Sabah Dağlıq Qarabağın taleyində dönüş nöqtəsi olacaqmı? - Gözləntilər
Bizi izləyin

Nida.az

Sabah Dağlıq Qarabağın taleyində dönüş nöqtəsi olacaqmı? - Gözləntilər

Sabah Dağlıq Qarabağın taleyində dönüş nöqtəsi olacaqmı? - Gözləntilər

ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində yeni yanaşmalar ortaya qoya biləcəyi mesajını verdi. Uorlik “Twitter” səhifəsində bu barədə Mənim sabah Karnegi fondunda Dağlıq Qarabağ konflikti ilə bağlı çıxışım olacaq. Bu, həm də ABŞ-ın Qarabağla bağlı siyasəti haqqında bir bəyanat olacaq” deyə yazıb.

Vaşinqton bölgədə əsas müttəfiqi olan Bakının mövqeyinə dəyər verəcəkmi?

Uzun illərdir davam edən münaqişənin həll edilməsini öz üzərində götürən ölkələrdən biri kimi ABŞ-ın irəliyə doğru ciddi addım atmadığı məlumdur. Düzdür, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin bu sözdən o yana da keçmir. Bununla bağlı indiyə qədər nə BMT qətnamələrinin icra olunması, nə də Ermənistana hansısa sanksiyaların tətbiq edilməsi istiqamətində addım atılmayıb. Belə olan təqdirdə Vaşinqton hansı yeni addım ata bilər?

Əslində Ukrayna böhranında sonra və buna səbəb olan Krıma müdaxilə fonunda yaranmış situasiyada Ağ Evin nəsə etməsi zərurətə çevrilib. Bu baxımdan, sabah həmsədr təyin edildiyi gündən “qondarma” çıxışları ilə daha çox qondarma “Dağlıq Qarabağ Respublikası”nı dəstəkləyən Uorlikdən ciddi nəsə gözləməyə dəyər. Amma Vaşinqton bölgədə əsas müttəfiqi olan Bakının mövqeyinə dəyər verəcəkmi? Ortaya çıxan əsas məsələ budur, hansı ki, bütövlükdə Qərb beynəlxalq hüququ bir tərəfə qoysaq belə, bir sıra maraqlara görə buna çoxdan getməli idi.

Münaqişənin gedişini izləyən politoloqlar sabah münaqişənin taleyində dönüş nöqtəsi olması ehtimalını Publika.Az-a şərh edib.

“ABŞ-ın Rusiyaya gücü çatacaqmı?” - sabiq dövlət müşaviri Uurlikdən şübhələnir

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, indidən proqnoz vermək çətindir. Onun sözlərinə görə, ABŞ münaqişə ilə bağlı mövqeyini dəyişməyəcək: “Çünki bu mövqe Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsidir. Ola bilər ki, Vaşinqton Ermənistanı təcavüzdə suçlasın və bundan əl çəkməyini tələb edərək sülhə məcbur etsin. Lakin bu günə qədər Uorlikin özü qəribə bəyanatları ilə yadda qalıb. Onun bu bəyanatlarına mən də cavab vermişəm, eyni zamanda rəsmi olaraq da cavab verilib. Bu cür bəyanatlara görə onu Minsk qrupundan xaric etmək ehtimalları var. Çünki o Rusiyanın mövqeyini təsdiqləmişdi, bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Yəni Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini dəstəkləməlidir. Görünür ABŞ-ın başı Ukraynaya o qədər qarışıb ki, Uorlikdən xəbəri yoxdur, o da ağzına gələni danışır”.
V.Quluzadə qeyd edib ki, o, Uorlikin dediklərinə bir qədər şübhə ilə yanaşır. Onun sözlərinə görə, amerikalı həmsədr eyni mövqeni gələcəkdə də sərgiləsə Azərbaycan onu Minsk qrupundan xaric edəcək.
“Amerika və Qərb bu dəqiqə arzu edir ki, sülh imzalansın. Lakin bu Rusiyadan asılıdır. Ermənistan sülhə razıdır, amma Kreml ona icazə vermir. İndiki şəraitdə ABŞ və Avropa münaqişənin həllində ona görə maraqlıdır ki, burdan keçən enerji dəhlizlərinin təhlükəsizliyi təmin edilsin və Azərbaycanla Türkmənistan qazı Avropaya daha rahat formada axsın. Lakin bunu həll etmək üçün ABŞ-ın Rusiyaya gücü çatacaqmı? Bir qədər gözləmək gərəkdir. Uorlikə gəlincə, bu adam açıq danışmalıdır. Əgər danışa bilmirsə, birdəfəlik susmalıdır”-deyə politoloq sabah dönüş nöqtəsinin ola biləcəyi ehtimalını aşağı qiymətləndirir.

“Uorlikə şübhə ilə yanaşıram”

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə hesab edir ki, Ukrayna məsələsindən sonra ABŞ və Qərbin oyanmasının zamanı çatıb. Onun sözlərinə görə, indiki vəziyyətdə dünya gücləri Dağlıq Qarabağ münaqişəsində başqa gözlə baxmalıdır: “Başa düşməlidirlər ki, dünyada yeni çağırışlar var. Rusiya tərəfindən digər dövlətlərə hücum potensialı var, bu kontekstdən münaqişənin həllini tezləşdirmək lazımdır”.
Uorlikin ümidverici fikirlərinə gəlincə, politoloq buna çətin inandığını deyib. Bildirib ki, bu şəxs fəaliyyətə başladığı gündən qeyri-ciddi mövqe sərgiləyir.

“Gah qondarma DQR-i danışıqlar tərəfi kimi göstərir, gah separatçılarla görüşür. Yəni Azərbaycanın marağına zidd hərəkətlər edir. Bu baxımdan, onun dediklərinə inanmaq çətindir. Düzdür, dönüş nöqtəsinin olmasının çox istərdim, amma dediklərindən sonra ona böyük şübhə ilə yanaşıram”-deyə F. Sadıqov qeyd edib.

“ABŞ-ın Qarabağla bağlı yeni planı var”

Bakı Dövlət Universitetinin müəllimi, politoloq Fərhad Mehdiyev məsələyə bir qədər ümidli yanaşır. Onun sözlərinə görə, bir sıra qərbli siyasətçi yaxın günlərdə ABŞ-ın Qarabağla bağlı yeni planının olduğuna dair mesajlar verirlər: “Nəsə gözləmək mümkündür. Rusiyanın Krıma müdaxiləsindən sonra artıq məsələyə əvvəlki kimi baxmaq mümkün deyil. lakin bu məsələdə Rusiyanın da həmfikir olmasına ehtiyac var. İnanmıram ki, Kreml razılaşsın, xüsusilə münasibətlərin gərgin olduğu indiki məqamda. Digər tərəfdən Vaşinqton ABŞ-dakı erməni lobbisinin də razılığını almalıdır. Lakin yeni planın olacağı gözləniləndir. Böyük ehtimalla erməni lobbisinin razılığı alınmadan bu plan irəli sürüləcək. Çünki məsələ bir qədər geniş aspektdədir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm