Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - YENİLƏNİB
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri mayın 19-da başa çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri mayın 19-da başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Yenilənmə

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Nquyen Sinh Hanq ilə görüşü olmuşdur.

Görüşdə Milli Assambleyanın sədri Nquyen Sinh Hanq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının böyük uğurlara nail olduğunu deyən Nquyen Sinh Hanq bu münasibətlə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin vaxtilə Azərbaycana, ulu öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama etdiyi tarixi səfərləri xatırlatdı. Münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda təhsil almış Vyetnam vətəndaşlarının ölkələrimiz arasında münasibətlərin inkişafında xüsusi rol oynadığını qeyd etdi. Azərbaycan parlamentində Vyetnam ilə dostluq qrupunun fəaliyyət göstərdiyini, Vyetnamda Azərbaycan səfirliyinin açıldığını deyən Prezident İlham Əliyev bütün bunların ikitərəfli əməkdaşlığın genişlənməsinə imkan yaratdığını bildirdi.

Görüşdə ölkələrimiz arasında möhkəm dostluq əlaqələrinin münasibətlərimizin bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Yenilənmə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ilə görüşmüşdür.

Görüşdə Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin genişlənməsində yeni səhifə açacağını vurğuladı.

Sovetlər dönəmində Azərbaycan xalqının Vyetnamın müstəqilliyinin qorunmasına töhfə verdiyini deyən Nquyen Phu Tronq kadr hazırlığı istiqamətində həyata keçirilən işlərdən danışdı, Azərbaycanda hazırlanan kadrların Vyetnamda neft-qaz sektorunun inkişafına yardım etdiyini bildirdi. Baş katib Azərbaycanda sabitliyin və inkişafın təmin olunması, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirdi və bunun ölkəmizin inkişafı baxımından önəmini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan-Vyetnam əlaqələrinin böyük tarixi olduğunu deyərək münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da inkişafı üçün böyük potensialın olduğunu qeyd etdi.

Azərbaycan Prezidenti partiyalararası əməkdaşlıq məsələlərinə toxunaraq Yeni Azərbaycan Partiyası ilə Vyetnam Sosialist Respublikası Kommunist Partiyası arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğuladı.

Görüşdə dövlətimizin başçısı torpaqlarımızın işğalı ilə müşayiət olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Yenilənmə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Vyetnam Sosialist Respublikasının Baş naziri Nquyen Tan Danq ilə görüşmüşdür.

Görüşdə Baş nazir Nquyen Tan Danq bu səfərin ikitərəfli əlaqələrimizin yeni inkişaf səviyyəsinə çatmasında böyük əhəmiyyət daşıdığını bildirdi. Səfər çərçivəsində səmərəli görüşlərin keçirildiyini deyən Nquyen Tan Danq Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın qazandığı nailiyyətlərdən məmnunluğunu ifadə etdi.

Azərbaycan ilə Vyetnam arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini deyən Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq qurduqlarını vurğuladı. Nquyen Tan Danq iqtisadi əlaqələrimizin daha da inkişaf etdirilməsi, xüsusilə də investisiyaların qoyulması üçün yaxşı potensialın olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi, iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artırılması üçün konkret addımların atılmasının vacibliyini bildirdi.

Bununla bağlı ölkələrimiz arasında iqtisadi əlaqələrin strukturu və formalarının genişləndirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, investisiyaların qoyulması, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu vurğulayaraq bu sahələrdə əlaqələrin genişlənəcəyinə, dövlət səfərinin bu prosesə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm