Silahlı qruplaşmalardan dövlətə qarşı istifadəyə görə cəzalar sərtləşdirilir
Bizi izləyin

Nida.az

Silahlı qruplaşmalardan dövlətə qarşı istifadəyə görə cəzalar sərtləşdirilir

Silahlı qruplşmalardan dövlətə qarşı istifadəyə görə cəzalar sərtləşdirilir

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, komitənin sədri Əli Hüseynli gündəliyə doqquz məsələnin daxil edildiyini bildirib.

Öncə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlə bağlı məlumat dinlənilib. Müzakirə zamanı deputatlar Əlavələrlə birgə 25 maddədən ibarət olan həmin sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər və Milli Məclisdə ratifikasiyasını vacib sayıblar.
Komitədə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalının təsisi ilə əlaqədar Əsasnamə müzakirə olunub. Bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliyin edilməsi məqsədəuyğun sayılıb.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər isə şəxsiyyət, cəmiyyət və dövlət əleyhinə ağır cinayət törətmiş şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə əlaqədardır. Layihəyə əsasən, təcavüzkar müharibənin hazırlanması, başlanması və aparılması, soyqırımı, milli, dini və irqi ayrı-seçkilik, dövlətə xəyanət, casusluq, terrorçuluq, silahlı qiyam, təxribat, dövlət xadiminə və ya ictimai xadimə qarşı sui-qəsd, zorlama və digər ağır cinayət növləri üzrə cəzaların yuxarı həddi artırılacaq.

Məlumat verilib ki, məcəllənin 66.3 maddəsinə “cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya 20 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir” məzmununda cümlə artırılır.

Gündəlikdəki digər məsələlərin şərhi zamanı məlumat verilib ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində suyun qeyri-qanuni istifadəsi ilə əlaqədar cərimələrin artırılması nəzərdə tutulur.
Deputatlar qanunvericilik aktlarının uyğunlaşdırılması baxımından “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini də məqbul sayıblar.

Ətraflı fikir mübadiləsində komitə sədrinin müavini Rövşən Rzayev, deputatlar Azay Quliyev, Çingiz Qənizadə, Rafael Cəbrayılov, Mübariz Qurbanlı rəy və təkliflərini bildiriblər. Müzakirəyə çıxarılmış qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm