• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda dövlət sirri ilə bağlı yeni qadağa

  • Nida.az
  • 21 May 2014 10:04
  • 472 Baxış
Azərbaycanda dövlət sirri ilə bağlı yeni qadağa

Azərbaycanda "Dövlət sirri haqqında" qanuna ediləcək dəyişikliyə görə, xarici ölkədə daimi yaşayan vəzifəli şəxs və ya vətəndaş dövlət sirri ilə işləməyə buraxılmayacaq.

Milli Məclisdən bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə "Dövlət sirri haqqında" qanunda dəyişikliklərin edilməsi barədə" qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib.

Qanunun 23-cü maddəsində (Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar) bir sıra əlavə və dəyişikliklər edilib.

Belə ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilən (məhkumluğun ödənilməsi və ya götürülməsindən asılı olmayaraq), bu qanunun 23.1.2-ci maddəsində göstərilən cinayətlərə görə Cinayət-Prossesual Məcəlləsinə uyğun olaraq tutulan və ya barəsində hər hansı qətimkan tədbiri seçilən (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək) vəzifəli şəxs və ya vətəndaş dövlət sirri ilə işləməyə buraxılmayacaq.

Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəlikləri olan, xarici ölkələrdə daimi yaşayan, Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edən vəzifəli şəxs və ya vətəndaş dövlət sirri ilə işləməyə buraxılmayacaq.

Bundan əlavə, yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycanın təhlükəsizliyi üçün qorxu yaradan hərəkətlərinin aşkara çıxması, yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas hesab ediləcək.

Qanuna əlavə edilən 23.3-cü maddəyə görə, dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər hansı vəzifəli şəxs və ya vətəndaşların mərkəzləşdirilmiş uçotunun aparılması və məlumat bazasının yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR