Hacıbaba Əzimov: “Milli Şuradakı separatçılarla bağlı faktlar çıxaracam”
Bizi izləyin

Nida.az

Hacıbaba Əzimov: “Milli Şuradakı separatçılarla bağlı faktlar çıxaracam”

Səfərov Əlikram Hümbətova yaxın olub, bu gün də onu müdafiə edir. Mən də bu sözləri dediyimə görə əleyhimə yalan, böhtan, şərəfsizcəsinə ittihamlar yağdırdılar. Dəfələrlə təşkilatçılara demişəm ki, Milli Şuranın adına layiq olmayan adamları gətiriblər

Milli Şurada “separatçılıq” və “xarici dövlətə xidmət edən agent” məsələsi gündəmdədir. Qurumun KŞ üzvü Hacıbaba Əzimov Mehdibəy Səfərovu separatçılıqda ittiham edib, qarşı tərəf isə-məsələ Eldəniz Quliyev də qarışıb-onu məhkəməyə verəcəklərini bildirib.

Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov Publika.Az -a açıqlamasında bildirib ki, onu heç kim məhkəməyə verə bilməz: “Kimin nə olduğu, bu ölkəni kimlərin bölmək istədiyi, əlikramçıların kim olduğunu hər kəs yaxşı bilir. Mehdibəyin də, onun yanındakıların da separatçı olduğunu, nəyə xidmət etdiklərini sübut edə bilərəm”.

H, Əzimov qeyd edib ki, cəsarətləri çatırsa, məhkəməyə versinlər, o faktlarla çıxış edəcək.

“Ümumiyyətlə Mehdibəy Səfərov kimi adamın Milli Şurada təmsil olunması böyük biabırçılıqdır. O, Milli Şuraya “El” hərəkatının xətti ilə gəlib. Rüstəm İbrahimbəyova hörmətimiz var, amma o, nələr olduğunu bilmir. Eldar Namazov milli mənafedən kənar şəxsləri Milli Şuraya gətirdi.

Mehdibəy Səfərov “Talış Muğan Respublikası” yarananda, hələ ondan da əvvəl Talış Mədəniyyət Mərkəzinin sədrliyini ələ keçirmişdi. Əvvəlki sədr Novruzəli Məmmədov idi. İndi bu adam Novruzəli Məmmədovu qəhrəman kimi qələmə verir. Amma onun vəzifəsini ələ keçirəndə Məmmədovu düşmən elan etmişdi. Nə üçün? Ona görə ki, o zaman Məmmədov talış separatçılarına qoşulmadı və “Talış Partiyası”nın nizamnaməsini də “Talışi Sədo” qəzetində çap etmədi. Bu məsələlərə görə ona düşmən kəsildilər.

Səfərov Əlikram Hümbətova yaxın olub, bu gün də onu müdafiə edir. Mən də bu sözləri dediyimə görə əleyhimə yalan, böhtan, şərəfsizcəsinə ittihamlar yağdırdılar. Dəfələrlə təşkilatçılara demişəm ki, Milli Şuranın adına layiq olmayan adamları gətiriblər. Bəli, demişəm ki, Milli Şuranın daxilində xarici kəşfiyyata işləyən adamlar var. Bu gün də deyirəm. Təəssüflər olsun ki, müvafiq dövlət orqanları bu məsələlərə laqeyd yanaşırlar. Onlar Rusiya kəşfiyyatına xidmət edən adamlara toxuna bilmirlər. Çünki dövlət orqanlarında Rusiya kəşfiyyatına işləyən adamlar var. Mehdibəy Səfərov da guya qisas alırmış kimi dedi ki, Hacıbaba Əzimov etnik zəmində münaqişə yaradır. Bunlar min sifətə girirlər.

1992-ci ildə partiyanı yaradanda Lənkəran Dövlət Universitetinin rektoru idim. Həmin vaxt görürdüm ki, bunlar cənub bölgəsində nə oyundan çıxırlar. Bunların qarşısını almaq üçün partiyanı yaratdım və adını da Vahid Azərbaycan Milli Birlik Partiyası qoydum. Bu insanlar Azərbaycanı parçalamaq istəyirdi. Bir tərəfdən hakimiyyət bizim fəaliyyətimizə imkan vermir, digər tərəfdən talış separatçıları bizə qarşı mübarizə aparırlar”-deyə - H. Əzimov vurğulayıb.H. Əzimov bildirib ki, talış xalqı M. Səfərov kimi separatçıları qəbul etmir.

Qeyd edək ki, H. Əzimov bundan əvvəl Publika.Az –a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin Milli Şura ilə bağlı tədbir görməsinin vacibliyini qeyd etmişdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm