• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident yanında Bilik Fondu təsis edildi

  • Nida.az
  • 7 May 2014 17:31
  • 1 950 Baxış
Prezident yanında Bilik Fondu təsis edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılır.

Fərmana əsasən, "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi" təsdiq edilməli, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işçilərinin say həddi 20 ştat vahidi müəyyən edilməlidir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat versin; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etməlidir.

Elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyillərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində müxtəlif elm sahələri üzrə biliklərin artırılması və rəqabətədayanıqlı insan kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi fasiləsiz təhsil konsepsiyasını gerçəkləşdirmək və mütərəqqi maarifçilik ənənələrini davam etdirmək sahəsində yeni səmərəli mexanizmlərin yaradılmasını şərtləndirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR