Milli Məclisin susmuş deputatları: “Onlar kifayət qədər qızıl əldə ediblər”
Bizi izləyin

Nida.az

Milli Məclisin susmuş deputatları: “Onlar kifayət qədər qızıl əldə ediblər”

Milli Məclisin susmuş deputatları: “Onlar kifayət qədər qızıl əldə ediblər”

Ölkənin ali qanunverici orqanı olan Milli Məclisdə deputat yeri 125 olsa da, əksər deputatın fəaliyyəti gözə dəymir.

Bütün iclaslarda ancaq bir qrup deputat çıxış edir, müzakirə aparır, təkliflər irəli sürür, yerdə qalansa ağızlarına su alıb oturur. Halbuki 125 deputat 125 səs, 125 təklif, fikir deməkdir. Lakin elə deputat var ki, nə ictimaiyyət, nə də media təmsilçiləri nəinki onların səsini, heç adlarını da bir dəfə eşitməyib.


Susmuş xalq elçilərinin aldıqları əmək haqqı ilə gördükləri iş arasındakı uçurum


Deputat termini serb sözü olub hərfi mənası “elçi göndərilmiş” deməkdir. Yəni xalq tərəfindən seçilmiş bu şəxs xalqın sözünü qanunverici orqanda səsələndirir, onların haqqlarını qoruyur. Əsas vəzifəsi də qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir.

Azərbaycan Milli Məclisində isə bir qrup deputat bu funksiyaya uyğun fəaliyyət göstərsə də, əksər deputatlar yalnız ad daşıyır. Yalnız bu adı daşıyanların bir qrupu parlamentə belə gəlmir, spiker Oqtay Əsədov ötən iclasda bununla bağlı iradlarının bildirdi, bir çoxunu isə heç öz seçicisi belə tanımır.

Amma onlar dövlət büdcəsindən maaş alırlar. Belə ki, “Milli Məclisi deputatının statusu haqqında” Qanuna son dəyişiklikdən sonra deputatların əmək haqqları artırıldı. Dəyişikliyə görə, parlament sədri 2250 manat (əvvəl 1950 manat olub), sədrin I müavini 2025 manat (əvvəl1755 manat olub), sədrin müavini 1912,5 manat (əvvəl 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (əvvəl 1560 manat olub), sıravi deputat isə 1575 manat (əvvəl 1365 manat olub) maaş alır. Həmçinin onlar bir çox imtiyaza sahibdirlər.

Publika.Az bununla bağlı aktiv deputatların münasibətini öyrənib.


“Gərək deputatlar seçici ilə aktiv işləsin, problemlərini qaldırsınlar”


Milli Məclisin ən fəal deputatlarından olan Siyavuş Novruzov susqun deputatların passivliyini qınayır.
“Deputatın bir funksiyası da danışmaqdır. Həm də bir deputat aktiv olmalıdır. Amma bəziləri danışmasa da, qanunvericilik təşəbbüsü ilə çıxış edir. Bunu heç olmasa yazılı formada edir. Seçicilərin arzu və istəklərini komitə iclaslarında diqqətə çatdırır. Bəziləri də ümumiyyətlə, danışmır. Burda qəbahət olmasa da, aktivlik əsas şeydir. Gərək deputatlar seçici ilə aktiv işləsin, problemlərini qaldırsınlar”-deyə o bildirib.

“Danışmayan deputatlar kifayət qədər qızıl əldə ediblər”


Ən aktiv deputatlardan olan Fazil Mustafa isə bu məsələyə özünəməxsus formada münasibət bildirib. Deputat bildirib ki, bəzi deputatların susmağı xalq məsələsi ilə bağlıdır: “Xalq məsəlimiz var ki, danışmamaq qızıldır. Onlar qızılı yaxşı tanıyırlar. Yəqin ki, qızıl əldə etmək istəyirlər. Bizim danışmağımızdan heç bir şey ortaya çıxmır. Əksinə, ziyanımıza işləyir. Amma danışmayan deputatlar kifayət qədər qızıl əldə ediblər. Buna görə də susmağa üstünlük verirlər”.

F. Mustafa qeyd edib ki, bəzi danışmayan deputatlar heç olmasa seçici ilə işləyirlər, sadəcə olaraq danışmaqla araları yoxdur.

“Amma bəziləri də var ki, danışmamaqla yanaşı, seçici ilə də az işləyirlər. Əsas irad onlaradır. Danışmasalar da, heç olmasa seçicinin problemləri ilə maraqlanmaq lazımdır. Bu xoşagəlməzdir”-deyə deputat qeyd edib.

“Onları nə cəmiyyət, nə media, nə də seçici tanıyır”


Politoloq Qabi Hüseynli də bildirib ki, parlamentdə 125 deputat olsa da, bir qrup deputat aktiv formada fəaliyyət göstərir: “Bir qrup deputat isə ümumiyyətlə, görünmür. Onları nə cəmiyyət, nə media tanıyır. Bəzilərini isə heç öz seçici belə tanımır. Bu çox mənfi haldır. Deputatın işi seçicinin problemlərini qaldırmaq, həmçinin ölkənin, region və dünyanın gündəmini bilməkdir”.

Politoloq hesab edir ki, media passiv deputatları fil yuxusundan oyatmaq üçün onların üzərinə getməlidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm