• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Leyla Yunus istəyirdi ki, polis ona əl qaldırsın” - MÜSAHİBƏ

  • Nida.az
  • 1 May 2014 12:55
  • 502 Baxış
“Leyla Yunus istəyirdi ki, polis ona əl qaldırsın” - MÜSAHİBƏ

Çingiz Qənizadə: “QHT-lərin ermənilərlə əməkdaşlığı düşmən ölkəyə maliyyə daxil olmasına səbəb olur”

Məlum olduğu kimi aprelin 28-də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus paytaxtın hava limanında saxlanılıb, ifadə alınması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə gətirilib. Leyla Yunusdan aprelin 19-də həbs olunmuş jurnalist Rauf Mirqədirovla bağlı ifadə alınıb. Ancaq Leyla Yunus bütün bunları özünü mövqeyi və fəaliyyəti ilə əlaqələndirib.
Bu mövzuda Milli Məclisin deputatı və hüquq müdafiəçisi Çingiz Qənizadə ilə söhbətləşdik.

- Çingiz bəy, aprelin 28-də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla bağlı yaşanan hadisəni necə qiymətləndirirsiniz?

- Əvvəla, mən hadisə zamanı videogörüntülərdə Leyla Yunusun hərəkətlərini gördüm. Heç bir Azərbaycan qadınına yaraşmayan davranış nümayiş etdirdi. Mən xüsusilə qeyd etmək istəyirəm ki, Leyla Yunusun yerə atdığı polis papağının üzərində Azərbaycanın gerbi, gerbin üzərində ay-ulduzu var. Leyla Yunus bu hərəkəti ilə polis papağını deyil, Azərbaycanın dövlət gerbini atmış oldu. Eyni zamanda mən polisin təmkinli davranışını da qeyd etmək istəyirəm. Sağ olsunlar ki, Leyla Yunusun təxribatına getmədilər.

Leyla Yunus istəyirdi ki, polis ona əl qaldırsın, onu vursun. Leyla Yunus şou düzəltməyi bacaran adamdır. O, bu cür situasiyalardan hər zaman öz xeyrinə bəhrələnə bilir. Əslində həmin situasiyada Leyla Yunus az-çox nəyəsə nail ola bilsə də, istədiyinə maksimum nail ola bilmədi. Həm Yasamal Polis İdarəsinin rəisi, həm videoda görünən polis zabiti özünü təmkinli apardı və nəticədə təxribat Leyla Yunusun arzusuna uyğun gerçəkləşə bilmədi.

- Aprelin 28-də Baş Prokurorluqda məsələnin mahiyyəti barədə açıqlama verib. Bir hüquqşünas kimi bunu necə dəyərləndirirsiniz?

- Baş Prokurorluq dəfələrlə onları şahid qismində istintaqa dəvət edib. Daha sonra telefonla müraciət ediblər. Amma Leyla Yunus istintaqa gəlməkdən imtina edib. İmtina etməkdə əsas məqsəd də son nəticədə müşahidə etdiyimizin şounun yaranmasını təmin etmək idi. İstintaq orqanları da haqlı olaraq onun ölkədən çıxışına məhdudiyyət qoya bilərdi və qoyub da.

Leyla Yunus şahid qismində istintaqa çağırılıb, dindirilib və sonra da sərbəst buraxılıb. İndi gələcəkdə nələr baş verəcəksə, bizdə buna münasibətimizi ifadə edəcəyik. Əslində Leyla Yunus həmişə deyirdi ki, hamı qanun qarşısında bərabər olmalıdır. Ancaq bu gün qanun bərabərliyini onun özünə tətbiq edəndə bundan şou düzəldir, sui-istifadə edir, özünün əzabkeş hüquq müdafiəçisi obrazını yaradır. Hesab edirəm ki, bu cür yanaşmalar və şoular məntiqsizdir.

- Siz hüquqşünassınız. Ermənistana gedib-gəlmək, ermənilərlə iş birliyində olmaq nə dərəcədə doğrudur?

- Bilirsinizmi, mən özüm də QHT rəhbəriyəm. Gürcüstanda, Rusiyada, eləcə də Avropa ölkələrində müəyyən tədbirlərdə oluram. Bu tədbirlərdə ermənilər də iştirak edir. Bəzən görürsən ki, ikitərəfli məsələnin müzakirəsi üçün başqa dövlətlər vasitəçilik edirlər, deyirlər ki, oturun müzakirə edin. Amma Qarabağ problemi yaranan gündən indiyə qədər özüm üçün bir deviz seçmişəm: o erməni ilə bir masa arxasında oturub müzakirə apara bilərəm ki, həmin erməni Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu görüşdən öncə rəsmən elan etsin.
Belə olmadığı halda, əksinə torpağımıza iddialı və məkrli olduğunu deyən hər hansı bir erməni ilə əməkdaşlıq, “xalq diplomatiyası” adı altında layihələr reallaşdırmaq, Ermənistana gedib-gəlmək kimi tədbirlərdə iştirak etməyi doğru hesab etmirəm. Həm də hesab edirəm ki, bu cür tədbirlərdə iştirak etmək gəzinti xatirinə və layihələrdən mənfəət əldə etmək naminə edilən hərəkətlərdir. Prezident neçə illərdir dünyanı ayağa qaldırıb, Azərbaycanın ərazi bütövlüyünü tanınmasını və işğalçını öz adı ilə çağırılmasını istəyib. Ancaq görürsünüz ki, bu məsələdə ikili standart özünü açıq göstərir.

Necə olur ki, Krım hadisələri zamanı bütün dünya dərhal Rusiyaya sanksiyalar tətbiq edə bilir, amma 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərsə də, Ermənistanı işğalçı adı ilə çağırmaqdan qorxur? Əgər bu cür səfərlərin Qarabağ probleminin həllinə zərrə qədər xeyri ola biləcəyini iddia edən kimsə varsa, onunla polemikaya hazıram.

- Sizcə, lı səfərlər zamanı Ermənistana gedən azərbaycanlıların erməni xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunması mümkündürmü?

- Əlbəttə, bizimlə müharibə aparan dövlətin maraq dairəsində olan şəxslər ola bilərlər. Eləcə də onları təxribata çəkə və şantaj edərək fakt qarşısında qoyaraq öz tərəflərinə çəkə bilərlər. Təbii ki, bu mümkündür və erməni xüsusi xidmət orqanları həmişə bundan bəhrələnməyə çalışırlar. Siz nəzərə alın ki, Azərbaycanda müəyyən terror hadisələri var idi və sonra bəlli oldu ki, icraçılar Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Bu baxımdan biz düşmən ölkəyə gediriksə, haradasa görüşürüksə, ilk növbədə bu, Azərbaycanın müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır. Daha sonra isə bu səfərdə diqqətli olmaq lazımdır. Şəxsən mənim subyektiv fikrim belədir ki, ümumiyyətlə belə səfərlər dayandırılmalıdır. Belə səfərlərə ancaq beynəlxalq təşkilatların təmsilçisi qismində və rəsmi şəxslər gedə bilər. Hər hansı bir özfəaliyyət, QHT və jurnalistlərin səfərlər etməsi məncə, ciddi vətəndaşlıq mövqeyi deyil.

- Sizcə, Ermənistana səfərlərin dayandırılması ilə bağlı məsələ qanunvericiliyə daxil edilməlidirmi?

- Bunun qanuna salınmasına ehtiyac yoxdur. Sadəcə, özünü vətəndaş hesab edən, bu vətəni və xalqı sevən hər bir kəs düşmən ölkə ilə əlaqəni dayandırmalı və Qarabağ problemi həll olunana qədər bu cür səfərləri etməməlidir. Belə səfərlər gizli edildikdə indi biz müzakirə etdiyimiz hadisə ortaya çıxır. Mirqədirov, Leyla Yunus və gələcəkdə də nələrin olacağını zaman göstərəcək. Vətən sevgisi hissini daşıyan hər kəsin özü ermənilərlə görüşməyin mənası olub-olmadığını müəyyən etməlidir. Əgər bunun mənası yoxdursa, nə üçün onunla görüşür, düşmənin imicini qaldıran layihələrdə iştirak edirsən?

İkincisi, ola bilsin ki, bu layihələrin mənbəyi hansısa beynəlxalq təşkilatdır. Və belə çıxır ki, bundan həm erməni tərəfi, həm də sən bəhrələnirsən. Bir tərəfdən biz istəyirik ki, dünya Ermənistanı iqtisadi-siyasi blokadaya salsın və onu işğal etdiyi ərazilərimizi boşaltmağa məcbur etsin. Digər tərəfdən QHT olaraq başqa dövlətlərdən layihələr əldə edirik və ermənilərlə birgə işləyirik. Bu yenə də 5-10 erməninin maliyyə dəstəyi almasına xidmət edir.

Biz ABŞ Konqresini pisləyirik ki, Ermənistana yardım edir, amma bu tərəfdən özümüz ermənilərlə hansısa layihədə iştirak edirik, Ermənistana müəyyən qədər maliyyənin daxil olmasına şərait yaradırıq. Hesab edirəm ki, burada vətəndaşlıq mövqeyi ortaya qoyulmalıdır. Qanunla bunları tənzimləmək mümkün deyil.

- Təklif edirsiniz ki, Azərbaycan QHT-ləri, hüquq müdafiəçiləri, ictimai xadimləri və jurnalistləri “xalq diplomatiyası”ndan imtina etsin?

- Mən bütün həmkarlarımı, jurnalistləri, eləcədə digər təşkilatların nümayəndələrini erməni QHT-ləri ilə əlaqələrini kəsməyə dəvət edirəm. Nə zaman torpaqlarımız azad olunar, o zamanda ölkə səviyyəsində siyasi kursa uyğun olaraq münasibətlərin tənzimlənməsi müəyyən olar və onda da bu əlaqələrin genişlənməsi üçün addımları genişləndirə bilərik. Amma indi xalq diplomatiyasını yüz dəfə gerçəkləşdirsən də bu mənasız olacaq.
Həm də nəzərə almaq lazımdır ki, biz erməni xalqı ilə müharibə aparmırıq. Bu xalqda indi erməni siyasi hakimiyyətində olanların əlində oyuncağa çevrildi. Qarabağ kartından istifadə edərək hakimiyyətə gəldilər və indi də hakimiyyətdədirlər. Bizim erməni xalqı ilə problemimiz yoxdur, problemimiz Ermənistanın siyasi hakimiyyəti ilədir. Onlar hakimiyyətdə qalmaq üçün Qarabağ kartından istifadə edirlər.
Bilmək olmaz ki, bu xalq diplomatiyasını reallaşdıran şəxslər öz-özlüyündə Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, ya yox.

- Əslində “xalq diplomatiyası” layihələrini beynəlxalq xarici təşkilatlar maliyyələşdirir. Doğurdanmı onların məqsədi bölgədə sülhün və əmin-amanlığın əldə olunmasıdır?

- Qətiyyən. Onların yeganə məqsədi problemi uzatmaq, bunu erməni xeyrinə tənzimləmək və gələcəkdə bu prosesi unutdurmaqdır. Necə olur ki, Minsk qrupu 1994-cü ildən indiyə qədər Ermənistana qəsbkar deyə bilmir? Odur ki, mən onların çaldığı havaya deyil, milli ruhda olan öz havamıza oynamağı vacib hesab edirəm.

- Avropa Şurasının baş katibi yaxın günlərdə Azərbaycana səfər edəcək. Eləcə də Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmək ərəfəsindədir. Bu şəraitdə Leyla Yunusla bağlı yaşananlar və digər bu kimi hallar Azərbaycana qarşı istifadə oluna bilərmi?

- Mən sizə təsadüfən demədim ki, yaranan bu situasiyadan Leyla Yunus bəhrələnməyə cəhd etdi və müəyyən qədər də bəhrələndi. Çünki iyun ayında Azərbaycan prezidentinin Avropa Şurasında çıxışı nəzərdə tutulub. Eləcə də Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edəcək. Belə bir ərəfədə səs-küylü şouların düzəldilməsində, daha sonra bəyanatların verilməsində maraqlı dövlətlər və beynəlxalq təşkilatlar var, bunların hamısı məqsədyönlüdür.

Hesab edirəm ki, bu cür şouların baş verməsi üçün əvvəlcədən zəmin hazırlanıb. Bu hadisə ilə bağlı müəyyən qüvvələr Azərbaycanın xeyrinə olmayan mövqelər nümayiş etdirməklə Azərbaycanın imicinə zərər vurmağa cəhd edəcəklər. Sadəcə, demək istəyirəm ki, bəzən biz Leyla Yunus kimi adamlarla hüquq dilində danışanda şou düzəldir. Mən hesab edirəm və onun tərəfdarıyam ki, olduqca qanuna uyğun formada hərəkətlər olunsun ki, sabah Leyla Yunus bunu əlində bayraq edib Azərbaycan əleyhinə istifadə edə bilməsin. /Teleqraf.com/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR