyil.
- Sizcə, Azərbaycan hərbi yolla işğal altında olan
torpaqlarını azad edə bilərmi?
- Azərbaycanın hərbi yolla torpaqlarını azad eləməsinə ən yaxın
müttəfiqimiz olan nə Türkiyə razı olar, nə İran buna imkan verər,
nə də Rusiya və Qərb. Azərbaycanın müəyyən dairələrinin, siyasi
partiyalırının, qeyri-hökumət təşkilatlarının işi və vətəndaş
cəmiyyətlərinin borcudur ki, biz Cənubi Azərbaycan məsələsində
soydaşlarımızın haqq səsini müdafiə edək, onların milli hüquqları
uğrunda apardığı mübarizəni dəstəkləyək. Bilirsiniz ki, insan
haqları heç bir dövlətin daxili işi deyil. Ona görə də Azərbaycan
bu məsələdə Cənubi azərbaycanlılara dəstək verməlidir. Biz ən
azından çalışmalıyıq ki, Qərb Dağlıq Qarabağ məsələsində dəstək
vermirsə heç olmasa Cənubi Azərbaycan məsələsində dəstək versin.
Oradakı insanları müdafiə eləsin və yardım göstərsin. Orada milli
şüur yaranmalıdır, kimlərdə milli şüur varsa inkişaf
etdirilməlidir. Bizim mədəni və milli birliyimiz yaranmalıdır.
Siyasi və coğrafi birlik gələcəyin işidir.
O ki, qaldı daxildə hansı işlərin görülməsinə, nə qədər ki,
atəşkəsdir, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir.
Siyasi islahatlar aparılmalı, demokratik proseslər
süətləndirilməlidir. Azərbaycanın qeyri-neft sektoru - kənd
təsərrüfatı, xüsusilə də sənaye inkişaf etdirilməlidir. Bizim
büdcəmiz neftdən xeyli dərəcədə asılıdır. Və Rusiya ilə Qərbin bu
soyuq müharibəsi on illərlə davam edəcək. Ən azından Putinin
Rusiyada hakimiyyətdə qalmaq ehtimalı çox böyükdür. Soyuq müharibə
dövründə də Qərb onsuz da bilir ki, alçaldılıb. Obama daxilən
cəsarət tapıb Putinin qabağına çıxmasa da, ancaq faktiki bilir ki,
Putin onu alçaldıb. Biritaniyanın baş naziri Kameronu da, Avropa
Birliyinin digər liderlərini də alçaldıb. Onlar kənardan nə qədər
qışqırıb hay-küy salsalar da, Putin öz işini görüb və verilən
bəyanatlara əhəmiyyət də vermir. Və Qərb çalışacaq ki, Rusiyadan
enerji asılılığını azaltsın. Bu zaman başqa mənbələr axtaracaq.
Tapanda da neftin və qazın qiyməti aşağı düşəcək. Belə olduğu
təqdirdə Azərbaycan ciddi iqtisadi sıxıntılarla üz-üzə qalacaq.
Bunun qarşısını almaq üçün indidən qeyri-neft sektoru inkişaf
etdirilməlidir. Azərbaycanda müasir zavodlar, fabriklər
tikilməlidir. Bizdə hazırda ən çox tikilən obyektlər idman
sarayları, adminstrativ binalardı. Dövlət sahibkarlara məqsədyönlü
şəkildə kreditlər verməlidir. Neft Fondunda toplanmış vəsaitin bir
hissəsi yerli banklarda saxlanmalıdır. Çalışılmalıdır ki, həmin
banklar sahibkarlara aşağı faizlə uzunmüddətli kreditlər versin.
Əminəm ki, bu cür islahatlar aparılsa 4-5 il ərzində iqtisadiyyatda
çox böyk dönüş yaranar. Baxın, Çindən Azərbaycana nə qədər
keyfiyyətsiz mallar daşınır. Həmin malların əksəriyyətini
Azərbaycanda isteHsal eləmək mümkündür. Dəfələrlə parlamentdə
qaldırmışam, indi də deyirəm səhiyyədə, təhsildə islahatlar
aparılmalıdır. Ümumiyyətlə, ölkənin həyatı yenidən
qurulmalıdır.
Asif
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi