“Heydər Əliyev Kazimirova dişinin dibindən çıxanı dedi”- Bişkek gizlinləri
Bizi izləyin

Nida.az

“Heydər Əliyev Kazimirova dişinin dibindən çıxanı dedi”- Bişkek gizlinləri

“Heydər Əliyev Kazimirova dişinin dibindən çıxanı dedi”- imzaları Bakıda atılan Bişkek protokolunun gizlinləri

20 il öncə Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan və Ermənistan arasında atəşkəsdən iyirmi il ötür. Media atəşkəsin vaxtının bitdiyini və münaqişənin açıq qaldığını iddia edir.

Lakin sabiq dövlət müşaviri Vəfa Quluzadə bildirir ki (http://publika.az/p/19332), Bişkek protokolunda vaxt məsələsi yox idi. Onun sözlərinə görə, protokolun formulu “sülh əldə olunana qədər”dir.

Protokolun imzaladığı vaxt dövlət müşaviri işləmiş Qabil Hüseynli Publika.Az-a açıqlamasında bir sıra qaranlıq məqamlara aydınlıq gətirib. Sabiq dövlət müşaviri bildirib ki, həmin vaxt o, Bərdə və Tərtər rayonuna ezam olunub: “Bura müharibənin ən qızğın bölgələri idi. Rusların aktiv dəstəyi ilə ermənilər müharibəni Azərbaycanın yeni bölgələrinə keçirmişdilər. Kəlbəcər, laçın, Zəngilan, Şuşa da daxil olmaqla bu ərazilər işğal olunmuşdu, hücumlar Cəbrayıl, Füzuli, Ağdam, Tərtər istiqamətlərində başlamışdı. Azərbaycan ordusu onda yeni formalaşırdı, lakin buna baxmayaraq, güclü hücum nəticəsində 20-dən çox kəndimiz azad edildi. Bu hücumlarda 5 minə qədər erməni öldürüldü. Sonra ermənilər müharibəni əsas ağırlığını Tərtərə yönləndirdilər. Məqsəd Tərtər-Yevlax yolunu bağlamaqla Azərbaycanın qərb rayonları ilə əlaqəsini kəsmək idi. Bu istiqamətdə də onlar dəf edildi və ruslar tərəfindən hazırlanmış plan iflasa uğradı. Ağdərənin 4 kəndi də geri qaytarıldı, bu isə rayonun 30 faizi idi. Ruslar gördülər ki, Azərbaycan ordusu irəliləyir. Belə şəraitdə Azərbaycana atəşkəs rejiminin bağlanmasını təklif etdilər. Azərbaycan bunu müzakirə etdi və mövcud vəziyyətdə təklifi qəbul etdi. Çünki yeni qüvvələrin səfərbər edilməsi üçün Azərbaycana vaxt lazım idi, həmçinin neft kontraktlarının bağlanması, iqtisadiyyatın dirçəldilməsi bunun vacibliyi ortada idi”.

Q. Hüseynli qeyd edib ki, atəşkəs üçün Minsk qrupunun o zamankı rusiyalı həmsədri Vladimir Kazimirovu göndərdilər: “Mərhum prezident Heydər Əliyev Kazimirovla atəşkəs məsələlərini razılaşdırıldı. Razılığa görə bu Azərbaycan və Ermənistan tərəfi ilə bağlanır və orda beynəlxalq iştirakçılar iştirak etməlidir. Hamısı olmasa da müəyyən məsələlərə əməl edildi. Atəşkəsin bağlanması üçün Bişkek şəhərində toplanıldı. Azərbaycan tərəfindən orda Ali Sovet sədrinin birinci müavini Afiyəddin Cəlilov iştirak edirdi. Rəhmətlik Afiyəddin mayın 10-u səhər Heydər Əliyevə zəng vuraraq dedi ki, bura qondarma “DQR”-in nümayəndəsinin də adı salınıb. Heydər Əliyev ona dərhal geri qayıtmasının tapşırdı. Bu barədə Heydər Əliyev sonradan bizi toplayarkən məlumat verdi. Afiyəddin Cəlilov axşamüstü Bakıya qayıtdı, Kazimirov da onunla birlikdə gəlmişdi. Onda Heydər Əliyev Kazimirova dişinin dibindən çıxanı dedi. Sonra razılığa gəlindi ki, sənəddə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının da imzaları olsun. Kazimirov İrəvanla danışdı, onlar razılaşdı. Onlardan Ali Sovetin sədri imzalayacaqdı, buna görə də avtomatik olaraq Rəsul Quliyevin imzalaması məsələsi ortaya çıxdı və erməni icmasının rəhbəri ilə- həmin şəxs indi “DQR”-in rəhbəridir- Azərbaycan icmasının rəhbəri, Şuşanın o vaxtı icra başçısı Nizami Bəhmanov imzaladı”.

Sabiq dövlət müşaviri əlavə edib ki, hazır olan sənədi imzalamaq üçün Kazimirov İrəvana apardı.
“Sonra Bakıya gətirdi və burda imzalama mərasimi keçirildi. Yəni Azərbaycan tərəfi imzaları Bişkekdə deyil, Bakıda atdı. Sənəd üç nüsxə idi. Biri Rusiyada, biri Ermənistanda, digəri isə Azərbaycanda qaldı”-deyə Q. Hüseynli bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm