• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bahar Muradova: “Münaqişənin həllini tezləşdirməyə məcburdurlar”

  • Nida.az
  • 15 May 2014 16:10
  • 420 Baxış
Bahar Muradova: “Münaqişənin həllini tezləşdirməyə məcburdurlar”

Milli Məclis sədrinin müavini, ATƏT PA-a Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Publika.Az-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsində son prosesləri şərh edib.


- Fransa prezidentinin Cənubi Qafqaza səfəri və Dağlıq Qarabağla bağlı verdiyi mesajlar münaqişənin həllində irəliyə doğru addımların atılacağı qənaətini yaradırmı?

- Fransa Minsk qrupunun həmsədri olan ölkədir. O cümlədən, BMT Təhlükəsizlik Şurasının üzvü, Avropanın irəlidə gedən iqtisadi gücü və demokratik ölkə olması baxımından, Fransua Ollandın Azərbaycana səfəri əhəmiyyətli hadisədir. Bu ikitərəfli və çoxtərəfli münasibətlərə öz təsirini göstərəcək. Görüş yüksək səviyyədə keçdi. Müxtəlif sahələr üzrə müqavilələr imzalandı. Bu əməkdaşlığın səviyyəsini qaldıracaq. Təbii ki, bu məsələlər içində ən önəmlisi Dağlı Qarabağ münaqişəsi üzrə həmsədr ölkə kimi Fransanın münaqişəyə münasibəti və qarşıdakı zamanda hansı təkliflərlə çıxış edəcəyi idi. Bu suallar da Ollanda ünvanlandı, bəzi suallara müvafiq cavablar verildi.

Əlbəttə ki, onun Ermənistanda da münaqişə ilə bağlı səsləndirdiyi fikirləri, hər iki ölkənin prezidentlərinin görüşünü təşkil edəcəyi barədə dedikləri də maraqlıdır. Qarşıda bu işlərin necə həyata keçiriləcəyini izləyəcəyik. Sülh tədbirlərini Fransa öz imkanı daxilində həyata keçirmək istəyirsə, etsin. Amma əsas münasibət problemin həllinə beynəlxalq hüququn prinsipləri çərçivəsinə göstərəcəyi münasibət olacaq. Burda ədalətli yanaşma özünü biruzə verməlidir. Mənə elə gəlir ki, səfər zamanı Azərbaycanla yaxın tanışlıq, eyni zamanda üç Cənubi Qafqaz ölkəsinə səfərdə olması bu ölkələrin vəziyyəti, problemləri və bundan çıxış yolları ilə bağlı Fransanın mövqeyini dəqiqləşdirməyə imkan verəcək. Ən azı bunun olacağını düşünürəm.

Yox, əgər Azərbaycanın Qafqaz, region və Avropa üçün önəmini ən yüksək səviyyədə qeyd edib, sonra bu önəmin artmasına mane olan problemin qaradan qaldırılmasında öz imkanlarından istifadə etməmək düzgün olmazdı. Hesab edirəm ki, Olland bu məsələni kifayət qədər aydın dərk edir.

-Belə ehtimallar var ki, Ukrayna böhranından sonra ABŞ və Qərb Dağlıq Qarabağ probleminin həllinə maksimum çalışacaq. Fransa prezidentinin regiona səfəri də buna hesablanıb.

- Ukraynadan sonra nəinki bölgədə, eləcə də bütün dünyada münasibətlərin dəyişdiyini hər kəs vurğulayır. İctimai-siyasi proseslərdə tamamilə yeni tendensiyalar meydana gəlib. Vaxtilə bu kimi məsələlərə göstərilən münasibətləri zahirən görünən çeviklik əvəz etməyə başlayır. Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi bir qədər də ATƏT rəsmilərinin, həmsədr ölkələrin, beynəlxalq təşkilatların müxtəlif ranqlı nümayəndələrinin açıqlamalarında özünü göstərir. Xüsusilə beynəlxalq prinsiplərə uyğun olaraq ölkələrin ərazi bütövlüyünün vacibliyi vurğulanır. Uzun illərdir Azərbaycan bu mövqeyi sərgiləyirdi və çalışırdı ki, bu və ya digər beynəlxalq təşkilatlarda qəbul edilən sənədlərdə bu prinsiplərin ardıcıllığı öz əksini tapsın. Lakin çox vaxt bu gün həmin məsələni qabardan dairələr tərəfindən məhdudiyyətlərlə qarşılaşırdıq.
Bu gün real vəziyyət elədir ki, onlar məsələni açıq şəkildə deməyə, münaqişənin həllini tezləşdirməyə məcburdurlar.

Mən çox istərdim ki, bu məsələ Fransanın və ABŞ-ın göstərdiyi fəallıq sadəcə fəallıq olmayaydı. Bu fəallıqda konkret fəaliyyətlər özünü göstərəydi. Bu fəaliyyətlər ayrı-ayrı ölkələrin üstünlük əldə etməsi məqsədi ilə apardığı kampaniya ilə yox, həmsədr ölkələrin, o cümlədən Minsk qrupu ölkələrinin imkanlarını koordinasiya edərək məsələnin həllinə yönəlik fəaliyyət olaydı. O zaman bu, təsirli vasitəyə çevrilə və məsələni durğunluq nöqtəsindən tərpətməyə imkan verərdi. Əks təqdirdə biz dəfələrlə ayrı-ayrı ölkələrin fəallığının şahidi olmuşuq. Birinin fəallığı, digərinin susqunluğu fonunda heç bir nəticə verməyəcək. Əlbəttə çox istərdik ki, Minsk qrupu bütövlükdə bu məsələ ilə əlaqədar fəal mövqe sərgiləməklə yanaşı, konkret addımlar atmaqda da israrlı olaydı.

- Qeyd etdiyiniz kimi Fransa və ABŞ-ın fəallığı görünür, amma bu sözləri Rusiya ilə bağlı demək çətindir. Bu nə ilə bağlı ola bilər?

- Amerika və Fransanın passiv olduğu zamanlarda da Rusiya həddindən artıq fəal idi. Onun fəallığının, digərlərinin isə susqunluğunu olduğu zamanda bu heç bir nəticə vermədi. Ona görə mövcud vəziyyəti nəzərə almaq lazımdır. Mövcud vəziyyətin özü bütün tərəfləri, Minsk qrupunun həmsədrlərini əlaqəli, koordinasiya olunmuş fəaliyyət göstərməyə sövq edir. Əks təqdirdə bu dünyanın nələr gözlədiyini proqnozlaşdırmaq mümkün deyil.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR