• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

XİN: "Qarabağ münaqişəsini kökündən həll etmək lazımdır"

  • Nida.az
  • 12 May 2014 19:35
  • 644 Baxış
XİN: "Qarabağ münaqişəsini kökündən həll etmək lazımdır"

Dağlıq Qarabağ münaqişəsini Ermənistanın etdiyi kimi nizamlama görüntüsü yaratmaqla deyil, kökündən həll etmək lazımdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə sonuncu bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan başa düşməlidir ki, rəsmi Yerevan münaqişənin nizamlanmasını nə qədər çox uzatsa, Ermənistanın özü bir o qədər itirəcək: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri, demək olar, öz bəyanatlarında aydın şəkildə müəyyənləşdiriblər ki, indiki status-kvo qəbuledilməzdir və onu dəyişmək lazımdır. Bu tezis Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatında bir daha təkrarlanır".

E.Abdullayev qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərini başqa cür adlandırmaq olmaz, çünki işğal faktı hamı tərəfindən görünür: "Onları təkcə həmsədrlər deyil, bu ərazilərin Azərbaycanın hissəsi olması və uzun illərdir Ermənistanın işğalı etməsi faktını başa düşən və qəbul edən dünya ictimaiyyəti də işğal edilmiş adlandırır".

Snayperlər, insan itkiləri, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ümumilikdə cəbhə xəttində gərginlik məsələsinə gəlincə, XİN rəsmisi deyib ki, bütün məsuliyyət rəsmi Yerevanın üzərinə düşür, çünki məhz Ermənistan işğalçıdır: "Bu, tarixi məsuliyyətdir və Ermənistan çoxdan dərk etməli idi ki, ölkə bu yükü cəzasız olaraq əbədi daşıya bilməz və Yerevan hər şeyə görə cavab verməli olacaq. Ümumilikdə gərginliyin əsasında işğal faktı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanda fiziki mövcudluğu dayanır".

Minsk qrupunun sonuncu bəyanatına gəlincə, E.Abdullayev vurğulayıb ki, münaqişənin mərhələli şəkildə nizamlanması Madrid sənədinin 6 prinsipə əsaslanır, həmsədrlər də buna istinad edirlər: "Madrid sənədinin birinci mərhələsini və əsasını Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən mütləq çıxarılması təşkil edir. Biz münaqişənin nizamlanması üçün baza prinsipləri kimi Madrid sənədinin müddəaları üzrə razılığımızı bildirmişik və indi Ermənistan siyasi iradə göstərərək qoşunların çıxarılmasından başlamaqla əsas şərti yerinə yetirməlidir, çünki avtomat silahlar altında münaqişə tərəfləri arasında etimad üçün şərait yaratmaq olmaz".

Onun sözlərinə görə, Ermənistanın Minsk qrupunun sonuncu bəyanatından lazımi nəticələr çıxaracağına ümid var: "Bura status-kvonun saxlanılmasının qəbuledilməzliyi və danışıqlar prosesini müxtəlif hiylələrlə həmişə uzatmağın mümkünsüzlüyü də daxildir".

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi haqqında sazişin imzalanmasının 20 illiyi ilə əlaqədar bəyanat yaymışdı.

Bəyanata əsasən, nizamlama prosesinə 2009-2013-cü illərdə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında əks olunan elementlər daxildir. Elementlər Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsini və s. nəzərdə tutur. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR