Hacıbaba Əzimovdan “DTK agenti” ittihamlarına cavab: “Danos yazmamışam”
Bizi izləyin

Nida.az

Hacıbaba Əzimovdan “DTK agenti” ittihamlarına cavab: “Danos yazmamışam”

Hacıbaba Əzimovdan “DTK agenti” ittihamlarına cavab: “Danos yazmamışam”

“Təəssüf ki, dəfələrlə şahidi olmuşuq ki, Siyavuş Novruzov məsuliyyət hissini itirərək daşıdığı deputat mandatına və YAP-da tutduğu vəzifəyə yaraşmayan büsbütün yalan, böhtandan ibarət fikirlərlə, iddialarla çıxış edir. Xüsusilə demokratik düşərgəsinin adamlarına qarşı cəfəng hədyanlar söyləyir, indi də mənə qarşı tamamilə şər-böhtandan ibarət fikirlər səsləndirib ki, bunlarda da cinayət tərkibi mövcuddur”.

Bu barədə istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov Publika.Az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun ona qarşı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.


“Müstəqillik aktının qəbul edilməsi üçün nə qədər əziyyət çəkmişəm”


H. Əzimov bildirib ki, S. Novruzovun onunla, müstəqilliyin əldə olunması prosesi ilə bağlı dediklərinin hamısı ağ yalan, uydurma və cinayət tərkibli böhtandır. Əvvələn, onun dediyi kimi ,1990-cı ildə heç də Mütəllibovun deputatları 100 faiz əhatə edən siyahısı olmayıb. Onun sözlərinə görə, sözlərinə görə, əgər belə bir şey olsaydı, bir qrup deputat, o cümlədən onun özü Mütəllibovun siyasətinə qarşı çıxmazdı: “1990-cı ilin axırında Müstəqil Azərbaycan Deputat Blokunu (qısa olaraq “Demblok” deyilir) yaratdıq və Sovet hakimiyyətinin siyasətinə qarşı, dövlət müstəqilliyi uğrunda kəskin mübarizəyə başladıq. Ancaq Siyavuş Novruzov bunları görmək istəmir və danır. O, iddia edir ki, guya o dövrdə mənim deputat kimi çıxışlarım olmayıb. Bu da yalandır. Hər kəs bilir ki, 1991-ci ildə Ali Sovetdə ən fəal deputatlardan biri mən olmuşam. Hətta “Demblok”un üzvləri bəzən iqtidarın mövqeyinə etiraz edib zalı tərk ediblər, amma mən getməmişəm, qalmışam, təklikdə mübarizə aparmışam. Elə gün olub ki, bəlkə də 8-10 dəfə çıxış etmişəm. Amma bu adam bunları ya bilmir, ya da bilmək istəmir”.

İstiqlalçı deputat qeyd edib ki, 1991-ci ildə martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanılması ilə bağlı məsələ müzakirə olunarkən bunun əleyhinə ən çox çıxış edənlərdən biri də o olub.

“O zaman 350 deputatın içindən cəmi 43 nəfəri özündə milli qeyrət, cəsarət tapıb referendumun əleyhinə, yəni Azərbaycanın dövlət müstəqilliyinin lehinə səs verdi. Onlardan biri də mən olmuşam. Biz özümüzü istiqlalçı deputat adlandırmırdıq, sadəcə olaraq həmin 43 deputatı cəmiyyət belə tanıyır və istiqlalçı deputat adlandırırdı. Ən mühüm fakt isə budur ki, mən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri və həmin Aktın əsas müəllifi olmuşam. 1991-ci il 17-18 oktyabr iclaslarının videolenti məndə var. Ordan hər kəs görür ki, mən müstəqillik aktının qəbul edilməsi üçün nə qədər əziyyət çəkmişəm. Bunların heç birini görmək istəməyən Siyavuş Novruzov deyir ki, müstəqilik aktına bütün deputatlar səs verib. Onun bu məsələdən də ya xəbəri yoxdur, ya da bilərəkdən həqiqəti danır”-deyə o, bildirib.


“YAP-ın sıralarında vətənpərvər, vicdanlı şəxslər çoxdur, amma bu da həqiqətdir ki...”


H. Əzimov qeyd edib ki, müstəqilik aktına 350 deputatdan cəmi 258 nəfəri səs verib. Onun sözlərinə görə, çoxu səs vermək istəmirdi, çəkinirdilər, qorxurdular: “Deputatların çoxu əvvəlcə istəməsə də, mənim həmin aktla bağlı suallara tribunadan verdiyim dürüst cavablar, izahların nəticəsində onlar səs verməyə razı oldular. Konstitusiya Aktının qəbulundan sonra bütün dünya Azərbaycanı müstəqil dövlət kimi tanıdı. Bundan qürur duymaq şərəfi mənə də qismət oldu. Müstəqillik Aktının qəbulundan dərhal sonra istiqlalçı deputatların təzyiq və təkidi ilə daimi fəaliyyət göstərən ilk Milli Məclis seçildi. Cəmi 50 nəfərdən ibarət olan Milli Məclisin üzvlərindən biri olmaqla mən də digər deputatlar kimi 1995-ci ilin axırınadək oradan daimi iş yeri kimi əmək haqqı almışam. Ona görə də ilk Milli Məclisin üzvlərinə deputat pensiyası verilməməsi onlara qarşı diskrinimasiya tətbiq edilməsi deməkdir”.

Professor H. Əzimov qeyd edib ki, YAP-ın sıralarında vətənpərvər, vicdanlı şəxslər çoxdur: “Amma bu da həqiqətdir ki, o zaman müstəqilliyin əleyhinə səs verənlərin çoxu indi YAP-dadırlar, bəziləri deputatdır, məmurdur”.

O, xatırladıb ki, şəxsən Siyavuş Novruzovun özü də dəfələrlə Milli Məclisdə vaxtilə Heydər Əliyevin, müstəqilliyin əleyhinə çıxanların parlament kürsülərində oturduğunu deyib: “Bunları onun özü deyib, indi niyə başqa söz danışır?”.


“Heç kəslə bağlı danos yazmamışam, bunu ən murdar, şərəfsiz iş hesab etmişəm”


H. Əzimov S. Novruzovun onu DTK-nın agenti adlandırmasına da cavab verib. Bunun Allahsızlıq və cinayət əməli yaradan böhtan olduğunu deyən istiqlalçı deputat bildirib ki, onun həyatı daim şəffaf keçib.
VAMBP sədri qeyd edib ki, əgər onun DTK ilə əlaqəsi olsaydı, 1992-93-cü illərdə Milli Məclisdə DTK arxivlərinin açılması ilə bağlı müzakirələrdə bunun əleyhinə çıxardı.

“Amma mən müzakirələrdə DTK arxivlərinin açılmasını tələb etmişəm, bildirmişəm ki, Azərbaycanın bədxahları açıqlanmalıdır, onlar cəmiyyətdən təcrid olunmalıdır ki, müstəqilliyimizin təhlükəsizliyini qoruya bilək, ölkəmizi inkişaf etdirə bilək. Amma Siyavuş Novruzov düşünmədən, heç bir dəlil, sübut göstərmədən böhtan danışır. Heç kəslə bağlı danos yazmamışam. Bunu ən murdar, şərəfsiz iş hesab etmişəm və edirəm. Həmişə sözümü heç kimdən çəkinmədən üzə demişəm və deyirəm. Mən təmiz, vicdanlı, təmənnasız adam kimi yaşamışam. Qürur duyuram ki, şərəfli həyat yaşamışam, bundan sonra da qalan ömrümü belə yaşayacağam. Ancaq PKK-çı, separatçı ünsürlərin ifşa edilib zərərsizləşdirilməsini həmişə açıq şəkildə tələb etmişəm və bundan sonra da edəcəyəm. Məhz bu məqsədlə də hələ 1992-ci ildə Vahid Azərbaycan Milli Birlik Partiyasının yaranmasının təşəbbüsçüsü olmuşam. Xalqımıza, Vətənimizə yad nəzərlərlə baxan, milli müstəqil dövlətçiliyimizi açıq və ya gizli şəkildə təhdid edən daxili və xarici xəyanətkar qüvvələrə qarşı çıxış etdiyimə görə də qurucusu olduğum Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən qanunsuz olaraq kənarlaşdırılmış, işsiz saxlanılmış, müxtəlif təzyiq və təqiblərə məruz qoyulmuşam, eyni zamanda ilk Milli Məclisin üzvü olduğuma baxmayaraq deputat pensiyası almaq hüququndan məhrum edilmişəm. Bütün bunlara görə də hədyan danışanlar gec-tez cavab verməli olacaqlar. Bunları Siyavuş Novruzov və başqaları da dərk etməli, danışıqlarına fikir verməlidir”-deyə o, diqqətə çatdırıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm