• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Əli Həsənov: "Azərbaycan tam müstəqil siyasət yürüdən dövlətdir"

  • Nida.az
  • 14 May 2014 20:29
  • 868 Baxış
Əli Həsənov: "Azərbaycan tam müstəqil siyasət yürüdən dövlətdir"

"Bu gün dünyanın müxtəlif nöqtələrində, nüfuzlu beynəlxalq qurumlarda, ayrı-ayrı mötəbər tədbirlərdə Azərbaycanın inkişaf modeli, Azərbaycan nümunəsi, "Azərbaycan fenomeni" haqqında çox danışılır. Hesab edirəm ki, bunun əsasında ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış ideya-siyasi xəttin, inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zənginləşdirilərək, müasir dövrün reallıqları, inkişaf meyilləri nəzərə alınmaqla, konseptual şəkildə, konkret proqramlar əsasında uğurla davam etdirilməsi amili durur".

Bunu "The Business Year: Azerbaijan - 2014" nəşrinin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında deyib.

PA rəsmisi bildirib ki, cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın identikliyi, özünəməxsus cəhətləri sürətlə inkişaf etdirildi və bütün dünyaya təqdim olundu: "Məlum olduğu kimi, 2013-cü ildə "The Business Year" şirkəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dünyada "İlin Prezidenti" elan etmişdir. Bunun başlıca səbəbləri dövlət başçısının son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk "Azerspace" telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələr, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri olmuşdur. Göründüyü kimi, göstərilən səbəblərin hər biri Azərbaycanın müasir tarixində ölkəmizin identikliyini şərtləndirən vacib amillərdir".

Ə.Həsənov bu gün milli nümunə, milli identiklik barədə danışarkən 6 istiqaməti əsas götürür.

PA rəsmisinin sözlərinə görə, birinci istiqamət odur ki, Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir: "Bunun bariz nümunəsi kimi, 2012-ci ildə Azərbaycanın güclü rəqabət şəraitində, ciddi maneçilik cəhdlərini dəf edərək, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etmək hüququ qazanmasını göstərmək olar. Azərbaycan bu qurumda iki illik fəaliyyəti ilə təsdiq etdi ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, tam müstəqil siyasət yürüdən hər bir dövlət öz nümunəsini ortaya qoya və dünyada humanist dəyərlərin, ədalət prinsipinin, sülh və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfələr verə bilər. Deməli, tam müstəqil siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin öz səsi, mövqeyi olan, rəyinə hörmətlə yanaşılan nüfuzlu subyektinə çevrilmişdir ki, bu da cəmi 20 ildir dövlət müstəqilliyini əldə etmiş bir ölkə üçün çox böyük uğur hesab oluna bilər".

Ə.Həsənovun fikrincə, ikincisi istiqamət ondan ibarətdir ki, 2003-cü ildən başlayaraq sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan həm də dünyaya özünün yeni inkişaf modelini təqdim etdi: "Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artdı, yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi, yeni sosial-iqtisadi infrastruktur formalaşdırıldı, cəmiyyətimiz, ölkəmiz müasirləşdi. Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrildi, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynamağa başladı, öz peykini orbitə çıxararaq kosmik klubun üzvü oldu. Azərbaycan öz təcrübəsi ilə bütün dünyaya göstərdi ki, ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşı olan kiçik bir dövlət belə, ağıllı, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya nəhənglərinin iqtisadi tənəzzüldən əziyyət çəkdiyi bir dövrdə qibtə olunacaq inkişaf və tərəqqiyə imza ata bilər. Azərbaycan həm də dünyaya səs salan şirkətləri, brendləri ilə tanındı. Bu gün Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq yatırım edən, Avropanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemində, ciddi rəqabət şəraitində özünə mövqe qazanmış SOCAR dünyanın BP, Statoil, Chevron və digər transmilli enerji nəhəngləri ilə bir sırada dayanır".

PA rəsmisi bildirib ki, "ASAN xidmət" məhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir: "Eləcə də "The Buisness Year" tərəfindən fəaliyyəti qiymətləndirilən və rəhbərləri bugünkü tədbirə qatılmış çoxsaylı şirkətlərimiz dünyanın nüfuzlu biznes dairələrində öz adları ilə, eyni zamanda, Azərbaycanın brendi kimi tanınır, ölkəmizi layiqincə təmsil edirlər. Deməli, Azərbaycan həm özünün inkişaf nümunəsi, həm də brendləri ilə dünyada tanınan bir ölkəyə çevrilmişdir. Məhz bu fenomenal inkişafın nəticəsi idi ki, ölkəmizin daimi iştirakçısı olduğu Davos İqtisadi Forumu 2013-cü ildə Azərbaycanda keçirildi və bu mötəbər qurum Azərbaycanın inkişaf nümunəsini öyrənməyə başladı".

Üçüncü istiqamətə toxunan Ə.Həsənov bildirib ki, son 10 ildə Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilərək bütün dünyaya öz tolerantlıq, humanizm nümunəsini təqdim edir: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhəri bu gün Avrasiya məkanında beynəlxalq humanitar mərkəz statusu qazanmışdır. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi ən nadir tolerantlıq məkanı kimi bütün dünyada tanınır və qəbul edilir. Təbii ki, Azərbaycanın bu identikliyini şərtləndirən ən başlıca amil ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının bütün Azərbaycan vətəndaşlarının düşüncəsinə hakim kəsilməsi və milli vətəndaş birliyini möhkəmləndirməsidir. Bu sahədə Heydər Əliyev Fondunun və onun rəhbəri, Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə həm Azərbaycan cəmiyyətində, həm də dünyada böyük nüfuz və etimad qazanmışdır. Heydər Əliyev Fondu öz humanitar missiyası ilə milli və qlobal müstəvidə olduqca vacib məsələlərin həllinə özünəməxsus yenilik gətirdi ki, bu da, əlbəttə, növbəti Azərbaycan nümunəsi kimi səciyyələndirilməlidir. Buna görə də "The Business Year" şirkəti Mehriban xanım Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görmüşdür".

Dördüncü istiqamət barədə məlumat verən PA rəsmisi qeyd edib ki, ötən illər ərzində Azərbaycanda Olimpiya hərəkatı geniş vüsət aldı, nəhəng, müasir idman infrastrukturları yaradıldı, idmançılarımız dünyanın müxtəlif nöqtələrində keçirilən mühüm beynəlxalq yarışlarda böyük uğurlara imza atdılar: "2012-ci il London olimpiadasında Azərbaycan 2-si qızıl olmaqla 10 medal qazanaraq bütün iştirakçı ölkələr arasında 30-cu, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutdu. Eyni zamanda, bu illər ərzində ölkəmiz bir çox beynəlxalq turnirlərə ev sahibliyi edərək böyük təcrübə qazandı. Azərbaycan qısa zaman kəsiyində bu sahədə də yeni nümunə ortaya qoydu və sübut etdi ki, ən nəhəng tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarındadır. Hesab edirəm ki, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə tarixdə ilk dəfə l Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı bu inkişaf nümunəsinin Avropa ictimaiyyəti tərəfindən qəbul edilməsinin məntiqi nəticəsidir. Onu da etiraf etməliyik ki, 2000-ci illərin əvvəlində Azərbaycanda ilk Olimpiya kompleksinin təməli qoyulanda 10 il sonra ölkəmizin belə böyük nailiyyətə imza atacağını ehtimal etmək çətin idi".

Ə.Həsənovun sözlərinə görə, beşinci istiqamət ondan ibarətdir ki, Azərbaycan hazırda regional və qlobal səviyyəli mərkəzə çevrilmişdir: "Məlumdur ki, Şərqin və Qərbin kəsişməsində yerləşən Azərbaycan olduqca əlverişli coğrafi və geostrateji əhəmiyyətə malik ölkədir. Ancaq tarixən biz bu üstünlüyümüzdən milli mənafelərimiz, xalqımızın maraqları naminə lazımi səviyyədə istifadə edə bilməmişdik. Məhz ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra enerji amili ilə yanaşı, bu faktor da Azərbaycanın reallaşdırdığı siyasi kursun əsas rıçaqlarından birinə çevrildi. Son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional və qlobal mərkəz statusunu qazandı. Bu gün Azərbaycanın rəyi və mövqeyi nəzərə alınmadan Cənubi Qafqaz regionunda hər hansı layihənin reallaşdırılması mümkün deyildir. Bütün böyük regional layihələrin təşəbbüskarı və əsas icraçısı da məhz Azərbaycandır. Ölkəmiz siyasi, iqtisadi, mədəni, idman və digər sahələr üzrə mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Göründüyü kimi, müstəqillik dövründə həm enerji, həm də coğrafi və geostrateji amillər Azərbaycanın milli maraqlarına xidmət etməyə başlamış və xalqımıza, milli dövlətçiliyimizə olduqca böyük dividentlər gətirmişdir".

Sonuncu altıncı istiqamət haqqında danışan Ə.Həsənov bildirib ki, müstəqillik illərində Azərbaycanda enerji resurslarının ixracından əldə olunan gəlirlərin istifadə taktikası müəyyənləşdirildi, əldə olunan gəlirlər milli inkişafa, Azərbaycan xalqının rifahının yüksəlməsinə yönəldildi: "Neft kapitalının insan kapitalına çevrilməsi, gələcək nəsillərin yetişdirilməsi, onlarda ölkənin gələcəyinə sahiblik hissinin tərbiyə edilməsi siyasəti uğurla reallaşdırılmağa başladı. Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, həyata keçirdiyi gənclər və təhsil siyasəti hazırda bir milli nümunə kimi bütün xarici aləmin diqqətini cəlb edir".

PA rəsmisi qeyd edib ki, beləliklə, 20 illik müstəqillik dövründə, xüsusən də cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açıldı: "Bu gün nüfuzlu beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, araşdırma mərkəzlərinin, medianın diqqətini ölkəmizə çəkən də məhz bu amildir. "The Buisness Year" şirkətinin 4 ildir ardıcıl olaraq Azərbaycanla əməkdaşlığının əsasında da məhz bu nümunəni dünyaya daha yaxından tanıtmaq məqsədi dayanır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR