Olland getdi, dava başladı: Arif Hacılı ilə Fuad Qəhrəmanlı bir-birinə nələr dedi
Bizi izləyin

Nida.az

Olland getdi, dava başladı: Arif Hacılı ilə Fuad Qəhrəmanlı bir-birinə nələr dedi

Olland getdi, dava başladı: Arif Hacılı ilə Fuad Qəhrəmanlı bir-birinə nələr dedi

Bir neçə gün öncə Azərbaycanda səfərdə olan Fransa prezidenti Fransua Olland müxalifətlə də görüşdü. Lakin görüşə ümumi müxalifət deyil, parlamentdən kənar düşən siyasilər qatılmışdı. Görüşün ilk diqqət çəkən məqamı AXCP və Müsavatın Fransa səfirliyində keçirilən toplantıya birgə qatılmaları idi. Müsavat Milli Şuradan ayrılandan sonra iki partiya arasında başlayan “soyuq müharibə”dən sonra bu görüş onların birgə qatıldığı ilk görüş idi. Bu baxımdan, “Olland Əli Kərimli ilə İsa Qəmbəri barışdırdı” deyə bilərdik, lakin hər şey Ollandın Bakını tərk etməsinə qədərmiş.

Publika.Az Ollandla görüşdən sonra iki partiya arasındakı buzların əriyib-əriməməsini araşdırıb.
AXCP bu görüşdən sonra da öz cəbhələşməsini davam etdirdi. Mövcud durumda cəbhəçilər tərəfindən bu “Olland- Əli Kərimli” görüşü olaraq sosial şəbəkələrdə təbliğ edilir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı iddia edir ki, müxalifət düşərgəsində hakimiyyətin əsas rəqibi Əli Kərimlidir.

O, Ə. Kərimli ilə yanaşı Xədicə İsmayıl və Leyla Yunusun da görüşdə iştirakını xüsusi qabardıb. AXCP funksioneri qeyd edib ki, Azərbaycan demokratik qüvvələrinin mövqeyi, fikirləri Qərb üçün maraqlıdır. F. Qəhrəmanlının “Facebook”-da yazdığı bu fikirlər Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını narazı salıb və qarşıdurma virtual olaraq yenidən başlayıb.

A. Hacılı Ə. Kərimlinin müavininə müraciət edib: “Görüşdə iştirak edən digərləri iqtidarın dostudurmu deyirsiniz?”.

O qeyd edib ki, İsa Qəmbərin seçkilərin nəticələrinə etiraz edən 1000 tərəfdarı həbsə düşüb, meydanda açıq döyüşüb, 141 nəfər ən yaxın silahdaşı isə uzun müddət həbsdə olub.

AXCP funksioneri polemikanı davam etdirib: “Arif bəy, məncə siz istəyirsiniz, mən deyim ki, İsa bəy nəinki meydanda döyüşmədi, meydana çıxmış tərəfdarlarını başsız buraxıb düz iki aya yaxın evdən çölə çıxmadı. Heç İsa bəy özü də həmin vaxtlarda meydana çıxmağını iddia etmədiyi, hətta bunun səbəbləri barədə zamanı gələndə danışacağını dediyi halda, məsələni bu şəkildə qoymaqla İsa bəyin lazım olan zaman meydanda olmadığını yenidən gündəmə gətirirsiniz? Görünür, İsa bəyin hələ də başqanlıqda qalması sizin səbir kasanızı daşırdığı üçün fənd işlədib rəqibin əli ilə başqanı vurdurmaq istəyirsiniz”.

Arif Hacılı: “Bu yalnız İsa bəyin, Müsavatın mübarizəsi deyildi və deyil. İsa bəy sizin də müqavimətinizə rəğmən, seçkilərdə qalib gəlmişdi. Siz ki, belə yeganəsiniz, bəs harada idiniz? Mən Sizdən fərqli olaraq heç kəsin fəaliyyətinə kölgə salmaq niyyətində deyiləm. Amma birbaşa döyüşən adamlar haqqında danışarkən məsuliyyətli olun”.

A. Hacılının bu fikirlərinə qəzəblənən F. Qəhrəmanlı: “Arif bəy bilmirəm, sizdə haradan o fikir formalaşıb ki, bizə məsuliyyətli olmaq barədə məsləhət verə bilərsiniz. Ancaq hər halda sizin belə bir istəyiniz varsa, o zaman özünüzü təkmilləşdirmək üçün AXCP rəhbərliyində təmsil olunan intellektualların yardımından istifadə edə bilərsiniz. Hər halda təmsilçisi olunduğunuz partiyanın hazırkı durumuna diqqət yetirəndə sizin məsləhətçi kimi çıxış etməyiniz özünüzə qarşı anti-reklam kimi görünür. Bunu da dost məsləhəti sayın. Siz sual verdiniz ki, nəyə görə mən belə hesab edirəm, mən də fikrimi sizə izah etdim. Bu qədər. Arif bəy sizi belə aqressiv görəndə inanın ki, təəssüflənirəm. Axı siz başqan olmaq istəyirsiniz, özü də yüz illik partiyanın başqanı. Bu elə belə iş deyil, gərək təmkinli və müdrik olasınız. Ancaq siz bu keyfiyyətləri göstərmək yerinə, polemikada nəinki arqument, heç hövsələ də göstərə bilmirsiniz. Bəlkə elə bu xarakterinizə görədir ki, İsa bəy sizi qeyri-müəyyən müddətə gözlədir. Ümid edir ki, nə zamansa gənclərdən yeni bir namizəd yetişər bəlkə. Əslində sizi anlayıram, partiyadakı uğursuzluğun yaratdığı kompleksi indi hamıya məsləhət verməklə aşmaq istəyirsiniz. Buna ehtiyac yoxdur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm