Parlamentdə kimlər intizamı pozur?- bəzi deputatlara xəbərdarlıq ediləcək
Bizi izləyin

Nida.az

Parlamentdə kimlər intizamı pozur?- bəzi deputatlara xəbərdarlıq ediləcək

Parlamentdə kimlər intizamı pozur?- bəzi deputatlara xəbərdarlıq ediləcək

Milli Məclis sədri Oqtay Əsədovun deputatlara iradı uzun zamandır yaşanan problemi yenidən gündəmə gətirdi. Belə ki, spiker bir sıra deputatlara parlamentə gəlmədiyinə, iclaslarda iştirak etmədiyinə görə, irad tutdu.

“Bura hamımızın birbaşa iş yeridir. İki dəfə iclas olan vaxtlar biri yarım saat gecikir. Qanuna səsvermə zamanı yetər səs yoxdur. Çox xoşagəlməz hal alınır. Biz deputat seçiləndə üzərimizə öhdəlik götürmüşük. Bəzən bizim deputatlarımız birbaşa borcumuz olan iclasa gəlmir, müxtəlif tədbirlərə gedirlər. Milli Məclis olan günü ondan vacib tədbir olar? Baxırıq ki, millət vəkili günün birinci yarısı gəlir, baxırsan ki ikinci yarısı yoxdur. Özümüz özümüzə bir balaca hörmət etməliyik. Komitə sədrlərindən başqa, deputatların 70 faizini mən otaqlarında görməmişəm”- deyə spiker bildirdi.

Bu problem zaman-zaman Milli Məclisdə yaşanıb. Ali qanunvericilik orqanın əsas işinin intizamlı formada fəaliyyət göstərməsi olmasına baxmayaraq, bir sıra hallarda intizamsızlığın olması xüsusi diqqət çəkir.
Hətta bəzi deputatlar var ki, ümumiyyətlə iclaslarda iştirak etmir.

Spikerin iradları ilə bağlı Publika.Az deputatların fikirlərini öyrənib.

Millət vəkili Fazil Mustafa bildirib ki, bu iradlar haqlıdır. Lakin o, Milli Məclisdə deputatın seçicilərlə əlaqə saxlaması üçün kifayət qədər imkan olmadığını da qeyd edib.

“Deputat otaqda oturmamalıdır. Otaqda əsasən komitə sədrləri oturur, çünki onlar qanunların hazırlanmasında birbaşa iştirak edirlər. Hesab edirəm ki, komitələrin fəaliyyətini canlandırmaq lazımdır ki, deputatlar da aktiv iştirak etsinlər. Otaqda ancaq telefonla əlaqə saxlamaq olur. İnternet şəbəkəsini genişləndirmək lazım idi, amma əksinə, məhdudlaşdırıldı. Xüsusilə də ağıllı telefonların istifadəsi ləğv edildi. Mən bir deputat kimi seçicilərimlə sosial şəbəkələrdə daha çox əlaqə saxlayıram. Parlamentdə isə sosial şəbəkələrdən istifadə mümkün deyil. Bu baxımdan, daha çox partiya ofisində otururam. Əgər bunlara üçün şərait yaradılsa daha yaxşı olar. İradlar haqlı olsa da, deputatların daha səmərəli fəaliyyəti üçün mühit yaradılmalıdır”-deyə deputata bildirib.

F. Mustafa qeyd edib ki, deputat seçicisi ilə işləyirsə, iclaslarda iştirak etməyə də bilər: “Qanunda göstərilib ki, 30-dan artıq iclas buraxılırsa, o zaman məsələyə intizam komissiyasında baxılır. Hesab edirəm ki, deputatlar parlamentə gəlmədən də fəaliyyət göstər bilər”.

Deputat Zahid Oruc hesab edir ki, spiker dediklərində haqlıdır. Onun sözlərinə görə, bu cür hallar baş verir:

“Amma spiker bunu konkret kiməsə ünvanlamırdı. Spikerin mövqeyi kifayət qədər səmimi və parlamentin işinə müsbət təsir edəndir”.

Deputat İlyas İsmayılov da Oqtay Əsədovla aralarında narazılığa baxmayaraq, onu haqlı sayır.

“Hər yerdə nizam-intizam olmalı və buna əməl edilməlidir. İntizam olmayan yerdə inkişaf və düzgünlük də mümkün deyil”-deyə deputata bildirib.

Milli Məclisin intizam Komissiyasının üzvü, millət vəkili Siyavuş Novruzov bildirib ki, spikerin iradlarına komissiyada baxıla bilər: “Bundan əvvəl da belə məsələlərə baxılıb və şifahi xəbərdarlıq edilib. Bu məsələyə də baxıla bilər”.

S. Novruzov qeyd edib ki, spiker dediklərində haqlıdır.

“O da deputatlara xəbərdarlıq etdi ki, davranışlarında diqqətli olsunlar. Bildirdi ki, iclaslarda iştirak etmirlər, amma tədbirlərə gedirlər. Məncə, heç kim bunu bilərəkdən etmir. Azərbaycanda beynəlxalq, regional tədbirlər keçirilir, deputatları dəvət edirlər, onlar da gedirlər. İntizam komissiyasının bununla bağlı statistikası var və bu statistikaya uyğun iş aparılır”-deyə S. Novruzov qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm