Barışıq təklifinə AXCP və Müsavatdan sərt reaksiya
Bizi izləyin

Nida.az

Barışıq təklifinə AXCP və Müsavatdan sərt reaksiya

Müsavat Partiyasının Divan üzvü, iqtisadçı ekspert Qubad İbadoğlu Müsavat və AXCP-ni barışığa dəvət edib. Publika.Az xəbər verir ki, Q. İbadoğlu Azərbaycan tarixinin bu şərəfli günündə şəhidlərimizi ziyarət etdikdən sonra Sizə müraciət etmək qərarına gəldim:

“Demokratik düşərgəni eqolarımız və çürük ittihamlarımızla gözdən salırıq”

“Əsla kiməsə nəsihət vermək niyyətində deyiləm! Əksinə Müsavatçı və AXCP-çi dostlarıma güvəndiyimdən, onların məni eşidəcəyinə inandığımdan dərin üzüntünün, eyni zamanda, əqidə dostlarıma olan sarsılmaz inamın doğurduğu qarışıq bir hiss içində bu kiçik müraciəti qələmə alıram.

Biz – Müsavatçılar və Cəbhəçilər azad və demokratik Azərbaycan uğrunda verdiyimiz mücadilənin çox çətin sınaqlarından çıxmışıq, ağır və məşəqqətli zamanlarda bir tikəmizi qardaş səxavəti ilə min yerə bölmüşük. Xalqın gözü tərəzidir, məhz elə ona görə də Azərbaycan xalqının böyük bir hissəsinin ümid yerinə çevrilmişik. Ancaq illərlə misqal-misqal qazandığımız bu ümid yeri ünvanını, nə yazıq ki, indi fərqinə varmadan, zalımcasına batman-batman xərcləyirik, demokratik düşərgəni gərəksiz eqolarımız və çürük ittihamlarımızla gözdən salırıq.
Dəyərli dostlarım! Bir daha Sizə səslənirəm, bizə müstəqillik və demokratiya kimi əvəzolunmaz sərvət bəxş eləmiş Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolununun həqiqi davamçılarına üz tuturam. Gəlin bir həqiqəti anlayaq ki, bu “savaş”da qalib yoxdur, olsa belə, o Pir qələbəsi heç bir tərəfə lazım deyil! Bəs, onda nədən bu “savaşı” dayandırmır, bu nifaq alovunu körükləyənlərə “dur” demirik?!”.

“Qubad İbadoğlu öz partiyasını əyri yoldan dönməyə çağırsın”

AXCP də təkliflə razı deyil. Q. İbadoğlunun çağırışına münasibət bildirən F. Qəhrəmanlı Publika.Az -a açıqlamasında deyib ki, AXCP-nin kiməsə savaş açmaq kimi niyyəti yoxdur. Onun sözlərinə görə, bütün məsələlər müsavatın Milli Şuradan getməsi ilə bağlıdır: “Bizim dediyimiz də budur. Amma qarşı cəbhədə diqqətləri əsas hədəfdən yayındırıb, başqa istiqamətlərə yönəldirlər və sanki iki partiya afrasında mübarizə getdiyi rəyini formalaşdırmağa cəhd edirlər. Halbuki problem Müsavat və onun hakimiyyətin projesində yer alaraq Milli Şura, ümumi anlamda demokratik düşərgə arasındadır. Q. İbadoğlunun da müraciəti sanki buna köklənib: iki partiya arasında mübarizə gedir. Dediyim kimi, bizim aramızda mübarizə getmir. Biz demokratik düşərgənin təmsilçiləri olaraq Müsavatı getdiyi yoldan döndərməyə çalışırıq. Amma onlar bunu isterika ilə qarşılayır və reaksiyaları da o səpkidə olur”.

F. Qəhrəmanlı qeyd edib ki, Müsavat yetkinlisi Q. İbadoğlu da belə müraciət etməkdənsə, əvvəlcə öz partiyasına əyri yoldan dönməklə bağlı çağırış etsin.

“Bu çirkin mühiti Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzeti yaradıb”

“Yeni Müsavat” qəzetinin redaktoru, Rauf Arifoğlunun qardaşı Azər Ayxan isə Q. İbadoğlu ilə razılaşmayıb və iki partiya arasında barışığın ola bilməyəcəyini bildirib.

“Müxalifət düşərgəsindəki hazırki bu çirkin mühiti nə Müsavat, nə “Yeni Müsavat”, nə İsa Qəmbər, nə də Rauf Arifoğlu yaradıb. Bu mühiti AXCP rəhbərliyi yaradıb, Əli Kərimlinin birbaşa nəzarətində olan “Azadlıq” qəzeti yaradıb. Qubad İbadoğlu bu çağırışı onlara, həmçinin Milli Şura rəhbərliyinə etməlidir. Müsavatı Milli Şuradan çıxdığına görə, “Yeni Müsavat”ı Milli Şuranın fəaliyyətini tənqid etdiyinə görə söyürlər, şərləyirlər. Belə demokratlıqmı olar? Bunlar necə demokratdırlar ki, onlar kimi düşünməyən şəxsləri şantaj edirlər? Bu necə qardaşlıqdı ki, kimsə onlarla yolunu ayıranda mənəvi-psixoloji terrora məruz qoyulur? AXCP üzvlərinin İsa Qəmbər və Rauf Arifoğlu barəsində yazmadığı təhqirlər qalmayıb”-deyə o bildirib.
A.Ayxan yaşanan bu qədər olaydan sonra Q.İbadoğlunun bu müraciətinin gecikdiyini qeyd edib: “Qubad İbadoğlunun reaksiyası gecikib. Həm də çox gecikib. Qubad İbadoğlu bunu ən azı 3-4 ay öncə etməli, ya susmalı, ya da partiyasının başqanını bu həyasız hücumlardan müdafiə etməli idi. Artıq biz AXCP ilə eyni düşərgə, eyni maraqlar və hədəflər uğrunda mübarizə aparan qüvvə sayıla bilmərik. Mahiyyət etibarilə avtoritar olan, YAP-la heç bir təfəkkür və siyasi dünyagörüşü fərqi olmayan bir qüvvəylə necə müttəfiqlik, necə yol yoldaşlığı etmək olar? Üstəlik Xalq Cəbhəsi funksionerləri və sıravi üzvləri Rəsulzadəyə, Elçibəyə qarşı açıq şəkildə çıxırsa, onlara necə Rəsulzadə-Elçibəy yolunun davamçıları demək olar?”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm