Qarabağ münaqişəsinin həll yolu açıqlandı
Bizi izləyin

Nida.az

Qarabağ münaqişəsinin həll yolu açıqlandı

Ceyms Uorlik Qarabağın həll yolunu açıqlayıb.

Ceyms Uorlik Qarabağın həll yolunu açıqlayıb.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonun Karnegi Fondunda çıxış edərək beynəlxalq vasitəçilərin Qarabağ münasqişəsinin tənzimlənməsi üzrə təkliflərini elan edib.

Amerikalı diplomat tərəfləri sülhə nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırıb.

Onun sözlərinə görə, tənzimlənmə üzrə təkliflər danışıqlar masası üzərindədir və tərəflər onları rəhbər tutmalıdır.

Ceyms Uorlik deyib ki, bu təkliflər həmsədr ölkələrin prezidentlərinin əvvəlki bəyanatlarına əsaslanır və hazırda 6 təməl elementdən asılıdır. Bu elementlər hər-hansı birini prioritet olaraq götürmədən, paket halında qəbul edilməlidir.

“Əks halda bu, danışıqları pozacaq” - deyə Uorlik bildirib.

Birinci element tərəflərin Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşaraq, onun yekun hüquqi statusunun müəyyən edilməsini gələcəyə saxlayırlar.

İkinci element ondan ibarətdir ki, bu müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət versin.

Üçüncü element: Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılır.

Dördüncü element: Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər olmalı, bütün Laçın rayonunu əhatə etməməlidir.

Beşinci element: Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır.

Altıncı element: Tənzimlənmə beynəlxalq sülhməramlı əməliyyat nəzərdə tutmalıdır, bunsuz sülhə zəmanət vermək mümkün deyil.

Daha sonra Uorlik etimadın bərpa edilməsi üzrə tədbirlərin, hədə dilində danışıqdan imtinanın və tərəflərin xalq diplomatiyasını dəstəkləməsinin zərurətini vurğulayıb.

Qeyd edək ki, Ceyms Uorlikin Qarabağ münaqişəsinin həllinə dair açıqladığı bu elementlər erməniləri qəzəbləndirib. Amerika Erməni Milli Komitəsi təcili bəyanatla çıxış edərək amerikalı həmsədrin mövqeyindən “məyus olduğunu” açıqlayıb.

Təşkilatın bəyanatında bildirilir ki, Uorlikin bəyanatında yeni nəsə tapmaq çətindir: “Onun təqdim etdiyi çərçivə nə mənəvi baxımdan qəbul edilə bilməz, nə də praktiki baxımdan dayanıqlı deyil”.

Erməni təşkilatı amerikalı həmsədrin Qarabağın statusuna diqqət yetirməsini alqışlayır, ancaq əlavə edir ki, Uorlikin təqdim etdiyi plan “demokratik yolla öz müqəddəratını təyin etmənin Amerika ideallarına” ziddir.

Erməni təşkilatı həmçinin həmsədrin çıxışında “işğal” terminini işlətməsindən qəzəblənib. Bildirilir ki, Uorlikin Ermənistanı və Qarabağı “daha davakar Azərbaycanın qeyri-müəyyən vədləri” qarşısında strateji güzəştlərə çağırması anlaşılmazdır.

Xatırladaq ki, bundan əvvəl rəsmi Bakı C.Uorlikin fəaliyyətindən kəskin narazılıq ifadə edərək onun geri çağırılması məsələsini qaldırmışdı. Xarici işlər nazirinin müavini, prezidentin Qarabağ məsələsi üzrə xüsusi səlahiyyətli nümayəndəsi Araz Əzimov bəyanatla çıxış edərək bildirmişdi ki, C.Uorlik missiyasına zidd olaraq ermənilərə daha sıx əlaqədədir, Amerikadakı erməni diasporu ilə yaxındır və onun sosial şəbəkələr vasitəsilə yaydığı fikirləri münaqişəyə dair balanslı yanaşmadan xəbər vermir.

Yada salaq ki, C.Uorlik Karnegi Fondunda çıxış etməzdən iki gün əvvəl Amerika Erməni Milli Komitəsinin rəhbərliyi ilə görüşmüş və Qarabağ münaqişəsinin həlli yollarına dair müzakirələr aparmışdı. /Turan/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm