Müsavata məktub yetişmədi: müxalifət avropalılarla dava etdi
Bizi izləyin

Nida.az

Müsavata məktub yetişmədi: müxalifət avropalılarla dava etdi

Yeganə Hacıyeva isə sosial şəbəkələrdə bildirib ki, İ. Qəmbərin məruzəçilərlə görüşə dəvət olunması ilə bağlı ona məlumat verilməyib

Avropalılarla müxalifətin görüşündə nələr baş verib? Dünən baş tutan görüşdən sonra əsas sual budur. Məlumatlara görə, görüş keçirilib, amma müxalifət partiyaları görüşü yarımçıq tərk ediblər. Yəni Avropadan gələn qonaqlara “dərs vermək” kimi bir addım atılıb. Səbəb nə olub, bu da maraqlıdır.

Məruzəçilərlə görüşdə qalmaqal, AŞPA rəhbərliyinə çağırış

Belə ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Debone Qrex yanvarın 21-də-dünən Bakıda müxalifət təmsilçiləri ilə görüşüblər. Görüşdə Milli Şuradan AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyası təşkilat komitəsinin (keçmiş ACP) sədri Sülhəddin Əkbər və ADP sədri Sərdar Cəlaloğlu ilə “REAL” hərəkatının icraçı katibi Natiq Cəfərli iştirak ediblər. Lakin görüş sona qədər davam etməyib. Daha sonra bəyan ediblər ki, Aqramunt və Qrex məruzəçi kimi tərəfsiz deyillər, hökumətlə əməkdaşlıq edirlər: “Bu məruzəçilər tərəf tutduqları üçün obyektiv hesabat hazırlaya bilməzlər və onların hazırladıqları hesabat qəbul olunmayacaq. Müxalifət təmsilçiləri AŞPA-nı Azərbaycan üzrə məruzəçilərini obyektiv və tərəfsiz üzvləri ilə əvəzləməyə çağırır və bəyan edirlər ki, Aqramunt və Qrex dəyişilməyəcəyi təqdirdə, ölkə müxalifəti AŞPA məruzəçiləri ilə əməkdaşlıq etməyəcək”.
REAL təmsilçisi Natiq Cəfərli isə bildirib ki, Pedro Aqramunt və Cozef Qrex Avropa dəyərlərinə təhqirdir, onların mövqeyi, etinasızlığı, ölkəmizə yuxarıdan aşağı baxmalarının bir səbəbi ola bilər-şəxsi maraqlar.
“Mən öz adımdan bəyan edirəm ki, məhz bu iki şəxslə bir daha görüşməyəcəyəm. Sonda onlara dedim ki, siz gəldi-gedərsiniz, amma davranışlarınız Avropa dəyərlərini devalvasiyaya uğradır və bizim kimi Avrointeqrasiya tərəfdarlarının ölkədə dilini qısa edir, bu sizin vurduğunuz ən böyük ziyandır, köməyinizi istəmirik, heç olmasa hakimiyyətlə əlbir olub, ölkənin demokratikləşməsinə mane olmayın”-deyə o qeyd edib.

Məlumatlara görə, görüşdə qalmaqal yaşanıb. Əldə etdiyimiz məlumata görə, müxalifət təmsilçiləri israrla avropalıları hakimiyyəti tənqid etməyə çağırıblar. Qalmaqal səbəb olan əsas məqamlardan biri də bu olub. Daha sonra vəziyyət müzakirə müstəvisindən çıxıb və görüş yarımçıq qalıb.

Müsavatın yolda itən məktubu, İsa Qəmbərin reaksiyası

Görüşdə diqqət çəkən məqamlardan biri isə müxalifətin digər partiyaların orda olmaması olub, xüsusilə Müsavat. Milli Şuranın əsdas liderləri görüşdə olduğu təqdirdə son qarşıdurmanın fonunda Müsavat rəhbərliyinin orda olmaması iki versiyanı ortaya çıxarırdı. Birincisi: Müsavat məhz konfliktdə olduğu şəxslərlə bir yerdə iştirak etmək istəməyib. İkincisi avropalılar Müsavatı maraq dairələrindən uzaqlaşdırıblar.

Lakin partiyanın yaydığı məlumatda bu iki versiya deyil, gözlənilməz üçüncü versiya ortaya çıxdı. Müsavatın yaydığı məlumatda deyilir ki, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib, lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb: “Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən - yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib. Avropa Şurasının Bakıdakı nümayəndəliyindən də partiyaya bildirilib ki, dəvət məktubunu Yeganə Hacıyevaya veriblər”.

Nələr baş verir: bu anlaşılmazlıq təxribatdır, yoxsa yanlış? Nəzərə alsaq ki, Y. Hacıyeva Müsavatın Milli Şura ilə bağlı mövqeyinə görə istefa verdi və keçmiş partiyasına qarşı yetərincə aqresiya nümayiş etdirdi. Özü isə Milli Şuranın sədr aparatında təmsil olunmağı daha üstün tutdu. Bu baxımdan, məsələ suallar doğurur.

Yeganə Hacıyeva isə sosial şəbəkələrdə bildirib ki, İ. Qəmbərin məruzəçilərlə görüşə dəvət olunması ilə bağlı ona məlumat verilməyib.“Nə baş verdiyi mənə məlum deyil. İstefamdan sonra mənə beynəlxalq təşkilatların Azərbaycandakı qurumlarından Müsavat Partiyasını hər hansı görüşə dəvətlə bağlı müraciət olmayıb. Çünki beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri mənim istefamdan xəbərdardırlar. Hətta beynəlxalq təşkilatlardan hər-hansı birindən mənə belə müraciət olsaydı, istənilən halda Müsavat Partiyasını xəbərdar edərdim. Mən 8 il Müsavat Partiyasının üzvü olmuşam”-deyə o bunları təkzib edib.Hər-halda Müsavatın yetişməyən məktubunun yolda necə yoxa çıxması maraqlı məqamdır.

Əvəz Temirxan avropalıları qabaqlayıb

Görüşdə iştirak etməyən ALP sədri Əvəz Temirxan isə Publika.Az –a açıqlamasında onun da görüşə dəvət edildiyini, lakin iştirak etməkdən imtina etdiyini bildirib.“Məruzəçilər demokratik olmayan iqtidar mövqeyi tutduğuna görə qərar alındı ki, orda iştirak etməyim. Mətbuatla da mövqeyimi çatdırıram: görüşdən imtina etməyimin səbəbi anti-demokrat mövqelərinə görədir”-deyə partiya sədri qeyd edib.

Məsələyə YAP da qarışdı

Yeni Azərbaycan Partiyası da baş verənlərə münasibət bildirib. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az -a açıqlamasında deyib ki, kim müxalifətin fikirlərini bölüşmür, həmin şəxsləri anti-demokrat qüvvələr kimi təqdim edirlər: “Baxmayaraq ki, özləri mövqelərini tez-tez dəyişirlər. Müxalifətin sosial bazası yoxdur. Həm də demokratiyanın inkişafına heç bir töhfə vermirlər. Yalnız başqalarını ittiham etmək onların fəaliyyətinin əsas qayəsinə çevrilib. Digər tərəfdən unutmaq lazım deyil ki, hər bir siyasi qüvvə öz fəaliyyətində sərbəstdir. Çox qəribədir ki, hansısa siyasi nə mövqeyindən çıxış edəcəyini kimlərləsə, ilk növbədə radikal müxalifət rəhbərləri ilə məsləhətləşməməlidir. Necə mövqe sərgiləyərək deyə onlardan soruşmalı idilər?!”.

A. Mirzəzadə bu mövqeyin doğru olmadığını, anti-demokratik yanaşma olduğunu bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm