
REAL Məclis başqanı Erkin Qədirlini vəzifəsindən kənarlaşdırdı və ona 3 ay danışmaq qadağası qoydu. E. Qədirlidən sonra həmin vəzifəyə kimin gətiriləcəyi maraqlıdır.
Bu barədə Publika.Az-a danışan hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, hazırda buna ehtiyac yoxdur: “Çünki biz partiyalaşma işini aparırıq, buna görə də yeni strukturlar formalaşır. Yeni strukturlar formalaşdıqdan sonra Məclisə seçkilər keçiriləcək və daha sonra Məclis üzvləri arasından başqan seçiləcək. Erkin bəy bu vəzifəni seçki yolu ilə tutmamışdı. O, İdarə Heyətinin qərarı ilə təyin olunmuşdu. Yəni bu təyinatlı vəzifə idi. Məclisin əsas vəzifəsi isə proqramların hazırlanaraq İdarə Heyətinə təqdim edilməsi, bəzi məsləhətlər verilməsi idi. Artıq proqramlar hazırlanıb və mediada da çap olunub. Bu həftənin sonu proqramımızın kitab şəkilində təqdimatı olacaq. Buna görə hazırda Məclis başqalığına yenidən təyinatın olmasına ehtiyac yoxdur”.
N. Cəfərli qeyd edib ki, yeni strukturlara keçiriləcək
seçkilərdə Erkin Qədirli də namizədliyini verə bilər.
“İdarə Heyəti ona sadəcə 3 aylıq müddətdə hərəkatın adından
açıqlama verməyi qadağan edib. Amma o bizimlədir və qurumda
fəaliyyətini davam etdirir. Bundan sonra bütün seçkilərdə
namizədliyini irəli sürə və seçkili orqanlarda təmsil oluna
biləcək”-deyə o vurğulayıb.
Asif