AŞPA həmməruzəçiləri parlament partiyalarıyla görüşüb
Bizi izləyin

Nida.az

AŞPA həmməruzəçiləri parlament partiyalarıyla görüşüb

AŞPA həmməruzəçiləri parlamentdə təmsil olunan partiyalarla görüşüb

Bu gün Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə komitəsinin (Monitorinq komitəsi) həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexlə görüşü olub.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Milli Məclisin tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir: “Parlamentdə 10-a yaxın siyasi partiya təmsil olunur”.

O, qonağa parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığı barədə məlumat verib. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla əlaqələrin daha da inkişaf etməsinə tərəfdar olduğumuzdan danışıb.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxışlarında onları düşündürən məsələlərdən və ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən danışıblar. Məlumat verilib ki, 20 ildən artıqdır ki, davam edən münaqişə bütün regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır.

Qeyd olunub ki, Azərbaycanın Venesiya Komissiyası və Avropa Şurasının digər təsisatları ilə qarşılıqlı əməkdaşlığı yüksək səviyyədədir. Parlamentdə qanun layihələri hazırlanarkən bu qurumlardan gələn bütün təkliflərə həssaslıqla yanaşılır.

Pedro Aqramunt Azərbaycanda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirib. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirib ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmməruzəçilərin sualları cavablandırılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm