Nida.az
“İstisna olunmur ki, başqa ölkələr də Azərbaycan nümunəsindən istifadə edəcəklər“
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.
Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atılmış - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.
2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlamışdır. 2013-cü ilin mayında Sumqayıtda "ASAN xidmət" mərkəzi istifadəyə verilmişdir. Daha sonra 2 və 3 saylı Bakı "ASAN xidmət" mərkəzləri açılmışdır. Hər dörd mərkəzdə şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil etmişdir.
İlk vaxtlar "ASAN xidmət" mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdi. İndi isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi göstərilən xidmətlərə əlavə edilmişdir. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatmışdır. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat verdi ki, Gəncədəki "ASAN xidmət" mərkəzi ötən il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlamışdır. Gəncə "ASAN xidmət" mərkəzi şəhərin və bir neçə ətraf rayonun əhalisinə xidmət edir.
Binanın qarşısındakı park əsaslı surətdə yenidən qurulmuşdur.
Parkda qurulmuş led-paneldə "ASAN xidmət" mərkəzində göstərilən
xidmətlər, rüsumlar, mərkəzin əhatə etdiyi rayonlar və s. haqqında
informasiyalar daim nümayiş olunur. "ASAN xidmət" yaradıcılığa
dəstəklə bağlı müxtəlif sosial aksiyalar da keçirir. Mərkəzin
həyətində "YARAT" Müasir İncəsənət Məkanının guşəsi də
qurulmuşdur.
Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu.
Burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının stendi də qurulmuşdur. Burada tətbiq edilən yeniliklərdən biri "Exit poll" rəy sorğusunun fəaliyyət göstərməsidir. Bu, vətəndaşların "ASAN xidmət"də olduqdan sonra göstərilən xidmətlə bağlı münasibətini öyrənir. Bu yenilik göstərilən xidmətlərin keyfiyyətini araşdırır. Sorğunun nəticələri müəyyən məsələlər üzrə lazımi tədbirlərin görülməsinə imkan yaradır.
Dövlətimizin başçısına mərkəzdə tətbiq edilən elektron müraciət köşkü barədə məlumat verildi. Bildirildi ki, vətəndaşlar elə Mərkəzin özündən "108 Çağrı" mərkəzinə zəng edərək, canlı videobağlantı ilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar.
Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə
də tanış oldu. Bildirildi ki, mərkəzin işçilərinin ümumi sayı 165
nəfərdir, onlardan 55-i könüllüdür.
Gəncə "ASAN xidmət" mərkəzi bu şəhərin, eləcə də Şəmkir, Gədəbəy,
Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı
sakinlərinə xidmət göstərir. Xidmətin "Çağrı" mərkəzi vasitəsilə
vətəndaş Mərkəzə gəlmədən internet və ya
telefonla bütün xidmət növləri, tələb olunan sənədlər barədə
məlumat ala və növbə tuta bilər. Mərkəzdə şəffaflığın təmin
edilməsi məqsədi ilə xidmət proseduru fasiləsiz videokamera ilə
qeydiyyata alınır. Mərkəz müasir İP telefon və İP şəbəkə sistemi
ilə təmin edilmişdir. Mərkəzdə xidmətlərin tənzimlənməsi məqsədi
ilə elektron monitor və elektron elan tabloları, videomüşahidə
kameraları və rüsumların məbləğlərini əks etdirən tablo
quraşdırılmış, daim internetə açıq olan kompyuterlərlə təchiz
edilmişdir. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən
yararlanması üçün yüksək şərait yaradılmışdır.
"ASAN xidmət" mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçirilir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, xidmətin "asan.gov.az" internet saytında vətəndaşlar üçün "online" növbəyə yazılma, elektron ərizələri doldurma, sənədləri müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. Elektron məlumat mərkəzinə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Bundan əlavə, Mərkəzdə vətəndaşlar üçün 22 növ funksional yardımçı xidmətlər göstərilir. Burada "Biometrik məlumatların toplanması sistemi" də yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və digər nadir xüsusiyyətlərə malikdir. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı tərəfindən 25 hüquqi xidmət həyata keçirilir.
Qeyd edildi ki, mərkəzin fəaliyyətdə olduğu 25 gün ərzində 20
minə yaxın vətəndaş müraciət etmişdir. Gün ərzində isə mərkəzə
1300-1500 müraciət daxil olur.
Sonra dövlətimizin başçısı "ASAN xidmət" mərkəzinin əməkdaşları və
könüllülərlə görüşdü.
Xidmətin kollektivini salamlayan Prezident İlham Əliyev deyib ki, artıq Gəncədə də "ASAN xidmət" fəaliyyət göstərir. Çox gözəl hadisədir. Artıq bu iş regionlarda başlamışdır: "İndi bu xidmət Bakı, Sumqayıt, Gəncə şəhərlərində vardır və vətəndaşlar böyük maraq göstərirlər. Bir il ərzində 1 milyona yaxın müraciət olmuşdur və hamı razıdır. Bu, yeni bir xidmətdir. Yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir. Həm insanlara yüksək səviyyəli xidmət göstərilir, eyni zamanda, bütün xoşagəlməz halların qarşısının alınması üçün "ASAN xidmət"in böyük əhəmiyyəti vardır. Əlbəttə, bizim bütün dövlət qurumları, vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumlar getdikcə bu səviyyədə xidmət göstərməlidir ki, heç bir bürokratiyaya, rüşvətxorluğa, korrupsiyaya yol verilməsin. İnsanlara yüksək səviyyəli mədəni xidmət göstərilməlidir".
İlham Əliyev hesab edir ki, "ASAN xidmət"in yaradılması nəinki
ictimai xidmətlər sahəsində, bütövlükdə ölkəmizin gələcək uğurlu,
müasir inkişafı üçün öz rolunu oynayacaq: "Bilirəm ki, artıq digər
qurumlarda da "ASAN xidmət"də göstərilən xidmətlərin səviyyəsində
iş qurulması prosesi gedir.
Biz müasir, güclü dövlət qururuq. Azərbaycan dövlətində heç bir
xoşagəlməz hala rast gəlinməməlidir və mövcud problemlər aradan
qaldırılmalıdır. "ASAN xidmət"in fəaliyyəti bu istiqamətdə bizim
işimizə böyük dayaqdır. Mən çox şadam ki, Azərbaycan vətəndaşları
tərəfindən bu xidmətin fəaliyyətinə böyük dəstək, rəğbət vardır və
bu addım yüksək qiymətləndirilir. Dəfələrlə dediyim kimi, "ASAN
xidmət" Azərbaycan məhsuludur, Azərbaycanın ixtirasıdır və istisna
olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər. Hər
halda məndə olan məlumata görə, başqa ölkələrdə də xidmətin
fəaliyyətinə böyük maraq vardır.
Birillik fəaliyyət özlüyündə gözəl göstəricidir. Çünki hamımız
bilirik ki, bəzi hallarda yeni yaradılan hansısa bir layihə, yaxud
da ki, irəli sürülən təşəbbüs ilk mərhələdə uğurlu olur, sonra bəzi
çətinliklər ortaya çıxır, səviyyə aşağı düşür. "ASAN xidmət"də belə
deyildir. Mən hesab edirəm ki, xidmət il ərzində öz işini daha da
yüksək səviyyəyə qaldıra bilmişdir, səyyar xidmət göstərilir,
bölgələrə xüsusi təchiz edilmiş avtobuslar ezam edilir və bu il
Azərbaycanda ən azı 4, bəlkə də 5 yeni "ASAN xidmət" mərkəzi
yaradılacaqdır".
Prezidentin sözlərinə görə, bütün bölgələrdə, ondan sonra hər
bir şəhərdə belə xidmət olmalıdır: "Bu xidmətin bir əlamətdar
tərəfi ondan ibarətdir ki, burada işlərə könüllülər qoşulurlar. Bu
da sizin üçün, cəmiyyət üçün çox gözəl hadisədir. Sizin üçün ona
görə ki, artıq gənc yaşlarınızdan çox mühüm bir dövlət işində
özünüzü göstərəcəksiniz. Cəmiyyət üçün ona görə ki, könüllülük
hərəkatı, ümumiyyətlə, çox böyük təqdirəlayiq hərəkətdir, xoş
niyyətin, vətənpərvərliyin təzahürüdür, öz xalqına, dövlətinə olan
bağlılığın əlamətidir. Əgər hər bir insan ümumi işə könüllü şəkildə
öz töhfəsini vermək istəyirsə, bu, ancaq alqışlanır. Könüllülər
qruplarının fəaliyyəti hesab edirəm ki, cəmiyyətin uğurlu inkişafı
üçün də öz rolunu oynayacaqdır.
Sizi salamlayıram, sizə minnətdaram ki, bu işə qoşulursunuz. Əminəm
ki, gələcək illərdə Gəncə "ASAN xidmət"i, əgər belə demək
mümkündürsə, qabaqcıl yerdə olacaqdır. Çünki gələcəkdə belə
xidmətlər çox göstəriləcək, mərkəzlər açılacaq və bütün mərkəzlər
arasında sağlam rəqabət aparılacaqdır. Sizi salamlayıram, sizə
uğurlar arzulayıram".
Gəncə şəhərindən könüllü Nigar Tağıyeva: "Cənab Prezident, Sizi ilk növbədə könüllülərimizin adından salamlamaq istəyirəm. Biz eşidəndə ki, keçən il Bakı şəhərində "ASAN xidmət" yaranıbdır, çox şad olduq. Çünki orada biz yaşda könüllülər dövlət orqanında işləyirlər. Ancaq düşünməzdik ki, tezliklə Gəncə şəhərində də bu xidmət fəaliyyət göstərər. Bu, bizi çox sevindirdi. Könüllülərimiz adından Sizə minnətdarlığımızı bildiririk ki, bizim üçün belə şərait yaradılıb, gənc yaşlarında dövlət orqanında işləyirik. Bizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Çox sağ olun".
Prezident İlham Əliyev: Sağ olun.
"ASAN xidmət" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid
Sadıxlı:" Möhtərəm cənab Prezident, bütün "ASAN" könüllülərini
birləşdirən ASAN Könüllüləri Gənclər Təşkilatı adından Sizi
salamlayırıq. Ümumiyyətlə, könüllülük ölkəmizdə bir mədəniyyətə
çevrilib. Son ildə könüllü hərəkatı elə geniş vüsət aldı ki, hətta
biz keçən ilin dekabr ayında öz gənclər təşkilatımızı təsis etdik.
Gənclər təşkilatı kimi bizim əsas məqsədimiz hər bir könüllünün
fərdi inkişafına kömək etməkdir. Yəni, onların fərdi inkişafı üçün
bir platformanın yaradılmasıdır. Sizin də dəfələrlə qeyd etdiyiniz
kimi, ölkəmizin sabahını bugünkü gənclər formalaşdırır. Biz onlara
diqqət yetirməklə ölkəmizin gələcəyinə diqqət yetiririk. Baxmayaraq
ki, qısa müddətdir fəaliyyətdəyik, amma artıq bir sıra layihələrə
imza atmışıq. Hər bir layihədə ilk sualımız belədir: könüllünün nə
faydası olacaq və cəmiyyətə o biliklə nə fayda verə biləcəkdir.
Artıq bu gün ölkəmizin sürətli inkişafı danılmaz bir faktdır. Ən
azı ona görə ki, bir neçə il öncə beynəlxalq tədbirlərdə
Azərbaycanı təmsil edəndə, hər dəfə ölkəmizin coğrafiyasını,
mədəniyyətini, tarixini başa salmalı olurduq. Amma bu gün artıq o
tədbirlərdə ölkəmizi onun son nailiyyətlərinə və nəhəng
layihələrinə görə tanıyırlar. Bu da Sizin siyasətinizin
nəticəsidir.
Biz gənclərə göstərdiyiniz qayğı və dəstəyə görə Sizə
minnətdarlığımızı bildiririk. Çünki həyatımızın hər bir sahəsində
Sizin dəstəyinizi hiss edirik. Sizə sadiq və əmrinizə hər zaman
hazır olan, Sizi səmimi qəlbdən sevən gənclər adından Sizə təşəkkür
etmək istəyirik".
Prezident İlham Əliyev: Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK