"Siz məni Azərbaycanda Fransanın bir guşəsində qəbul
edirsiniz. Cənab Prezident, qeyd etdiyiniz kimi, biz burada Fransa
məhəlləsindəyik. Mən bununla çox fəxr edirəm, çünki bu məhəllə çox
gözəl və müasirdir, sahibkarlığın çox yüksək inkişaf etdiyi bir
məhəllədir. Sizinlə birgə gələcəkdə Bakı Fransız Liseyi olacaq bir
müəssisədəyəm".
Bunu Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti
İlham Əliyevlə birgə Bakı Fransız Liseyinin tikintisi ilə tanış
olduqdan sonra çıxışında deyib.
F.Olland qeyd edib ki, lisey fransız gəncləri, digər ölkənin
gənclərini, o cümlədən Azərbaycan şagirdlərini qəbul edəcək: "Biz
çalışacağıq ki, liseydə təhsilin daha müvəffəqiyyətli olması üçün
öz töhfəmizi verək. Mən sizə və həyat yoldaşınıza bu məktəbə,
məhəlləyə investisiya qoyduğunuz üçün təşəkkür edirəm. Bu məktəb
350-dən artıq şagirdi qəbul edəcək".
Fransa Prezidenti bildirib ki, onun Azərbaycana səfəri Azərbaycan
Prezidentinin dəvətinə cavabdır: "Siz məni 2012-ci ilin
sentyabrında səfərə dəvət etmişdiniz. Siz həmin zaman Luvrda İslam
mədəniyyətinə həsr olunmuş departamentin açılışında iştirak
etmişdiniz. Biz bununla da qürur duyuruq. Azərbaycan həmin
departamentin açılışında öz maliyyə töhfələrini verdi, çünki Luvr
dünyanın ən gözəl muzeylərindən biridir, bəlkə də dünyanın ən gözəl
muzeyidir. Çünki Luvrda elə əsərlər vardır ki, bütün dünyada yüksək
qiymətləndirilir".
F.Olland deyib ki, Azərbaycanda bir çox Fransa müəssisələri
fəaliyyət göstərir və müəssisələrin rəhbərləri də bu səfər zamanı
onu müşayiət edir: "Bizim məqsədimiz Azərbaycan iqtisadiyyatının
inkişafına, xüsusən də enerji sahəsinə dəstək verməkdir. Fransa
başqa sahələrdə də Azərbaycanın inkişafına dəstək verməyə
hazırdr".
Onun sözlərinə görə, Bakı Qafqazın ən böyük və ən çox əhalisi olan
şəhəridir, eyni zamanda, bu şəhərdə çox böyük dəyişikliklər olub:
"Tezliklə Bakı dünyanın ən nüfuzlu böyük şəhərləri arasında
olacaqdır və Fransa istərdi ki, Azərbaycanın yanında olsun, bu
layihələrin həyata keçirilməsinə dəstək olsun. Bir sözlə, bütün
sahələrdə Bakının, eyni zamanda, Azərbaycanın digər şəhərlərinin
davamlı inkişaf baxımından nümunəvi şəhərlər olması üçün Fransa öz
dəstəyini göstərməyə hazırdır. Eyni zamanda, bu bizim ölkələrimiz
arasında yaratdığımız münasibətlərin ən böyük məqsədidir. Biz
Fransada təhsil almaq üçün azərbaycanlı tələbələri daim qəbul
etməyə hazırıq. Hətta ola bilsin ki, Parisdə yeni bir tələbə
yataqxanası tikilsin ki, biz orada daha çox azərbaycanlı tələbələri
qəbul edə bilək. Hər iki ölkə bir çox tələbələri təqaüdlə təmin edə
bilər ki, onlar həqiqətən də öz təhsillərini davam etdirə
bilsinlər. Bu günə qədər görülən işlər çox yaxşıdır".
Fransa Prezidenti qeyd edib ki, Azərbaycan qədim tarixə malik
bir ölkədir. Azərbaycanda iqtisadi inkişaf son dərəcə yüksəkdir:
"Bu ilk səfər mənə çox şeyi kəşf etməyə imkan verdi. Ümid edirəm
ki, Azərbaycana yenə səfər edəcəyəm. Mən bu liseyin açılmasında
zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm və bu liseylə fəxr
duyuram".
|