BAXCP-dən cavab: “Əli Kərimli hakimiyyət üçün İranla da saziş imzalayar”
Bizi izləyin

Nida.az

BAXCP-dən cavab: “Əli Kərimli hakimiyyət üçün İranla da saziş imzalayar”

BAXCP-dən cavab: “Əli Kərimli hakimiyyət üçün İranla da saziş imzalayar”

Son vaxtlar BAXCP sədri Qüdrət Həsənquliyevin Qarabağ problemi ilə bağlı Rusiya dövləti ilə danışıqlar aparmaq təklifi geniş rezonansa səbəb olub. Artıq bir çox siyasi təşkilatlar bununla bağlı BAXCP sədrinə qarşı ittihamlar irəli sürüblər.

BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyamədddin Orduxanlı Publika.Az-a açıqlamasında bunun qərəzli və düşünülmüş şəkildə apardığını bildirib: “Bəzi media orqanları, xüsusilə də Əli Kərimlinin nəzarətində olan mətbuat orqanı- “Azadlıq” Qüdrət Həsənquliyevə qarşı qarayaxma kampaniyası aparır. Qüdrət Həsənquliyev bu təşəbbüslə çıxış etdiyinə görə, onu Rusiyanın adamı kimi təqdim edirlər. Bu da qeyd etdiyim kimi, böhtan xarakteri daşıyır. O, uzun illərdir ki, Azərbaycan siyasətində fəaliyyət göstərir. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 10 ildən artıqdır ki, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. O, bu qurumun bütün toplantılarında çıxışının əksər hissəsini Dağlıq Qarabağ mövzusuna həsr edir. NATO Parlament Assambleyasında dəfələrlə qeyd edib ki, bu problemi Azərbaycan üçün Rusiya yaradıb”.

N. Orduxanlının fikrincə, Qüdrət Həsənquliyev o mənada çıxış edib ki, əgər erməni qoşunları tarixi Azərbaycan torpaqları olan Qarabağdan çıxarılarsa, biz, bu problemi yaradan, Azərbaycan torpağını işğal etmiş Rusiya ilə birbaşa danışıqlar apara bilərik: “Rusiyanın strateji maraqları nəzərə alınmaqla bu ölkə ilə bütün sahələrdə əməkdaşlıqla bağı birgə saziş imzalana bilər. Çünki hamı bilir ki, Ermənistan o gücdə deyil ki, Azərbaycan torpaqlarını işğal etsin. Bilirsiniz ki, Azərbaycan müstəqil olandan sonra Rusiyanın hərbi bazası olan Qəbələ RLS 20 ilə yaxın müddətdə Azərbaycanda fəaliyyət göstərib. Yəni bu, Azərbaycanın müstəqilliyinə təhlükə törədirdimi? Əgər, Rusiyanın Azərbaycanı işğal etmək planı varsa, burada hərbi bazanın olub olmaması nə qədər əhəmiyyətli rol oynayacaq? Azərbaycan xalqı, ictimaiyyəti xatırlasın. 1920-ci ildə Rusiya ADR-i işğal edəndə Azərbaycanda Rusiyanın hər hansı bir bazası var idimi? Yox idi. Bir neçə il bundan qabaq Gürcüstan əraziləri işğal olunduqda orada rus hərbi bazaları var idi? Məsələnin mahiyyəti budur ki, biz, təklif kimi səsləndirmişik ki, bu məsələ yalnız Rusiya ilə birgə danışıqlarla həll oluna bilər. 20 il ərzində Amerikanın, Qərbin Azərbaycana Qarabağla bağlı verdiyi nə olub? Onlar birgə olaraq Azərbaycana “Madrid prinsipləri”ni təklif kimi irəli sürüblər. “Madrid prinsipləri” bütövlükdə Azərbaycanın milli maraqlarına cavab vermir. Ermənistan tərəfi nəzərdə tutur ki, 5 ildən sonra referendum keçirilsin, Azərbaycan tərəfi 15 ildən sonra. Bunun fərqi nədir? Bu prinsiplərə görə, 15 ildən sonra yenə də referendum keçirilməlidir. Bu da Azərbaycanın milli maraqlarına cavab vermir. Bu gün Amerika, Avropa Birliyi, BMT Azərbaycan dövlətini elə bir vəziyyətə gətirib çatdırıb ki, biz, yalnız yeganə çıxış yolunu Rusiya ilə danışıqlarda görməyə başlamışıq. Yəni bunun də səbəbkarı məhz Amerikanın, Avropanın Azərbaycana ikili standartla yanaşmasından irəli gəlir. Amerika, Avropa Qarabağ məsələsinin həll olunmasında Azərbaycanın milli maraqlarını müdafiə edirmi? Ermənistandan qoşunların çıxarılmasını BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrin icra olunmasını tələb edirmi? Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasında, bütün beynəlxalq tədbirlərdə, Avropada səlahiyyətli şəxslərlə görüşündə də onlar açıq şəkildə deyir ki, “gedin Rusiya ilə danışın”. Onlar da bu problemin Rusiya ilə həll olunmasının tərəfdarı olduqlarını bildirirlər. Ona görə də biz, bu məsələni qaldırmağa məcburuq. Bundan da radikal müxalifətin, Əli Kərimlinin təsirində olan KİV yararlanmaq istəyir, öz məqsədləri üçün fikrləri təhrif edirlər. 2013-cü ildə Rusiyanın layihəsi olan, Rüstəm İbrahimbəyov vasitəsilə yaradılan Milli Şuranın əli ilə hakimiyyətə gəlmək istəyən qüvvələr bu gün Qüdrət Həsənquliyevi Rusiyapərəst kimi təqdim edirlər. Amma bir neçə ay bundan qabaq bu layihənin Rusiyaya məxsus olduğunu bildikləri halda alətə çevrilməyə razı oldular. Onların fikirləri böhtan xarakterlidir və yalnız Qüdrət Həsənquliyevi ləkələmək, onun ictimai nüfuzunu aşağı salmaq istəyirlər. Onlar İranla da saziş imzalayarlar ki, təki hakimiyyətə gəlsinlər”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm