Mübariz Qurbanlı: “Avropa üzrxahlıq etməyə məcbur olacaq”
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlı: “Avropa üzrxahlıq etməyə məcbur olacaq”

Mübariz Qurbanlı: “Avropa üzrxahlıq etməyə məcbur olacaq”

“Qərb ölkələri korrupsiyadan çox danışsa da, korrupsiyanın ən çox yayıldığı məkan da elə bu ölkələrin özüdür”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.az-a açıqlamasında Avropa İttifaqı ölkələrində 120 milyard dollarlıq korrupsiyanın olması ilə bağlı yayılan hesabata münasibət bildirərkən deyib.

M. Qurbanlı BMT-nin Korrupsiya əleyhinə mübarizə komissiyasının ötənilki hesabatına diqqət çəkib. Bildirib ki, komissiyanın 2013-cü il hesabatında dünyada 1 trilyon dollar korrupsiya pullarının fırlandığı göstərilirdi: “Həmin məbləğin 85 faizinin Qərb ölkələri və ABŞ-a aid olduğu deyilirdi. Bu, onu göstərir ki, korrupsiyanın daha geniş vüsət aldığı məkan Qərb ölkələri və ABŞ-dır. Lakin buna baxmayaraq, onlar korrupsiya adı altında başqa ölkələrə təzyiq etməyə çalışırlar. Avropa İttifaqında yayılmış məlumatlar və bu cür faktlar korrupsiyanın əslində Qərbdə kök atdığını göstərir”.

M, Qurbanlı qeyd edib ki, Qərbdə də korrupsiya bəlasına qarşı mübarizə aparılır.“Lakin öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranlar nəticədə belə faktlarla üz-üzə qalırlar. Başqalarına dərs keçmək istəyənlər indi özlərində belə biabırçı faktı görərək, yəqin ki, dərs vermək istədiklərinin qarşısında üzrxahlıq etmək məcburiyyətində qalacaqlar. Eləcə də Azərbaycandan üzrxahlıq etməyə məcbur olacaqlar”,deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) rəsmi strukturlarında böyük qalmaqal yaşanır. Virtualaz.org saytının məlumatına görə, buna səbəb Aİ-nin daxili siyasət üzrə komissarı Sesiliya Malstremin Brüsseldə təqdim etdiyi hesabatıdır.

Sesiliya Malstrem Aİ tarixində ilk dəfə ittifaq üzvü olan ölkələrdə korrupsiyanın səviyyəsi ilə bağlı hesabat hazırlayıb. Hesabatda Aİ ölkələrinin korrupsiyadan ildə 120 milyard avro itirdiyi bildirilir. Hesabatın məzmunu barədə xəbər Moskva İnsan Haqları Bürosunun saytında yerləşdirilib. Sesiliya Malstremin hesabatında göstərilir ki, ittifaqın bütün ölkələrində korrupsiya var. Ancaq Aİ ölkələri arasında ən çox korrupsiyalaşanlar Bolqarıstan, Rumıniya və İtaliyadır.

Hesabatda bildirildiyinə görə, rəyi soruşulan hər 10 avropalı biznesmendən 4-ü bildirib ki, korrupsiya və rüşvət Avropada biznesə ciddi mane olur.

Sənəddə ayrı-ayrı ölkələr üzrə korrupsiya hallarına dair misallar göstərilir. Bildirilir ki, sahibkarlar bələdiyyə məmurlarına rüşvət vermədən iş görə bilmirlər.

“Köhnə dünya” sakinlərinin 76 faizi hesab edir ki, korrupsiya Aİ-də geniş yayılıb. 56 faiz hesab edir ki, son üç ildə onun ölkəsində korrupsiyanın səviyyəsi yüksəlib. Aİ sakinlərindən hər 12 nəfərindən 1-i şəxsən korrupsiya sövdələşməsinin iştirakçısı olub və ya belə sövdələşmədən xəbərdardır.

Aİ ölkələrində korrupsiyaya qarşı sərt qanunlar olsa da, hesabata əsasən bu qanunlar heç də həmişə işləmir. Hüquq-mühafizə orqanlarının isə korrupsiya ilə mübarizə üçün yetərli imkanları yoxdur. Bir çox ölkələrdə isə korrupsiyaya qarşı mübarizə üçün siyasi iradə mövcud deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm