Nida.az
Yeni dövlət qurumu yaradılır - İslahat
Azərbaycanda vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək dövlət qurumunun yaradılması gözlənilir. Bu barədə Trend-ə eksklüziv müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
"Bu gün Azərbaycanda vətəndaşların daha keyfiyyətli hüquqi
yardım almaq problemi var. Sizcə bu nə ilə əlaqədardır?" sualına
cavabında Ə.Hüseynli deyib ki, Azərbaycanın ötən illərdə sürətli
iqtisadi inkişafı ölkədə həm də hüquqi islahatlara yeni bir nəfəs
verib: "Son 10 ildə onun inkişaf tempi o qədər sürətli idi ki,
inzibati idarəetmədə və hüquq islahatlarında bu tempə uyğunlaşmaq
vəzifəsi var idi. İqtisadi inkişaf eyni zamanda, heç kimin
gözləmədiyi sayda mübahisələrə də gətirib çıxarırdı. Çünki burada
əmlak məsələləri meydana çıxdı, bəzi hallarda vətəndaş-məmur
mübahisələri artmağa başladı. Məhkəmə-hüquq islahatları
çərçivəsində aydın şəkildə görünürdü ki, ölkədə məhkəmə islahatları
yeni mərhələyə keçməlidir. Bununla bağlı, xüsusən hakim korpusu,
onların sayının artırılması ilə bağlı bir sıra tədbirlər
görüldü".
Millət vəkilinin sözlərinə görə, bütün bu illər ərzində müsbət
statistika ondan ibarətdir ki, cinayətkarlıqla bağlı dinamika sabit
oldu, yəni, ölkədə cinayətkarlıq artmadı: "Bu baxımdan, cinayət
işləri üzrə hüquqi məsələ elə də aktual deyil və bu sahədə
peşəkarlar kifayət qədərdir. Amma daha sivil hüquqla bağlı
münasibətləri tənzimləyən peşəkar yardım sahəsində problem var və
bu problem aktual olaraq qalır. Bunun əsas səbəbi pullu və ya
pulsuz hüquqi yardımın kifayət qədər olmamasıdır. Əgər pullu hüquqi
xidmət varsa, deyək ki, vəkil, hüquqşünas xidməti ödənişli
əsaslarladır. Çünki çoxlu sayda hüquq şirkətləri var və peşəkarlar,
Qərb, xarici universitetlərin məzunları da kifayət qədərdir. Amma
onlar ödənişlidir və hər kəsin onların xidmətindən bəhrələnmək
imkanı yoxdur. Deməli, məsələnin aktuallığı pulsuz hüquqi yardıma
söykənir. Bax, bu sahədə hüquq ictimaiyyətinin qarşıda görəcəyi çox
ciddi işlər var".
Ə.Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Ədliyyə
Akademiyası, Vəkillər Kollegiyası, bir neçə hüquq şirkəti, o
cümlədən Bakı Hüquq Mərkəzi, Azərbaycan Hüquqşünaslar
Konfederasiyası bir neçə xarici tərəfdaşla birlikdə pulsuz hüquqi
yardım üzrə nəzəriyyələr hazırlayırlar: "Artıq işçi qaydasında
qanun layihəsi də var. Bu dövr ərzində bir neçə xarici ölkənin
təcrübəsi öyrənilib. Hesab edirəm ki, indiki iqtisadi inkişaf
şəraitində Azərbaycan dövlətinin artıq kifayət qədər imkanı var ki,
pulsuz hüquqi yardımı həyata keçirəcək büdcədən maliyyələşən qurum
yaradılsın, bu qurum maliyyələşdirilsin və aztəminatlı insanlar
həmin o qurumdan davamlı şəkildə pulsuz hüquqi yardım ala
bilsinlər".
Millət vəkilinin fikrincə, daha əhəmiyyətlisi ola bilər ki, belə
bir qurum Ədliyyə Nazirliyi yanında yaradılsın: "Çünki
istər-istəməz həmin qurumun maddi-texniki təminatı məsələsi gündəmə
gələcək. Ona görə də bu qurumun müvafiq icra hakimiyyəti yanında
yaradılması vacibdir. Hesab edirəm ki, bu, bizim məhkəmə-hüquq
islahatlarımıza da öz töhfəsini verəcək. Çünki mənim müşahidəm onu
göstərir ki, əgər ilkin mərhələdə vicdanlı və peşəkar hüquqi yardım
göstərilərsə, bəzən çoxlu sayda işlər məhkəməyədək
mübahisələndirilməyə bilər. Ona görə də vətəndaşlara pulsuz hüquqi
yardım institutunu yaratmaq, onu inkişaf etdirmək lazımdır. Hələlik
bu, aşağı səviyyədədir, xüsusən də regionlarda bu, müəyyən problem
yaradır".
"Dövlət tərəfindən vəkillərə hər saata görə 2 manata yaxın pul
ödənilir. Sizcə, bu, peşəkar fəaliyyət üçün yetərlidirmi?
Ümumiyyətlə, bəzi xarici ölkələrin təcrübəsində olduğu kimi,
Azərbaycanda da alternativ vəkillik institutu yaradılmalıdırmı?"
sualına cavabında isə Ə.Hüseynli deyib ki, Azərbaycanda vəkillərin,
Vəkillər Kollegiyasının üzvü olan vəkillərin əhalinin adambaşına
düşən sayı azdır: "Son 10 ildə apardığı işlərin nəticəsi idi ki,
Azərbaycan hakimlərin adambaşına düşən sayına görə Avropada orta
rəqəmə çata bilib. Amma bunun üçün görün, neçə illik yol keçdik.
Bu, 2004-cü ildən bəri 10 ilin nəticəsində əldə olundu. Deməli, bu,
çox uzun bir yoldur, çox resurs tələb edir ki, vəkillərin sayını
artıraq. Məncə, dediyimiz birinci məsələ - pulsuz hüquqi yardımla
məşğul olan dövlət qurumu yaratsaq, çoxlu sayda müraciətlər azalmış
olacaq".
Millət vəkilinin sözlərinə görə, bir neçə il bundan əvvəl "Vəkillər
və vəkillik fəaliyyəti haqqında" qanuna fundamental dəyişikliklər
edildi: "Oraya mümkün olan bütün mütərəqqi dünya təcrübəsini
gətirdik. Deyim ki, vəkillik peşəsi bütün sivil dünyada çox
hörmətli və çoxtəminatlı hesab olunur. Əlbəttə ki, bir tək vəkillik
institutu yox, səmərəli ədalət mühakiməsi bahalı bir sistemdir. Ona
görə bir çox ölkələrdə insanlar məhkəməyə qədər çalışırlar ki,
mübahisəni həll etsinlər. Çünki hər kəs məhkəməyə getmir. Heç kim
risk etmir və hətta ən yaxşı məsləhəti vermiş vəkil belə artıq
təminatlıdır. Çünki onun perspektivini görmür. Bu baxımdan, ədalət
mühakiməsi özü bahalı bir sistem olduğuna görə, bir çox ölkələrdə
hakimlər də çox yüksək təminatlı olurlar. Avropa ölkələrində
onların təminatı kifayət qədərdir. Dediyiniz o maddi təminat
məsələsi bundan əvvəl bir dəfə qaldırılıb. Mənə belə gəlir ki, saat
hesabı ilə təminat, imkan olsa, hətta büdcədən bir dəfə də qalxsa,
bu, problemi həll etməyəcək. Yəni, pulsuz hüquqi yardım sistemi
yaratsaq, hansı məbləğin ödənilməsi məsələsi avtomatik olaraq
əhəmiyyətini itirmiş olacaq. Çünki həmin variant özünü
doğrultmur".
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...