“Sadval” kartı gündəmdə: Dağıstandan gələn kəşfiyyatçı Mursalov kimdir? - Şok faktlar
Bizi izləyin

Nida.az

“Sadval” kartı gündəmdə: Dağıstandan gələn kəşfiyyatçı Mursalov kimdir? - Şok faktlar

“Sadval” kartı gündəmdə: Dağıstandan gələn kəşfiyyatçı Mursalov kimdir? - Şok faktlar - Özəl

Dağıstanın Azərbaycandakı nümayəndəliyinin boş qalan rəhbərliyinə qeyri-rəsmi olaraq “Sadval”çı rəhbərlik edir.

Publika.Az-ın əldə etdiyi özəl məlumata görə, Rusiya vətəndaşı, Dağıstanda yaşayan Mübariz Mursalov adlı şəxs bu il may ayının əvvəlinə qədər bir neçə ay ərzində Xaçmazda olub. O, özünü Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi təqdim edir və “Məni bura Ramazan Abdulatipov təyin edib” deyə bildirir.

“Bu ad altında Azərbaycana qarşı ciddi təbliğat aparır. Neçə həftə idi ki, burda idi. Sonuncu dəfə mayın 2-si Xaçmazı tərk edib Dağıstana qayıtdı”-deyə mənbə bildirir. Qeyd edir ki, M. Mübarizin əsas tənqid etdiyi şəxs nümayəndəliyin keçmiş rəhbəri Maqomed Qurbanovdur: “Bu şəxs Qurbanovlar ailəsi ilə bağlı kampaniya aparır. Dərbənd icra hakimiyyətinin rəhbəri Maqomed Qurbanovun qardaşı Qurban Qurbanovu söyür. Deyir məni bura prezident təyin edib. Ona inanan da var, inanmayan da. Amma faktiki olaraq nümayəndəliyin adı olan lövhə onun çantasındadır”.


“Mursalov Mübariz Əbumüslüm, Rusiya Federasiyası vətəndaşı – “Sadval”.

“Sadval”ın siyahında o, belə təqdim edilir. Milliyyətcə ləzgidir, Dağıstanda, Dərbənd şəhərində yaşayır.
Dağıstan prezidenti Abdulatipov bu posta təyin olunmamışdan öncə Moskvada keçirilən milli azlıqlarla bağlı tədbirdə çıxış üçün ona da söz verilmişdi. O zaman Dağıstan mediası M. Mursalovu “keçmiş əks-kəşfiyyatçı” kimi təqdim etmişdi.

M. Mursalovla bağlı əldə etdiyimiz daha bir məlumatda isə deyilir ki, o, keçmiş SSRİ zamanında hərbi jurnalist kimi çalışıb. SSRİ dağılandan sonra bir müddət Moskvada “Lezginskiy vesti” qəzetini buraxıb. Daim Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, özü “Sadval”ın üzvüdür.

Ötən il təxminən bu vaxtlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsinin “Sadval” ləzgi milli hərəkatı şurasının sədri Nazim Hacıyevə cavab məktubu daxil olur. Mediaya sızdırılan bu məktubda belə deyilirdi: “Sizin Dağıstan Respublikasının prezidenti səlahiyyətlərini yerinə yetirən Ramazan Abdulatipova müraciətiniz R.F FSB-nin Dağıstan idarəsinin direktoru Bortinokva tərəfindən nəzərdən keçirilib. FSB-nin Dağıstan üzrə idarəsi sizin müraciətinizdə göstərilən faktları yoxlanılması üzrə müvafiq işlər həyata keçirir. Məlumat üçün bildirək ki, Dağıstan Respublikasının prezidentinin 03.04.2013 tarixli, 111 nömrəli fərmanı ilə Dağıstanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi Maqomed Qurbanov tutduğu vəzifədən azad edilib.
A.E.Sobol”.

Məktubda Dağıstanın Azərbaycandakı daimi nümayəndəsi Maqomed Qurbanovun vəzifəsindən azad edilməsi tarixi 2013-cü il mart ayının 3-ü olaraq göstərilir. Həmin tarixdən bir neçə gün sonra Maqomed Qurbanovun geri çağırılması ilə bağlı qeyri-rəsmi xəbərlər yayılmağa başlayır, ardınca rəsmi olaraq təsdiqini tapır.
Azərbaycanın Şimal bölgəsində və Dağıstanda baş verən proseslər Qurbanovun geri çağırılması səbəbləri barədə bir sıra ehtimalları ortaya çıxarır.

Belə ki, Qurbanovun işdən azad edilməsinin səbəbi kimi Dağıstanda nəşr olunan “Real zaman” qəzetinin baş redaktoru və “Nezavisimaya qazeta”nın şərhçisi Milard Fətullayevin Bakıda deportasiyası göstərilirdi. Lakin bu sadəcə bəhanəni gətirəcək səbəb ola bilərdi, çünki belə bir səbəb çoxdan gözlənilirdi.


M. Qurbanova qarşı son illər Dağıstanda ləzgi və avar klanlarının hücumu başlamışdı. Etnik klanlar iddia edirdilər ki, Qurbanov Azərbaycanda ləzgilərin və avarların hüquqlarını kifayət qədər müdafiə etmir, daha artıq Azərbaycan hakimiyyətinin maraqlarına xidmət edir. Onun milliyyətcə azərbaycanlı olması, bununla yanaşı, qardaşı Qurban Qurbanovun Dərbənd rayonunun rəhbəri vəzifəsini daşıması da kölgədəki səbəbi üzə çıxarır. Nəzərə alsaq ki, Qurbanov qardaşları Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi, mərhum Səid Qurbanovun övladlarıdır və ailənin Bakı ilə münasibətləri hələ sovetlərin dönəmindən sıxlığı ilə seçilir, o zaman Dağıstandakı etnik klanın bu ailəni “vurmaq” üçün uzun müddətdir zaman gözlədiyini demək olar. Nəticədə belə bir bəhanə tapılır və reallaşır.


“Sadval”çı Mübariz Mursalovun özünü Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri elan etməsi bu xüsusdə diqqət çəkəndir. Görünür, “Sadval” kartı yenidən gündəmə gələ bilər. Xüsusilə Krımdan sonra Rusiyanın bölgədə yeni oyun qaydaları müəyyənləşdirməsi fonunda bu ehtimal güclənir.
Lakin Rusiyanın Azərbaycandakı səfirliyi məlumatı təsdiq etməyib. Səfirlikdən bildiriblər ki, nümayəndəliyin rəhbər postu hələ də boşdur.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm