Nida.az
Mehriban Əliyeva: Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır (MÜSAHİBƏ)
Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Milli Məclis" jurnalına müsahibə verib. Jurnalın cari ilin aprel-may nömrəsində dərc olunmuş müsahibəni AzərTAc təqdim edir.
- Azərbaycanın sürətli inkişafında, onun simasının
gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında
layiqli yer tutmasında Heydər Əliyev Fondunun da xüsusi əməyi var.
Ötən 10 ilə nəzər saldıqda, necə düşünürsünüz, Fond qarşıda qoyulan
məqsədlərə nə dərəcədə nail olub?
- Ölkəmizin hər bir vətəndaşı son illər ərzində Azərbaycanda baş
verən böyük dəyişikliklərin şahidi olub. Müstəqillik baxımından
Azərbaycanın gənc ölkə olmasına baxmayaraq, biz qısa tarixi
müddətdə böyük nailiyyətlər əldə etmişik. Prezident İlham Əliyevin
rəhbərliyi ilə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən
dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri
Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə
çevirmişdir. Xalqımızın rifah halının yüksəldilməsi, sosial
tələbatlarının ödənilməsi, elm və mədəniyyətimizin tərəqqisi,
vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunması
üçün ölkədə hər bir şərait yaradılmışdır.
Müstəqil Azərbaycan dünya birliyinə inteqrasiya edir, ölkəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz
qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, vətənimizə xidmət
etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının
bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr
həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına
baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox
diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə
çalışdıq. Sözsüz ki, ilk növbədə cəmiyyətimizin daha çox qayğıya
ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş
uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif
xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və
proqramların icrasına başladıq.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri
göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin
yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının
istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara
diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş
yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi,
tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin
təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış
tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi
dünyaya tanıdılmasıdır.
Humanizm ideallarına arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev
Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman
köməyə ehtiyacı olanların yanındadır. İnsanlara xidmətə yönəlmiş
əməli işlərimizin ən böyük nəticəsi isə onların etimad və
hörmətinin qazanılmasıdır. İllər ötdükcə, qarşımıza yeni ideya və
planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas
amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq
qalır və qalacaqdır.
- Siz öz humanistliyiniz və əməli fəaliyyətinizlə bütün
stereotipləri sındıraraq müasir Azərbaycan qadınının obrazını
yaratdınız. Azərbaycan qadınının cəmiyyətdəki rolunu necə
dəyərləndirərdiniz?
- Qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan
qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri var.
Xalqımızın maariflənməsində, iqtisadiyyatımızın qurulmasında,
mədəniyyətimizin yüksəlişində və milli mənəvi dəyərlərimizin
qorunub saxlanılmasında qadınlar daim yüksək peşəkarlıq və
fədakarlıq nümayiş etdirmişlər. Dünyanın bir çox ölkələrinin
qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi,
mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində ilklərə imza
atması Azərbaycan qadınının işgüzarlığının və intellektual
potensialının aydın təzahürüdür.
Müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan
hüquqlarının qorunmasının əsas prioritetlərindən birini gender
bərabərliyi təşkil edir. Azərbaycanın gender məsələləri ilə bağlı
dövlət siyasəti də qadınların bərabər imkanlarının
gerçəkləşdirilməsinə yönəlmişdir. Cəmiyyətimizdə qadınlara
göstərilən yüksək ehtiram, ölkəmizdəki sabitlik və demokratik mühit
onlara müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını reallaşdırmaq
üçün bütün lazımi şəraiti təmin edir.
Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak
etməsin. Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini sərbəst
nümayiş etdirir. Fərəhləndirici haldır ki, tariximizin hər bir
mərhələsində olduğu kimi, müasir dövrdə də qadınlar milli-əxlaqi
dəyərlərimizin və mədəni irsimizin qorunub saxlanılmasına,
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal
iştirakçısı olaraq vətəndaş cəmiyyəti quruculuğuna,
mədəniyyətlərarası dialoqun formalaşmasına, Azərbaycanın
yüksəlişinin təmin edilməsinə öz töhfələrini əsirgəmirlər.
- Bu gün Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir.
Heydər Əliyev Fondu tolerantlıq ənənələrinin qorunub saxlanılmasına
hansı töhfələri vermişdir?
- Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin,
tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi
nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı
normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz
milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub
saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik
şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən,
dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq
və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan
dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox
dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar.
Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
- Əhalinin mədəni inkişafının yüksəldilməsi Azərbaycanın
dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti barədə nə deyə
bilərsiniz?
- Mədəniyyətimizin istənilən sahəsinə nəzər saldıqda, biz zəngin
mədəni irsin varisi olmağımızın şahidiyik. Azərbaycan xalqı öz
mədəni və tarixi irsinə çox bağlıdır. Müasir Azərbaycan dövləti
ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma
Azərbaycan dilimiz kimi möhkəm mənəvi əsaslar üzərində
qurulmuşdur.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun Dünya Mədəni İrs Siyahısına; Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, eləcə də Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Biz bunu mədəniyyətimizə verilən ən yüksək qiymət kimi dəyərləndiririk.
Azərbaycanda mədəniyyət sahəsində çox böyük işlər görülür. Bütün
mədəniyyət ocaqları təmir olunur, bərpa edilir. Yeni muzeylər,
teatrlar tikilir, əvvəllər tikilmiş mədəniyyət infrastrukturu
yeniləşir, müasirləşir.
Mədəni irsimizin qorunması işində Heydər Əliyev Fondu fəal iştirak
edir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası və dünyada ilk dəfə
olaraq Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi
Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdur. Qəbələ Beynəlxalq
Musiqi Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi
Festivalı, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül,
Dmitri Şostakoviç və Şopenin yubileylərinə həsr olunmuş beynəlxalq
festivallar müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və
əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Müasir İncəsənət Muzeyinin yaradılması və Azərbaycan müasir
incəsənətinin dünyaya tanıdılması istiqamətində görülən işləri
xüsusi vurğulamaq istərdim. Dünyanın bir çox ölkələrində təşkil
olunmuş "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi
çərçivəsində müxtəlif janrlarda yüzdən çox əsər nümayiş
etdirilmişdir. Fond dünya mədəniyyəti nümunələrinin Azərbaycan
tamaşaçısına təqdim edilməsinə xüsusi önəm verir. Bu illər ərzində
Bakıda bir çox tanınmış rəssamların sərgiləri təşkil edilmişdir.
Heydər Əliyev Fondunun artıq ölkə hüdudlarından kənara çıxmış "Qız
qalası" Beynəlxalq İncəsənət Festivalı ictimaiyyətin böyük marağına
səbəb olur.
Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. Mən dəfələrlə bunu
söyləmişəm ki, itmiş hər hansı maddi dəyər əvəzedilməzdir və bu,
gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də həm ölkəmizdə, həm
də xaricdə mədəni irsin qorunması üçün əlimizdən gələni edirik.
Heydər Əliyev Fondu Versal Sarayının parkındakı tarixi abidələrin,
Luvr Muzeyinin, İkinci Dünya müharibəsində dağılmış Berlin
qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər
əlyazmalarının, Kapitolini Muzeyinin Filosoflar zalının bərpa
olunmasına kömək etmişdir.
- Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya
ictimaiyyətinə çatdırmaqda böyük və uğurlu layihələr həyata
keçirir. Xüsusən də Heydər Əliyev Fondunun vitse-prezidenti və
Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan xalqının
faciəsi barədə dünyaya səslənərək "Xocalıya ədalət!" kampaniyasına
başladıqdan sonra bu gün bir sıra dövlətlər və nüfuzlu beynəlxalq
təşkilatlar artıq Xocalı soyqırımını tanıyır. Bu kampaniyanın böyük
uğurlar əldə etməsinin əsasında hansı amillər dayanır?
- Azərbaycanın tarixi həqiqətlərinin, o cümlədən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, XX əsrin ən
dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq
olunmuş Xocalı faciəsinin, münaqişə nəticəsində ölkəmizə vurulan
zərərin, işğal olunmuş ərazilərdə törədilən vandalizmin əsl
mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev
Fondunun əsas hədəflərindən biridir.
Torpaqlarımızın 20 faizinin işğalı, ölkədə bir milyondan çox qaçqın
və məcburi köçkünün olması faktlara əsaslanan acı həqiqətdir.
Heydər Əliyev Fondu bu münaqişə, azərbaycanlılara qarşı həyata
keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların
dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün
ardıcıl və davamlı fəaliyyət göstərir. Bu məqsədlə xarici ölkələrdə
tədbirlər keçirilir, sərgilər təşkil olunur, müxtəlif dillərdə
buklet və kitablar nəşr edilir.
Təəssüf ki, xalqımız tarix boyu bu kimi ədalətsizliklərlə
üzləşmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi
iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya
ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını
qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək
məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Quba şəhərində Soyqırımı
Memorial Kompleksi yaradılmışdır.
Bizim məqsədimiz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq
və məkrli erməni təbliğatını ifşa etməkdir. "Xocalıya ədalət!"
kampaniyasının bir çox ölkələrdə uğurla həyata keçməsinin başlıca
bir səbəbi vardır. Bu, tarixi həqiqətlərin dünya ictimaiyyəti
tərəfindən qəbul olunmasıdır.
- 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa
Oyunlarına hazırlıqla bağlı nə deyə bilərsiniz?
- Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün,
ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir.
Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe,
mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik
yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə
bilər. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman
yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə
keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə
etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində
görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya komitələri tərəfindən
verilən yüksək qiymətdir.
Ölkəmizdə bu mötəbər yarışlara hazırlıqla bağlı çoxsaylı tədbirlər
yüksək səviyyədə həyata keçirilir. Avropa Olimpiya Komitəsinin
nümayəndə heyəti Azərbaycana ardıcıl səfərlər edir və görülən
işlərlə tanış olur, Birinci Avropa Oyunları Əlaqələndirmə
Komitəsinin mütəmadi olaraq iclasları keçirilir və görülən işlər
müzakirə edilir.
Su İdmanı Növləri Sarayının, Bakı Atıcılıq Mərkəzinin, Bakı
Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni
zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin
bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən
xəbər verir. Milli Gimnastika Arenası artıq istifadəyə
verilmişdir.
Biz idman tarixində hazırlanmış ən yaxşı qəbul və hazırlıq
qurğularından biri olacaq Atletlər kəndinin yaradılmasına
çalışırıq. Təhlükəsizliyin təmin edilməsi, qonaqların və
idmançıların yerləşdirilməsi, kütləvi informasiya vasitələri
nümayəndələrinin fəaliyyəti üçün lazımi şəraitin yaradılması,
yayımın təşkili, logistikanın qurulması və digər məsələlər Təşkilat
Komitəsinin daim nəzarətindədir.
Azərbaycan I Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının
səviyyəsində keçirmək əzmindədir. Ölkəmiz dəfələrlə bir çox idman
növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edib. Həm
bizim qonaqlarımız, həm də mütəxəssislər təşkil olunmuş tədbirlərin
yüksək səviyyədə keçirildiyini daim təsdiqləyiblər. İnanıram ki,
Olimpiya hərəkatı tarixinə ilk və ən yaxşı oyunlardan biri kimi
yazılacaq I Avropa Oyunları çərçivəsində ölkəmizə gələcək hər bir
kəs zəngin tarixi izlərin yaşadığı Bakının gözəlliyinin və şəhər
sakinlərinin qonaqpərvərliyinin şahidi olacaq.
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...